Bağla

İri döşlər və südün iti axını ilə əmizdirmə

Çox böyük yalnışlıqla əksər qadınlar düşünürlər ki, iri döşlər əmizdirmək üçün daha uyğundur, daha asandır, iri döşlərdə süd daha çox olur – bunlar hamısı əslində əsası olmayan yanlış təsəvvürlərdir və reallığa daha az uyğun gəlir. Əslində isə iri döşlər laktasiya dövründə əmizdirmənin rahatlığına kifayət qədər problem yaradan döşlərdir.

Limfadrenaj tədbilər

İlk olaraq qeyd edək ki, döşlərin ölçüsü körpəyə döşü götürməkdə, döşü idarə etməkdə daha narahatdır. Bundan əlavə olaraq hüceyrəarası mayenin toplanması halı iri döşlərə daha xasdır, bu isə əlavə limfadrenaj hərəkətlərinə əsas verir. Bu hərəkətləri edirlər ki, döş yumşalsın, boşalsın və ondan sonra əmizdirmə həyata keçirilsin. Limfa sisteminin əmizdirmədə rolu haqqında ətraflı məqaləmizdə oxuya bilərsiniz.

Qeyd edim ki, məhz həmin hüceyrəarası mayeni əksər hallarda süd kimi interpretasiya edirlər, yəni döşlərdə hüceyrəarası toplanan mayeni döşlərdə toplanan süd kimi anlayırlar. Əslində isə bu tamamilə belə deyil və effektiv əmizdirməni həyata keçirmək üçün o mayeni qovmaq gərəkli olur. Döşlərdə şişkinliyi aradan qaldırmaq, dolğunluğu azaltmaq və döşləri körpənin əmməsi üçün yumşaltmaq üçün laktasiya məsləhətçisi Lucy Webber tərəfindən nümayiş olunan limfadrenaj masaj texnikasını izləməyi tövsiyə edirik:

Gilələri yumşaltmaq üçün çevrilmiş təzyiq texnikası

Qayıdaq iri döşlərlə əmizdirmənin effektiv həyata keçirilməsinə. Bunun üçün bir neçə sadə rahat üsul var. Bu tədbirlər iri döşlərdən əmizdirmənin çətinliyini qat-qat aradan qaldıra, həm körpəyə, həm anaya əmizdirmə vaxtı rahatlıq təmin edilə bilir. Südün ifrat toplanmağı körpəyə döşü dərindən götürməyə mane olur. Bu zaman ilk növbədə döşlərə, xüsusən də areolaya, yəni gilənin tünd nahiyyəsinə çevrilmiş təzyiq tətbiq edirik. Çevrilmiş təzyiq areolada olan mayeni qovur və areolanın daha yumşaq və daha boş olmağını təmin edir. Bunun nəticəsində körpə döşü daha dərin götürməyə başlayır. Gilələrə tətbiq olunan çevrilmiş təzyiq texnikasını aşağıdakı videodan izləyə bilərsiniz:

Bükülmüş dəsmal üsulu

Növbəti addım olaraq iri döşlərdən körpənin əmməsini asanlaşdırmaq üçün areolanın qismən yumşaldığını hiss etdikdə körpəni döşə qoymamışdan əvvəl döşün altına dürmələnmiş dəsmal qoyulur. Sual yarana bilər: “Bu dəsmal nə üçündür?” Dəsmal döşə əlavə dəstək verir və döş artıq körpənin üzərinə “tökülmür”. Əksinə dəsmal döşün ağırlığını qismən götürdüyündən körpə daha asan şəkildə döşün ağırlığını idarə edə bilir və əmizdirmə daha rahat, effektiv həyata keçməyə başlayır.

Döşü düzgün tutmaq

İri döşlərlə əmizdirərkən ananın döşü tutmağı, yəni dəstək olmağı mütləqdir. Döşü ya “U” hərfi şəkildə tutmaq olar və yaxud “C” hərfi şəkilində tutmaq məsləhətdir. Döşlərin əmizdirmə zamanı bu cür tutulub saxlanması körpə üçün döşdən daha rahat əmməyə, ana üçün də daha səmərəli və ağrısız əmizdirməyə əsas yaradır.

Bioloji mövqedə əmizdirmə

Arxaya söykənərək və yaxud yarımoturaqlı vəziyyətdə əmizdirməyə bioloji əmizdirmə mövqeyi də deyilir. Bu metoddan həmçinin iri döşlərdən əmizdirmə zamanı da istifadə etmək olar. Döşlər iridirsə, onları saxlamaq və idarə etmək çətindirsə, bu zaman bioloji, yəni yarı uzanıqlı, yarı oturaqlı mövqedə körpəni əmizdirmək çox gözəl üsullardan biridir.

Əgər iri döşlərlə əmizdirməkdə çətinliyiniz varsa, mütləq bu üsulları sınamağı tövsiyə edirik. Təcrübənizdə iri döşlərlə və ya dolğun döşlərlə əmizdirmə kimi təcrübəniz olubsa, məqalənin şərhində təcrübənizi paylaşmağınıza şad olarıq.

Müəllif: Səltənət Zülfüqarova

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram