Limfa Sisteminin Əmizdirmədə Rolu
Əslində əmizdirmə ananın bədənində bir sıra kompleks fizioloji sistemlərin — hormonal, damarlar və limfaların birgə fəaliyyətinin nəticəsidir. Limfa sistemi vasitəsiylə ananın süd vəzilərində maye balansı yaranır, iltihab yaranmasının qarşısı alınır, immun müdafiə təmin edilir. Süd vəzilərində yerləşən limfa damarlar toxumalarda durğunluğun qarşısını almaqla, süd axınının normal davamlılığına şərait yaradır.

Doğuşdan sonrakı dövrdə hormonal dəyişikliklər limfa axınının intensivliyinə təsir göstərir. Limfa dövranının zəifləməsi və ya limfatik drenajın pozulması süd durğunluğu, ödəm və mastit kimi vəziyyətlərə səbəb ola bilər. Buna görə də limfa sisteminin normal fəaliyyəti əmizdirmə fiziologiyasının mühüm tərkib hissəsi hesab olunur.
Süd vəzisinin limfa sistemi həmçinin xəstəliklərin qarşısının alınmasında da əsas rol oynayır. Limfa damarları vasitəsilə süd vəzisindəki toksinlər və artıq maye orqanizmdən uzaqlaşdırılır, eyni zamanda limfa düyünləri vasitəsilə immun cavab formalaşır.
Bu sistemin zədələnməsi və ya axının pozulması hətta onkoloji patologiyalara da gətirib çıxara bilər. Araşdırmalar göstərir ki, limfa yollarının sağlam fəaliyyəti süd vəzilərinin struktur bütövlüyünü və əmizdirmə prosesinin davamlılığını təmin edir.
Bu fizioloji xüsusiyyətlər son illərdə aparılan anatomik araşdırmalarla da təsdiqlənmişdir. Məsələn, Suami və həmkarlarının 2008-ci ildə aparılmış geniş miqyaslı tədqiqat göstərmişdir ki, süd vəzinin limfa sistemi əslində güman edildiyindən daha mürəkkəb və çoxşaxəlidir tək və bir istiqamətə deyil, bir neçə fərqli drenaj yollarına malikdir və bu damarların bir qismi hətta döş toxumasının içindən keçərək qoltuqaltı limfa düyünlərinə çatır. Tədqiqat həmçinin göstərir ki, döş giləsi və areola altında çox sıx limfa kapilyar şəbəkəsi mövcuddur. Bu nahiyədə limfa dövranının yüksək olması, əmizdirmə zamanı kiçik iltihabların qarşısının alınması, çatlamaların daha sürətlə sağalması və südün qalıcı axını üçün mühüm mexanizm hesab edilə bilər. Həmçinin Suami və həmkarlarının araşdırması göstərib ki, hər qadında döşdəki limfa axını eyni cür olmur. Yəni limfa axarlarının hamısı tək bir yerə deyil, bir neçə fərqli limfa düyününə axa bilər. Bu da onu göstərir ki, əmizdirmə zamanı limfa axını döşün müxtəlif hissələrində fərqli olur. Məhz buna görə bəzi qadınlarda tıxanma döşün müəyyən hissəsində daha çox müşahidə olunur.

Ana limfa axınını qorumaq üçün nələr etməlidir?
- Süd vəzilərinin ödəmə və durğunluğa yol verməməsi üçün əmizdirmə və ya sağım vaxtı-vaxtında qədərilə edilməlidir — bu, limfa damarlarının “işini” asanlaşdırır.
- Əmizdirmə sonrası və ya gün ərzində döşü yüngül limfa drenaj üçün yumşaq masaj etmək faydalıdır.
- Dar, sıx büstqalterlərdən və süd vəzisini sıxa biləcək geyimlərdən çəkinmək lazımdır — belə sıxışma limfa axınının pozulmasına səbəb ola bilər.
- Ana üçün kifayət qədər hərəkət və yüngül fiziki aktivlik faydalıdır — yürüş, qol və çiyin ətrafını açan hərəkətlər limfa axınının stimullaşdırılmasına kömək edir.
- Yuxu və istirahət rejiminə diqqət etmək də zəruridir — stress və yorğunluq limfa sisteminin fəaliyyətini zəiflədə bilər
- Əgər döşdə şişkinlik, ağrı, qızartı və ya süd axınında çətinlik varsa — vaxt itirmədən əmizdirmə məsləhətçisi ilə əlaqə saxlamaq və erkən müdaxilə etmək lazımdır.
Müəllif: Həcər Piriyeva
Əmizdirmə məsləhətçisi
