Əmizdirmə Hormonları və Ehtiras Hissi
Qadın orqazmı insan bədənində baş verən ən mürəkkəb və eyni zamanda ən incə fizioloji proseslərdən biridir. Bu hal yalnız fiziki toxunuşla deyil, həm də beyində və sinir sistemində yaranan biokimyəvi reaksiyalarla əlaqədardır. Cinsi stimulyasiya zamanı beyində zövq və emosional mərkəzlər aktivləşir, nəticədə bir sıra hormonların və maddələrin səviyyəsi yüksəlir. Bu maddələr həm bədəndə, həm də ruhda rahatlıq, məmnunluq və yaxınlıq hissi formalaşdırır.
Ən çox aktivləşən maddələrdən biri dofamindir. Bu maddə beyində zövq və məmnunluq hissini yaradır, insanın özünü rahat və xoşbəxt hiss etməsini təmin edir. Digər mühüm maddə oksitosindir. O, yaxınlıq və etibar hissini gücləndirir, eyni zamanda əzələlərdə yığılmaları stimullaşdıraraq orqazmın fiziki tərəfini formalaşdırır. Endorfinlər ağrı hissini azaldır və orqanizmdə dərin rahatlama yaradır, prolaktin hormonu isə orqazmdan sonra yaranan sakitlik və məmnunluq hissini təmin edir. Bu maddələrin birgə təsiri nəticəsində qadın orqanizmində həm fiziki, həm də emosional balans yaranır.
Orqazmın baş verməsi üçün yalnız fiziki təmas kifayət deyil. Qadının özünü rahat, güvənli və dəyərləndirilmiş hiss etməsi çox önəmlidir. Bu vəziyyətdə beyin dofamin və oksitosin ifrazını artırır, nəticədə orqazm prosesi asanlaşır. Əksinə, stress, qorxu və ya narahatlıq kimi hallar kortizol hormonunun səviyyəsini yüksəldir və bu da orqazm mexanizmini zəiflədir. Buna görə də qadın orqazmı həm bədənin, həm də zehinin harmoniyasına əsaslanır.
Süd verən analarda müşahidə edilən bəzi oxşar hisslər də məhz bu hormonların fəaliyyəti ilə bağlıdır. Südvermə zamanı məmə uclarının stimullaşması nəticəsində oksitosin hormonunun ifrazı artır. Oksitosin südün axmasını təmin etməklə yanaşı, anada sakitlik və bəzən həzin bir zövq hissi yarada bilər. Bəzi analar bu hissi dərk etdikdə özlərini narahat və ya günahkar kimi hiss edə bilirlər. Halbuki bu, cinsi istəklə və ya düşüncə ilə bağlı deyil. Bu hal bədənin təbii hormonal reaksiyasıdır və ana bundan ötrü özünü narahat hiss etməməlidir.
Elmi tədqiqatlar göstərir ki, südvermə zamanı beyində orqazm zamanı aktiv olan bəzi mərkəzlər qismən işə düşür. Bu, bədənin eyni hormonlardan – xüsusən oksitosin və endorfinlərdən – istifadə etməsi ilə əlaqədardır. Hormonlar həm südün axımını tənzimləyir, həm də anada uşaqla daha güclü emosional bağ yaradır. Bu hal ananın bədəninin normal və sağlam işləməsinin göstəricisidir. Südvermə zamanı yaranan bu hisslər ana ilə körpə arasında yaxınlığı və sevgi əlaqəsini daha da gücləndirir.
Nəticə etibarilə, qadın orqazmı və südvermə zamanı yaranan oxşar hisslər bir-birindən fərqli məqsədlərə xidmət etsə də, onların təməlində eyni biokimyəvi mexanizmlər dayanır. Hər iki prosesdə bədən təbii şəkildə dofamin, oksitosin, endorfin və prolaktin kimi maddələrin ifrazı ilə cavab verir. Bu dəyişikliklər qadın orqanizminin sağlam və harmonik şəkildə işləməsinin təzahürüdür və heç bir halda narahatlıq və ya günah hissi doğurmamalıdır.
Müəllif: Zivər Eldarova
Ginekoloq