Doğuşdan sonra analar müxtəlif cür ağrılar yaşayırlar. Bunların əksəriyyəti bədənin doğuş kimi gərginlikdən sonra təbii şəkildə özünübərpa əhəmiyyəti daşıyır. Məhz bu zaman yeni ana olmuş qadınların əmizdirmə əsnasında keçirdəcəyi bir neçə sancı növü və onların səbəbləri haqda məlumat vermək istəyirik.

Döş gilələrində sancı (vazospazm). Bəzən analar gilələrinin əmizdirmədən sonra ağardığı müşahidə edirlər. Əksər hallarda ağrılı və ya bəzən ağrısız da ağarma halları olur. Qadınlar bu halı atıcı, yandırıcı sancı kimi təsvir edirlər. Əgər gilə körpə əmizdirilməsini bitirdikdən sonra nomal rənginə və formasına qayıdırsa, burada ciddi bir problem olmamalıdır, sadəcə əmizdirmə mövqeyinə düzəlişlər edilməlidir. Gilənin ağarmasının bir sıra səbəbləri ola bilər:

  •  körpə döşü səthi götürür
  • düzgün əmmir
  • körpə təzyiqlə gələn südü yavaşlatmaq istəyir
  • dilaltı və ya dodaqaltı bağın qısalığı və ya qalınlığı
  • körpədə allergiya
  • körpədə dişləmə refleksi
  • körpənin damaq forması

Gilənin ağarması vazospazma nəticəsində də baş verə bilər. Vazospazma qan damarlarının anidən daralması nəticəsində baş verir və gilələrdə kəskin ağrı yaradır. Bu hal gilələrin zədələnməsi (süd yarası və çatlamış gilələr) səbəbi ilə ola bilər və döş gilələri əmizdirmə bitdikdən qısa müddət sonra ağarmağa başlayır. Soyuq vazospazmanı kəskinləşdirə bilir. Gilələrdə olan yaraları və zədələri aradan qaldırmaqla bu növ sancılardan qurtulmaq mümkündür.

Südün gəlmə sancısı (axma refleksi). Bu refleks bəzi qadınlarda müşahidə olunmaya da bilər. Refleksin olub-olmaması anada südün çoxluğu və ya azlığı haqda heç bir məlumat vermir. Südüngəlməsi ilə döşdə yaranan sancıların bir neçə xassəsi var:

  • Doğuşdan sonda bir neçə həftə hiss edilir və uşaqlığın yığılması sancısı ilə müşayiət olunur.
  • Körpə əmmə formasını dəyişə bilir. Əmizdirilmənin əvvəlində qısa əmmələr etdiyi halda, sona yaxın daha uzun, ritmik və çəkici əmmələr edə bilir.
  • Ana refleks əsnasında sakitlik, rahatlıq, yuxululuq və halsızlıq hiss edə bilər.
  • Ana əmizdirərkən ifrat susuzluq hiss edə bilər.
  • Körpə tez-tez udqunur, udqunma səsləri çıxardır, udqunma güclü olduğundan körpənin qulaq seyvanının xəfif tərpəndiyini müşahidə etmək olur.

Bəzən analar südün gəlişi əsnasında xoşa gəlməz hallar-başağrıları, mənfi emosiyalar, qaşıntı, ürəkbulanması hiss edə bilərlər. Bu hala tibbdə D-MER deyilir. Daha ətraflı  “Analara əziyyət verən D-MER nədir?” məqaləsində.

Südün gəlmə sancısını müəyyən qədər rahatlamaq üçün sancı vaxtı dərindən nəfəs almaq, fikri yayındırmaq, çiyin və kürək massaji almaq, döşü massaj etmək və ya möhkəm tutmaq olar.

Uşaqlığın yığılma sancısı. Əmizdirmə prosesi qana oksitosinin ifrazı nəticəsində uşaqlıqda qəfil sancılara səbəb olur. Əslində bu sancılar doğuşdan sonra qadının uşaqlığının hamiləlikdən öncəki ölçüsünə yığılmasına və doğuşsonrası qanaxmanın azaldılmasına yardım edir. İlk uşaqla yığılma sancıları daha zəif ağrılı hiss edilsə də, növbəti uşaqlarla sancılar daha güclü ağrılı ola bilər. Sadə dil ilə desək, uşaqlıq iri qarpız ölçüsündən portağal ölçüsünə qədər 6 həftə ərzində kiçilməlidir. Adətən əmizdirmə zamanı sancılar ilk 1-2 həftə ərzində hiss edilir. Araşdırmalar göstərir ki, əmizdirən analarda doğuşsonrası qanaxma halları daha yüngül, uşaqlığın yığılması isə daha tez həyata keçir. Əgər sancılar dözüləsi deyilsə, həkim ilə əlaqə qurulmalı və ağrıkəsici dərmanlar barədə məsləhət alınmalıdır.

Hazırladı: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.