Südün Disforik Gəlişi Refleksi (ing. Dysphoric Milk Ejection Reflex, qısaca olaraq D-MER) laktasiya edən qadının əmizdirmə əsnasında qəfil disforiyası və ya sadə dil ilə desək, südün gəlməsindən öncə mənfi emosiyaların bürüdüyü və bunun bir neçə dəqiqə davam etdiyi bir haldır.
Disforiya dedikdə, xoşagəlməz halda olmaq, əhvalsızlıq keçirmək, qəmgin, depressiv, qıcıqlı, rahatsız, ürəksıxılmaları kimi hisslər yaşamaq nəzərdə tutulur. Disforiya eyforiyanın tamamilə əksi kimi qeyd etmək olar.
İlkin araşdırmalar göstərir ki, D-MER hətta kəskin hallarda belə müalicə olunur. Onun əsas səbəbi dopamin hormonunun südün gəlişi refleksi zamanı qeyri-adekvat fəaliyyəti ilə əlaqədardır. Bu refleksi anlamaq üçün bilməliyik ki, süd döşlərə hələ axmamışdan öncə südün gəlişi üçün prolaktin hormonunun səviyyəsi qalxmalıdır. Dopamin hormonu prolaktin hormonunun ifrazına nəzarət etdiyindən, dopaminin səviyyəsi azalmalıdır ki, prolaktinin səviyyəsi qalxsın. Prolaktin artmağa başladıqda dopamin sabitləşməyə başlayır. Bu mexanizm bütün əmizdirən qadınlarda müşahidə olunur.
D-MER-in ətraflı təsviri:
- Ananın hiss etdiyi disforiya südün gəlişindən öncə qəfil şəkildə ananı bürüyür və 30 saniyə-2 dəqiqə vaxtı müddətində öz-özünə keçib gedir.
- Ana südün gəlişi sancılarını hiss etməmişdən öncə disforiyanı hiss etməyə başlayır.
- Adətən ilk süd gəlişi sancısının sonunda ana disforiya hissindən qurtulur.
- Disforiya əmizdirmə prosesinin ilk süd gəlişi refleksi və ya əmizdirmə zamanı bütün süd gəlişləri ilə müşayiət oluna bilər. Bu sözü gedən halın dərəcəsi ilə əlaqədar ola bilər.
- Ana südü sağarkən və ya ümumiyyətlə südün gəlişi sancıları yaşayarkən disforiya hiss edə də bilər, etməyə də. Bu da halın dərəcəsinin kəskinliyi ilə əlaqədar ola bilər.
- D-MER bir refleksdir. O hormonlar tərəfindən idarə olunduğundan, ananın nəzarəti altında deyil. Ana özünü bütün iradəsinə rəğmən bu haldan çıxara bilmir.
- D-MER gilənin qıcıqlanması və ya kontaktı ilə heç bir əlaqəsi yoxdur. Ana hətta əmizdirmə barəsində düşünmədikdə belə disforiya yaşaya bilər.
- Dopamin əhvala təsir edən hormon kimi tanındığından D-MER yaşayan analar onun düşməsinə həssaslıq göstərib disforiya yaşayırlar. Dopaminin düşməsi və sabitləşməsi qısa vaxt ərzində baş verdiyindən analar da disforiyanı qısa müddətdə hiss edirlər.
D-MER anadan-anaya fərqli ola bildiyindən müxtəlif formalara malikdir:
Ümidsizlik D-MER-i,
Rahatsızlıq D-MER-i
Ürəksıxılma D-MER-i
D-MER mülayim, orta və kəskin olmaqla üç cür intensivliyə malik ola bilir. Bu intensivliklər ananın hansı müddətdə normal hala gəlməsindən, südün gəlişi reflekslərinin kəmiyyətindən və digər bir sıra xassələrdən asılı ola bilir.
Mənbə: www.d-mer.org