Talassemiya və laktasiya
Talassemiyanın ana südü istehsalına və körpənin qidalanmasına təsiri.
Talassemiya-irsi qan xəstəliyidir. Bu xəstəlikdə qanın əsas daşıyıcı hissəsi olan hemoqlobin düzgün əmələ gəlmir. Nəticədə insan özünü daim yorğun hiss edir, tez-tez qan azlığı yaşayır və qana ehtiyac duyur. Vaxtında müalicə olunmadıqda, orqanizmdə dəmir yığılır və bu da ürək, qaraciyər, hormonlarda və sümüklərdə problemlər yarada bilir.
Bu xəstəliyi olan qadınlarda əvvəllər hamiləlik və əmizdirmə qeyri-mümkün hesab olunurdu. Lakin müasir tibbin inkişafı nəticəsində talassemiyalı qadınlar indi sağlam şəkildə hamilə qala, uşaq dünyaya gətirə və hətta ana südü ilə əmizdirə bilirlər. Buna görə də talassemiyanın hamiləlik və laktasiya dövrünə təsirinin öyrənilməsi həm ananın sağlamlığı, həm də körpənin inkişafı üçün çox vacibdir.
Hamiləlik və Laktasiya Dövründə Talassemiyanın Xüsusiyyətləri
Talassemiya orqanizmdə dəmirin həddindən artıq yığılması ilə xarakterizə olunduğuna görə, hamiləlik zamanı talassemiyalı qadınlarda qan dövranı və hormon sistemi daha həssas olur. Hamiləlik dövründə körpənin inkişafı üçün qana olan tələbat artır və bu səbəbdən qan köçürülməsi daha tez-tez aparılır. Rutin transfuziya (qan köçürülməsi) nəticəsində dəmir səviyyəsi yüksələ bilər, buna görə hamiləlik müddətində dəmir yükünün nəzarətdə saxlanması xüsusi əhəmiyyət daşıyır.
Doğuşdan sonra başlayan laktasiya dövrü həm ana, həm də körpə üçün mühüm əhəmiyyət kəsb edir. Laktasiya zamanı prolaktin və oksitosin hormonları aktivləşərək süd istehsalını artırır. Talassemiyalı analarda hormonal dəyişikliklər müşahidə olunsa da, araşdırmalar göstərir ki, onların əksəriyyəti əmizdirmə qabiliyyətinə malikdir. Ana südü daha az dəmir tərkibli olduğu üçün talassemiyalı körpələrdə dəmirin artıqlıqla yığılmasının qarşısını alır və immun müdafiəni gücləndirir.
Talassemiyalı körpələrin qidalanmasında ana südünün klinik əhəmiyyəti
Transfuziya-asılı beta-talasemiyalı körpələrdə qidalanma növü (ana südü və ya süni qida) körpənin dəmir yükünə birbaşa təsir edir. Beta-talasemiyada əsas patoloji mexanizm orqanizmdə dəmirin artıqlığıdır və bu, ürək, qaraciyər və endokrin sistem üçün ciddi risk yaradır.
Bu istiqamətdə aparılan tədqiqatlardan biri də — International Breastfeeding Journal (2017) nəşrində dərc olunmuş klinik araşdırmadır. Bu tədqiqatda transfuziya-asılı beta talassemiyalı 60 körpə üç qrupa bölünmüşdür: müstəsna ana südü ilə əmizdirilənlər, yalnız süni qidayla qidalananlar və qarışıq qidalananlar. Araşdırmanın nəticələrinə əsasən, müstəsna ana südü alan körpələrdə serum dəmir və ferritin səviyyəsi süni qidayla qidalananlarla müqayisədə daha aşağı olmuşdur, bu da ana südünün dəmirin həddindən artıq yığılmasının qarşısını ala biləcəyini göstərir. Hərçənd bu fərq statistik cəhətdən əhəmiyyətli olmasa da, müəlliflər ana südünün beta talassemiyalı körpələr üçün daha təhlükəsiz qidalanma üsulu ola biləcəyini bildirmişlər.
Araşdırma nəticələri göstərir ki, talassemiyalı anaların əmizdirməsi nəinki tamamilə mümkündür, həm də potensial müsbət terapevtik təsirə malikdir. Ana südü daha az dəmir tərkibinə malik olsa da, yüksək bioloji mənimsənmə qabiliyyəti ilə zərərli dəmir yüklənməsinin artmasının qarşısını aldığı üçün talessemiyalı körpələrin də ana südüylə qidalana bilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, talassemiyanın laktasiya dövründə xüsusi yanaşma tələb etdiyini və talassemiyalı anaların əmizdirməyə təşviq edilməsinin kliniki fayda verə biləcəyini göstərir.
Talessemiyanın laktasiyaya təsir barədə araşdırmalar mövcud olmasına baxmayaraq hələ də, əlavə tibbi-isbatlı tədqiqatlara ehtiyac duyulmaqdadır. Talassemiyalı qadınlarda laktasiya prosesinin düzgün idarə edilməsi həm ananın sağlamlığının qorunmasına, həm də körpənin həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Bu səbəbdən belə anaların əmizdirməyə təşviqi və mütəmadi tibbi nəzarətdə saxlanılması vacibdir.
Müəllif: Həcər Piriyeva
Əmizdirmə məsləhətçisi