Bağla

Döşdən imtina mexanizmi

Körpələrdə əmmə problemlərinin əsas məqamlarına toxunarkən körpələrin döşdən əmdikdə və süni əmzikdən əmdikdə hansı fərqlərin baş verdiyini izah etməliyik. Adətən əmmə deyəndə borucuq vasitəsi ilə mayeni çəkmək başa düşülür. Qidanı süni əmziklərlə əmdikdə körpənin həqiqətən də mayeni borucuq vasitəli sovurmağına bənzətmək olar. Döşdən südü əmmə isə ağızda turşu lavaşı sovurmaya daha çox bənzəyir. Nəticədə borucuqdan mayeni sovurma ilə turşu lavaşı ağızda sovurmanı xatırlayıb müqayisə etsək, tam fərqli və kifayət qədər mürəkkəb proses olduğunu anlayacayıq.

Körpəyə bir dəfə əmzik verməklə onun döşdən imtina etməsinə əsaslar yarada bilərik, bununla bir çox analar təcrübədə rastlaşıblar. Bu halda əmziyin növünün, qiymət və keyfiyyətinin heç bir fərqi yoxdur- qabaqcıl texnologiya ilə hazırlanan, döşdən əmməni imitasiya edən əmzik olsa belə, əksər hallarda nəticə eyni olacaqdır. Çünki, fərq əmilən predmetdə deyil, əmmənin mexanizminin tamamilə fərqli olmasındadır.

Körpənin döşü əmməyini anlamaq üçün bu təcrübəni evdə hər kəs sınaqdan keçirə bilər: turşu lavaşın bir hissəsini ağzımıza qoyuruq və yuxarı damağımıza yapışdırıb başlayırıq “əmməyə”- bu, demək olar ki, körpənin əmmə prosesi ilə eyni hərəkətlər toplusunu imitasiya edir: dil daha çox hərəkət edir, aşağı çənə tam şəkildə sağ çənə oynağından sol çənə oynağına kimi hərəkətdədir, buxaq və boğaz iştirak etməkdədir. Bundan əlavə əmmə prosesində yanaq və gicgah əzələlərida iştirak edirlər. Hətta turşu lavaşı 3-5 dəqiqədən çox “əmdikdən” sonra boyunda, ənsədə gərginliyin əmələ gəldiyini hiss edəcəksiniz. Körpələr də döşdən süd əmərkən demək olar ki, eynilə sadalanan qrup əzələ və nahiyyələr əmmə prosesinə cəlb edirlər.

Lakin borucuqdan su içəndə, hətta 5-10 dəqiqə də mayeni sovursaq belə dil sabit qalır, sadəcə dirənir və adıçəkilən digər əzələ və nahiyyələrin böyük qismi prosesdə iştirak etmir. Əmzikdən əmmədə ağız əzələləri, çənə, boyun əzələləri passiv olur və körpə bu prosesə ağzının ön hissəni cəlb edir. Buna görə çənə oynaqlarında, üz əzələlərində və s. gərginlikləri olan körpələr adətən asan yolu tapandan sonra artıq döşdən imtina etməyə başlayırlar. Unutmayaq ki, digər tərəfdən də şüşəli əmziyi ağıza dərin götürülməsinə ehtiyac olmadığı üçün süni əmziklərə körpələrin meyllənməsini də anlamaq çətin deyil.

Hazırladı:  Səltənət Zülfüqarova

Əmizdirmə məsləhətçisi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram