Epiziotomiya: ananın bədən, ruh və əmizdirməsinə təsiri
Epiziotomiya vaginal doğuş zamanı, körpənin baş hissəsinin çıxışını asanlaşdırmaq məqsədilə aralıq nahiyəsində (vagina ilə anus arasındakı toxumada) aparılan cərrahi kəsikdir. Bu müdaxilə ilk dəfə doğuşun təhlükəsizliyini artırmaq və kontrolsuz toxuma cırılmalarının qarşısını almaq üçün tətbiq edilsə də, zamanla onun rutində geniş istifadəsi ciddi müzakirələr doğurmuşdur. Müasir elmi ədəbiyyat epiziotomiyanın yalnız tibbi göstəriş olduqda aparılmasının məqsədəuyğun olduğunu vurğulayır. Çünki doğuş fizioloji bir prosesdir və çox hallarda aralıq toxumaları körpənin keçidinə təbii şəkildə uyğunlaşa bilir.
Epiziotomiyanın tibbi göstərişləri arasında aşağıdakı zərurətlər yer ala bilir:
Dölün iri olması,
Doğuşun ikinci mərhələsinin uzanması,
Aralıq toxumasının elastik olmaması,
Dölün hipoksiyasını göstərən ürək döyüntülərinin pozulması
Vakuum, forseps kimi alətlərdən istifadə
Lakin göstəriş olmadan, yalnız “doğuşu sürətləndirmək” məqsədilə aparılan epiziotomiyalar bir çox hallarda fayda əvəzinə, anada fiziki və emosional fəsadlara yol açır.
Əgər bu kəsik zərurət olmadan aparılıbsa, nəticədə ana doğuş sonrası uzunmüddətli ağrı, oturmaqda və yeriməkdə çətinlik, tikiş yerində gərginlik və bəzən infeksiya ilə qarşılaşa bilər. Bu vəziyyət yalnız fiziki deyil, həm də psixoloji olaraq ağır bir təcrübəyə çevrilir. Çünki doğuş — qadının həm bədən, həm də ruh səviyyəsində ən həssas mərhələsidir. Əgər qadın doğuş zamanı bədəninə qarşı artıq bir müdaxilənin edildiyini hiss edirsə, bu onun öz bədəninə inamını, doğuş təcrübəsini və ana-bala bağlanmasını da mənfi təsirləndirə bilər.
Epiziotomiyanın əmizdirməyə birbaşa bioloji təsiri olmasa da, dolayısı ilə mühüm rol oynaya bilər. Ağrı və hərəkət məhdudluğu səbəbindən ana rahat otura bilmir, düzgün əmizdirmə pozisiyasını tuta bilmir, bu isə həm süd axınını, həm də körpənin döşü effektiv tutmasını çətinləşdirir. Nəticədə körpənin əmməsi zəifləyir, süd istehsalı azalır və ana özünü uğursuz və gərgin hiss edir. Halbuki, zahılığın ilk günlərində ana üçün ən önəmli ehtiyac dəstək, rahatlıq və bədəninə hörmətlə yanaşılmadır.
Elmi tədqiqatlar göstərir ki, epiziotomiya rutində tətbiq olunduqda, qadınlarda postnatal depressiya, qorxu və doğuşla bağlı mənfi xatirələrin artması baş verir. Psixoloji travma təkcə fiziki ağrının deyil, həm də nəzarət hissinin itirilməsinin nəticəsidir. Ana doğuş zamanı qərarların onun razılığı olmadan verildiyini hiss etdikdə, bu onun doğuş təcrübəsini zədələyir və travmatik izlər buraxır.
Bu səbəbdən müasir ginekologiyada yanaşma dəyişir: epiziotomiya yalnız tibbi əsas olduqda, ananın razılığı ilə və doğuşun son mərhələsində aparılmalıdır. Bununla yanaşı, aralığın qorunması üçün doğuş zamanı isti kompreslər, doğuş mövqeyinin dəyişdirilməsi və doğuşdan öncə aralıq masajı kimi üsulların effektivliyi elmi olaraq sübut olunmuşdur. Bu massaj haqqında ətraflı “Doğuşu yüngülləşdirən ARALIQ massajı” məqaləmizdə oxuyun.
Epiziotomiya bir cərrahi prosedurdan çox, qadının doğuş hekayəsinin bir parçasıdır. Bu müdaxilənin necə və niyə aparıldığı, ananın öz bədəni üzərində nəzarət hissini qoruyub-qoruyamadığı onun doğuşsonrası bərpasına, əmizdirməsinə, körpəsini qucaqlayarkən hiss etdiyi inam və sevincə birbaşa təsir edir. Hər bir qadın doğuş zamanı hörmətə, məlumatlı qərarvermə haqqına və bədəninin ehtiyaclarına uyğun yanaşmaya layiqdir.
Müəllif: Zivər Eldarova
Ginekoloq
İllüstrasiya: Mededuquest