Dərman içlikləri laktasiya haqqında dürüstdürmü?
Müasir dünya səhiyyə sisteminin 100 ildən çox yaşının olmasına, əmizdirən anaların isə bəşər tarixi boyu mövcudluğuna baxmayaraq, zamanımıza qədər dərmanlar və insan laktasiyası haqqında cüzi kitablar və elmi materiallar işıq üzü görmüşdür. İnsan laktasiyasının dərmanlarla müamiləsinə dair ilk çap olan kitab 1988-ci ilə, onun yenilənmiş formasının nəşri isə 1996-cı ilə təsadüf edir.
P.N. Bennet tərəfindən yazılmış “Drugs and Human Lactation” kitabında insanın laktasiyasına təsir edəcək 205 dərman araşdırılmışdır. Məlum olmuşdur ki, həmin dərmanların 87 faizi əmizdirərkən anaların qəbuluna icazəlidir. Araşdırılan dərmanların qalan 10 faizi risk kateqoriyasına aid edirlir. Yəni təhlükəli zonaya düşür- ananın səhhətindən, diaqnozundan və onu müalicə edən həkimin göstərişlərindən asılı olaraq dərmanı qəbul edə də bilər, etməyə də bilər. Başqa sözlə, ana bu dərmanı içərkən müəyyən fəsadlarla üzləşə də bilər, üzləşməyə də bilər. Bu kateqoriyaya aid edilənlərin təhlükəliliyi barədə birmənalı rəy yoxdur. Yerdə qalan 3 faiz dərmanlar isə qəti şəkildə laktasiya dövründə analara qadağan edilmişdir. Yuxarıda verilən rəqəmlərə görə mövcud olan dərmanların yalnız çox az bir faizi əmizdirərkən anaların qəbul etməyinə uyğun deyil, əks göstərişdir. Qalan dərmanların isə anaya onu müalicə edən həkim nəzarəti altında qəbulunda heç bir problem yoxdur.
Zahılıqda, yəni əmizdirərkən ananın qəbul etdiyi dərmanların da bir prinsipi var: əgər həmin dərman hamiləlikdə təhlükəsiz şəkildə qəbul oluna bilirsə, həmin dərmanları əmizdirərkən də qəbul etmək olar. Lakin bu bir tərəflidir, yəni hamiləlikdə qəbul olunan dərmanları əmizdirirkən də qəbul etmək olar, amma əmizdirərkən təhlükəsiz olan dərmanlar mütləq deyil ki, hamiləlikdə də təhlükəsiz olsun. Laktasiya dönəmində dərman qəbulu məsələlərində səriştəli olmayan həkimdən rahatlıqla bu sualı soruşa bilərsiniz: ” Yazdığınız dərman hamilələr üçün uyğundurmu?”. Əgər uyğundursa hamilələrə yazılırsa, həmçinin eyni dərman az yaşlı uşaqlara yazılırsa, demək onu hamiləlik zamanı, əmizdirərkən qəbul etmək normaldır, təhlükəsizdir.
Fillip O. Anderson öz məruzəsində çox gözəl bir məqama toxunaraq qeyd edir ki, analar həkimin yazdığı dərmanın içlik vərəqəsində hamiləlik və laktasiya dövrünün əks göstəriş olduğunu çox görürlər. Əslində isə bunlar reallığı əks etdirən bir mənzərə deyil. Sadəcə olaraq, dərman istehsalçılarının özlərini sığortalamaq, pasiyentlərin qarşısında məsuliyyət daşımamaq üçün əlavə etdiyi qeyddir. Yəni mütləq şəkildə həmin dərman əmizdirən anaya uyğun deyil anlamına gəlmir. Farmakoloji şirkətlərin laktasiya edənlərə içlikdə yazacağı məlumatın qəti şəkildə dürüst olması üçün uzunmüddətli, genişmiqyaslı və bahalı araşdırmalar aparmaqları gərəkdir. Bütün bu sadalananlara qənaət etmək niyyəti ilə həmin şirkətlər sadəcə içliklərə hamilə və əmizdirənə əks göstəriş olduğunu hər ehtimala yazmaq seçimini etmişlər. Dərman təlimatında yazılan qeydin arxasında hər hansı araşdırmanın dayanması mütləq deyil. Bu, sadəcə olaraq həmin dərman istehsalçıların tərəfindən atılan ehtiyat addımıdır.
Dərmanların uyğun olub-olmamağı barədə araşdırmalar aparan təşkilatların beynəlxalq elektron və yaxud kitab şəkilində bir neçə ildə bir dəfə yənilənən məlumat mənbələri mövcuddur. Onlardan biri E-lactancia və Lactmed saytlarıdır. Bu sayta daxil olaraq analar axtarış pəncərəsində dərmanın marka adını və yaxud aktiv maddəsinin adını yazaraq əmizdirməyə uyğun olub-olmamağını araşdıra bilər.
Həm tibb işçilərinin, həm də anaların dərmanları tanımaqda dəstək olan beynəlxalq dərman preparatları bazası olan E-Lactancia saytından yararlanmaq mümkündür. Bu saytın yaranmasında təşəbbüskarlar pediatr və farmakoloqlar olmuşdurlar. Əmizdirən anaların müalicə alaraq süd ehtiyalarına və körpənin sağlamlığına ziyan yetirmədən əmizdirməyi davam etməyə dəstək məqsədi daşıyan sayt dünyanın müxtəlif yerlərindən, müxtəlif tibb sahəsinin mütəxəssislərindən gələn isbatlı sübutlar əsasında inkişaf edərək ümumdünya məlumat mənbəyinə çevrilmişdir. Saytdan istifadə etmək üçün xüsusi tibbi biliyə malik olmaq mütləq deyil. Lazım olan məlumatı əldə etmək üçün istifadəsi kifayət qədər asandır və hətta hər hansı bir xarici dil bilgisini tələb etmir. Bu saytdan istifadə haqqında daha ətraflı E-Lactancia nədir? adlı məqaləmizdə oxuya bilərsiniz.
Hazırladı: Səltənət Zülfüqarova
Əmizdirmə məsləhətçisi