Hər bir qadının körpəsini ana südü ilə əmizdirdiyi dönəmdə bu və ya digər xəstəliklərə yoluxması mümkündür. Xəstəlik dedikdə, bu mövsümi zökəm və ya daha ciddi müayinə və müalicə tələb edən diaqnozlar ola bilər. Bu halda analarda əsasən iki sual yaranır:

“Bu xəstəliyimlə körpəmi əmizdirməyi davam edə bilərəmmi?” sualına daha ətraflı cavabı “Əmizdirmə vaxtı dərmanlardan istifadə” podkastında tapa bilərsiniz.

“Bu xəstəliyin müalicəsində təyin olunan dərmanlar əmizdirmə ilə uyğundurmu?” sualına cavabı isə “Əmizdirmək olar yoxsa yox” məqaləsində daha ətraflı tapa bilərsiniz.

Sözsüz ki, səriştəli tibb işçiləri hamilə və zahılıqda, həmçinin əmizdirmə dönəmində qadınlarla düzgün qoyulmuş diaqnoz və uyğun olan dərman preparatları ilə işləməyə qadirdirlər. Lakin bəzən dar ixtisas sahibi olan tibb işçilərinin həmin qrup qadınlara uyğun olan dərmanları təyin etmək çətinliyi yarana bilir. Məsələn, ginekologiya və ya pediatriyaya aid olmayan sahələrin həkimləri əks göstərişləri olan dərmanları təyin edib əmizdirməni müəyyən müddətdə dayandırmağı tövsiyə edirlər. Bu halda həm tibb işçilərinin həm də anaların dərmanları tanımaqda dəstək olan beynəlxalq dərman preparatları bazası olan E-Lactancia saytından yararlanmaq mümkündür. Bu saytın yaranmasında təşəbbüskarlar pediatr və farmakoloqlar olmuşdurlar. Əmizdirən anaların müalicə alaraq süd ehtiyalarına və körpənin sağlamlığına ziyan yetirmədən əmizdirməyi davam etməyə dəstək məqsədi daşıyan sayt dünyanın müxtəlif yerlərindən, müxtəlif tibb sahəsinin mütəxəssislərindən gələn isbatlı sübutlar əsasında inkişaf edərək ümumdünya məlumat mənbəyinə çevrilmişdir. İlk zamanlar peşəkarlara daha çox faydası olan sayt artıq istənilən ananın istifadəsinə verilmişdir.

Saytdan istifadə etmək üçün xüsusi tibbi biliyə malik olmaq mütləq deyil. Lazım olan məlumatı əldə etmək üçün istifadəsi kifayət qədər asandır və hətta hər hansı bir xarici dil bilgisini tələb etmir. Sayta daxil olaraq dərmanın adını və ya tərkibində olan əsas kimyəvi komponentin beynəlxalq nomenklatura adını (hər bir dərman qutusunun üzərində bu ad mütləq var) axtarış pəncərəsinə daxil etmək gərəkdir. Nümunədə hamıya tanış olan parasetamol dərmanını seçib göstərdik.

Axtarış pəncərəsində “paracetamol” yazıb axtarışa verdik. Nəticə adıçəkilən dərmanın ana südü və əmizdirmə ilə uyğunluğunu göstərdi. Adətən uyğun olan dərman preparatları yaşıl rənglə qeyd edilir. Həmçinin açılan pəncərədə dərmanın əmizdirmə ilə uyğunluğunu göstərən elmi araşdırmalardan sübut fraqmentləri və dərmanın özəllikləri barədə ətraflı məlumat verilir. Adətən məhz bu cür mətnlərdə dərmanın bədəni tərk etmə saat müddəti yəni, yarım parçalanma dövrü də qeyd olunur ki, ehtiyat edən analar həmin müddətə riayət edə bilsinlər.

Dərman haqqında əlavə olaraq “Alternatives”-alternativlər cədvəlində dərmanın əmizdirmə ilə uyğunluq təşkil edən digər dərman nümunələri verilir. Bu təyin olunan dərman siyahısına düzəliş etməyə imkan verir. Sözsüz ki, təyin olunan müalicəyə yalnız həkim nəzarəti ilə müdaxilə etmək mümkündür. Bizim nümunə kimi götürdüyümüz parasetamolun halında başqa daha uyğun olan dərman adı verilmir, çünki, bu dərman özü əmizdirməyə əks göstəriş deyil. Lakin başqa əks göstəriş olan dərmanların böyük əksəriyyətinin uyğun alternativi mövcud olur, hətta bəzən bir deyil, bir neçə ədəd.

Ümumiyyətlə saytda dərmanların ana südü və əmizdirmə ilə uyğunluğu 4 qrup üzrə təsnif olunur. Şəkildə göründüyü kimi hər bir qrupun özünəməxsus rəngi göstərilmişdir. Beləliklə, narıncı rəngi çıxmaq şərti ilə digər bütün rənglər beynəlxalq işıqfor rəngləri prisipinə uyğun gəlir:

Yaşıl rəng– təhlükəsiz, ən uyğun seçim. Həm ananın südünə, həm də körpənin sağlamlığına zərər yetirməyən dərmanlar qrupu bu cür təsnif olunur.

Tünd sarı rəng– xeyli təhlükəsiz, əmizdirməyə qismən uyğun. Ananın südünə və ya körpəyə mülayim təsirləri olsa da, ciddi xəsarət yetirməyən dərmanlardır. Adətən bu qrupa kasad məlumatlı dərmanları da daxil edirlər. Bu dərmanların ümumi fiziki-kimyəvi və farmako-kinetik xüsusiyyətləri dərmanın sovrulması, təminatı və parçalanması haqqında müəyyən qənaətlərə gəlməyə imkan verir. Bu dərmanların qəbulu həkim nəzarəti altında, düzgün seçilmiş doza, vaxt və körpənin yaşının nəzərə alınması ilə həyata keçirilməlidir.

Narıncı rəng– təhlükəli, müəyyən həddlərdə uyğun. Əmizdirməyə və körpəyə orta və ya kəskin əks təsirlər göstərə bilir. Bu qrup dərmanlar farmakoloji xüsusiyyətlərinə görə südə keçmək və süd vasitəsilə körpənin bədəninə düşə bilir. Bu dərmanları təyini zamanı risk-fayda nisbəti nəzərə alənmalı, daha sağlam alternativlər seçilməli və ya qəbulu davam etdirilərsə əmizdirməyə 5-7 saat fasilə verilməlidir. Bu saat müddəti dərmandan dərmana preparatın yarım parçalanma və ananın bədənindən təmizlənməsindən asılı olaraq daha az və ya daha çox saat ola bilir. Əgər dərmanın qəbulundan sonra saatların kəmiyyəti azdırsa, qəbuldan öncə südü sağaraq ehtiyatda saxlamaq daha uyğun seçimdir. Adətən bu dərmanların zərəri ana südünü faydasını üstələmədiyindən mütəxəssislər yekdilliklə əmizdirmənin davam etdirilməsini bildirirlər.

Qırmızı rəng– çox təhlükəli, qəti uyğunsuz. Təhlükəli qrupa daxil olan dərmanlar ya südün azalmasına, keyfiyyətininə zərər və ya süd vasitəsilə körpəyə keçərək onun sağlamlığına ciddi xələl yetirə bilir. Təəssüflər olsun ki, bu dərmanlar haqqında bəzən kifayət qədər araşdırma məlumatları əldə etmək mümkün olmur. Həmçinin təhlükəli kimi təsnif olunan dərmanların yarım parçalanma dövrü uzun olduğundan əmizdirmə tamamilə dayandırılmalıdır. Alternativ dərmanlar axtarılmalı və təyin edilməli, olmadığı halda isə əmizdirmə ananın tam sağalma dövrünə qədər dayandırılmalıdır. Bu halda süd anası və ya ana südü donorunun axtarılması körpənin səhhəti üçün daha uyğun seçimdir.

Hazırladı: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.