Bildiyiniz kimi, oktyabr ayı bütövlükdə Süd Vəzi Xərçəngi Fərqindəlik ayıdır. Hər il keçirilən bu beynəlxalq sağlamlıq kampaniyası 1985-ci ildən davam edir. Məqsəd dünyada eləcədə, Azərbaycanda qadınlar arasında ən geniş yayılmış xərçəng növü-döş xərçənginin profilaktikası, erkən diaqnostikası, müalicəsi və sağaldılması haqda maarifləndirməkdir.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə dünyada qadınların xərçəngdən ölüm səbəbinin 15%-i məhz döş xərçənginin payına düşür. Bunun təsir dairəsini anlamaq üçün ətrafınızda döş xərçənginə məruz qalmış dost, qohum, ailə üzvlərini xatırlamaq kifayətdir ki, az qala hər birimizin bu xəstəlikdən əziyyət çəkən və ya dünyasını dəyişmiş kimimizsə var.

Qadın olmaqla təəssüflər olsun ki, artıq risk qrupuna daxil olmaq mümkündür. Bundan əlavə risk qrupunda kimlərdir:

Erkən (12 yaşdan əvvəl) menstruasiyası başlayan qızlar və 55 yaşından daha gec menapauzaya girənlər.

🍷Alkoqol qəbul edənlər.

Birinci dərəcəli qohumları (ana, bacı, qız övladı) arasında döş xərçəngindən əziyyət çəkənlər.

İlk övladını 30 yaşından sonra dünyaya gətirənlər.

🎮Az hərəkətli həyat tərzi keçirən və idman etməyənlər.

🌃Gecə iş rejimində işləyən və gecə saatlarında işıq təsirinə məruz qalanlar.

🌭Qeyri-sağlam ərzaqlarla qidalananlar.

💨Tütün vasitələrində istifadə edənlər.

💄Qida, içməli su, kometik və qulluq vasitələrində müxtəlif kimyəvi maddələrin təsiri çərçivəsində olanlar.

Göründüyü kimi faktorlarından ən azı bir və ya ikisini hər birimizdə müşahidə etmək olar. Hər bir qadının kiçik addımlar atmaqla döş xərçəngi riskini azaltmaq üçün nələri etmək və etməmək gərəkdir:

Etməmək:

*Siqaret çəkmək,

*”Yo-yo” pəhrizləri etmək (qəfil kilo atmaq və yenidən atdığınızdan artığını yığmaq)

*Hormonal terapiyanın müddətini nəzarətsiz qoymaq.

*Fiziki passiv həyat tərzi sürmək

Etmək:

*Hətta artıq çəkili olsanız belə, bədən çəkisini sabit saxlamaq üçün balanslaşdırılmış, sağlam qidalanmaq.

*Döşlərin sağlamlığı üçün vacib olan ərzaqlar qəbul etmək: bol-bol meyvələr və tərəvəzlər xüsusən göyərtilər, kələm, pomidor, kök, brokkoli.

*idman etmək və ya gündəlik fiziki fəallıq göstərmək: lift əvəzinə pilləkən, qısa məsafələri piyada dəf etmək, təmiz havada gəzintilər təşkil etmək və s.

*Ana olduqdan sonra düzgün və uzunmüddətli (heç olmazsa 1 il) əmizdirmə təşkil etmək.

*Hər ay aybaşıdan bir neçə gün sonra döşləri öz-müayinə (özün-özünü yoxlama) keçirmək.

Əmizdirmə döş xərçənginə qarşı! 

Ana südü və əmizdirmə məsləhətçisi kimi döş xərçənginin profilaktikasında döşlə əmizdirmə kimi effektiv üsulun üstündən keçə bilməzdim.  Ümumiyyətlə, belə bir fərziyyə var ki, qadın orqanizmi nə qədər az aybaşı səbəbilə hormonal dəyişiklik görsə, bir o qədər döş xərçəngi riski azalır. Sadə və primitiv bir dil ilə desək əksərimizin aybaşı zamanı döşlərdə baş verən həssaslıq, ağırlaşma və hətta şişkinlik məhz bədənin menstruasiyaya hormonal səviyyədə hazırlaşdığını göstərir.

Buna görə də aybaşının baş verməsinə mane olan hər bir SAĞLAM hal- hamiləlik və əmizdirmə xərçəng risklərini azalda bilir.

Mənim təcrübəmdə müşahidə etdiyim analar arasında hətta əmizdirdiyi 2 il  ərzində ümumiyyətlə aybaşı görməyənlər olub. Əsasən isə qadınların əmizdirdikləri dövrdə menstruasiyalarının qayıtması doğuşdan sonra 3, 6 ay və ya 1 ilin tamamında müşahidə oluna bilir.

World Cancer Research Fund qeyd edir ki, əmizdirmə özü-özlüyündə nəinki döş hətta yumurtalıq xərçənginin də ciddi profilaktikası hesab oluna bilər. MD Anderson Cancer mərkəzinin məlumatına görə, 13 aydan çox əmizdirən ana 7 ay əmizdirən ana ilə müqayisədə yumurtalıq xərçəngi riskini 63% azaltmağa səbəb ola bilir.

Qeyd olunur ki, əmizdirmə səbəbilə ildə 20 000 qadının həyatını xərçəngdən qurtarmaq və daha 20 000-ni döş xərçəngindən profilaktika etmək olar. Araşdırmaların nəticəsində qeyd edilir ki, istər bir başa döşdən istərsə də, sağılmış südü ilə körpəsini qidalandıran ana laktasiya etdiyi hər il üçün özünün döş xərçəngi riskini 4.3% azalda bilir.

Breastcancer.org verdiyi məlumata görə əmizdirmənin xərçəng riskinin azalmasına təsiri həmçinin əmizdirən ananın körpəsinə görə daha sağlam qida seçimləri etməsilə bağlıdır. Yəni əmizdirən ana daha çox sağlam qidalara can atır.🍇🍉🥕🍆🥑🥒🍅🥝🥦🍄

Alimlər isə deyirlər ki, döşlərin 24/7 süd istehsalı ilə məşğul olması orada olan döş hüceyrələrinin “özünü pis aparmağa” ciddi limitlər qoyur. 

Qadınlar arasında geniş yayılmış yalnış məlumata da aydınlıq gətirmək yerinə düşərdi. Əksər xanımlar düşünürlər ki, əmizdirmək qadınların döşlərinin formasını korlayır. Əslində isə döşlərdə yaranan sallaqlığın başqa səbəbləri var:

Yaşa dolmaqla əlaqədar elastikliyin azalması, 🌬 siqaret çəkmək, hormonlar, tez-tez arıqlayıb kökəlmək və ya kökəlib arıqlamaq, dəyərli 🌍 Yer Kürəmizin bizi üzərində saxlamaq üçün ətrafında mövcud olan qravitasiya qüvvəsi, menopauza, iri bədən formaları, bir neçə hamiləliyin keçirilməsi, əmizdirməni qəflətən dayandırmaq, fiziki fəallığın çatışmazlığı, bədənə tarım oturan streç geyimlər və s.

Həmçinin unutmayaq ki, əmizdirmək proses olaraq anada xərçəng növlərinin riskinin azaltdığı kimi ana südü də özü-özlüyündə uşaqların müxtəlif xüsusən mədə-bağırsaq xərçəngi növündən qorumağa səbəb olur.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.