Tortikolis nədir? 

Bu  baş və boyun bölgəsində yaranan pozulmuş duruş vəziyyətidir. Bu termin latınca “tortus” – bükülmüş və “colum” – boyun sözlərindən yaranmışdır. Təbabətdə bu hal“Əyriboyunluq” adlandırılır və klinik olaraq, başın bir tərəfə əyilməsi və qarşı tərəfə dönməsi ilə xarakterizə olunur. 

Tortikolis iki əsas formada müşahidə edilir: 

  • Anadangəlmə (doğuşdan etibarən mövcud olan) 
  • Qazanılmış (sonradan yaranan) 

 Yaranma səbəbi nədir? 

Anadangəlmə növ ən geniş yayılmış tortikolis növüdür. Adətən körpənin boyun əzələlərindən biri olan sternokleidomastoid (SCM) əzələsinin qısalması və gərginliyi ilə əlaqədardır.  SCM — boyunda yerləşən iki əsas əzələdən biridir.

Tədqiqatçılar hələ tam olaraq bu əzələnin niyə bəzi körpələrdə qısaldığını bilmirlər, lakin ehtimal olunan səbəblər bunlardır: 

  • Körpənin ana bətnində yerləşmə forması. 
  • Doğuş zamanı boyun əzələlərində zədələnmə  (xüsusən qeysəriyyə əməliyyatı nəticəsində)
  • SCM əzələsinin anormal inkişafı. 
  • Boyun əzələsində qan yığılması. 
  • Əzələ toxumasının anormal şəkildə qalınlaşması (fibroz). 

Necə müəyyən etmək olar ? 

İlk simptomlar adətən körpənin 2–4 həftəlik dövründə müşahidə olunmağa başlayır. Körpə başını idarə etməyə başladıqca, asimmetrik duruş, başın bir tərəfə meyli və çənənin qarşı tərəfə yönəlməsi diqqət çəkir. Əksər hallarda körpə bu vəziyyəti ağrısız keçirir. Ev şəraitində körpənizi izləyərək qismən bunu özünüz müəyyən edə bilərsiniz. Əgər körpənizdə əyri boyunluq varsa, böyük ehtimalla körpəniz:  

  • Başını daim bir tərəfə əyilmiş saxlayar (çox kiçik körpələrdə bunu fərq etmək çətin ola bilər). 
  • Başını tam şəkildə çevirməz və sizi izləməkdə çətinlik çəkər. 
  • Hər iki döşlə əmizdirilmədə çətinlik çəkə və ya yalnız bir döşü əmməyi üstün tuta bilər.
  • Sizi görmək və izləmək üçün çətinliklə başını çevirməyə çalışar. 

Bu halları müşahidə edirsinizsə həkiminizə müraciət etməlisiniz, həkiminiz fizioterapevt və osteopat ilə birgə körpənin boyun əyriliyinin hansı mərhələdə olduğunu müəyyən edəcəkdir.  Nəzərinizdə olsun ki, səriştəli əmizdirmə məsləhətçisi də ilkin tortikolis əlamətlərini sezib sizi düzgün seçilmiş mütəxəssisə yönəldə bilər.

Müalicəsi 

Körpənizə əyri boyunluq diaqnozu qoyulubsa, ilk əvvəl həkim sizə evdə edə biləcəyiniz sadə dartınma (streçinq) hərəkətlərini öyrədə bilər. Bu hərəkətlər gərgin olan SCM əzələsini boşaltmağa,digər tərəfdəki (istifadə olunmayan və zəif qalmış) əzələni isə gücləndirməyə kömək edir. Bu,körpənin  boynunun düzəlməsinə və hərəkətliliyinin artmasına səbəb olur.  Erkən dönəmlərdə boyunəyriliyinin müalicəsi üçün bədən çalışmalarından əlavə osteopatik tədbirlər böyük effekt verə bilir.

“TUMMY TİME” məşqlərini  unutmayın! 

“Tummy time”-ingilis dilindən körpənin üzüquylu mövqedə keçirtdiyi vaxt anlamına gəlir. Körpənizin ayıq vaxtlarında qısa müddət qarnı üstə uzadılması çox önəmli bir məşqdir. Bu, körpənin boyun və çiyin əzələlərinin güclənməsinə kömək edir və iməkləmək mərhələsinə hazırlaşmasını dəstəkləyir. 

Bu məşq əyriboyun və ya başın bir tərəfində yastılaşma olan körpələr üçün xüsusilə faydalıdır. “Tummy time” hər iki problemi eyni anda müalicə etməyə kömək ola bilər. 

Necə etmək olar: 

Körpənizi qarınüstə düz və sərt bir səthə (döşəmə, masa və s.) dəsmal və ya yorğan üzərinə qoyun. 

Daha sonra körpənizlə danışın və ya lay-lay oxuyun, onu sizə tərəf çevrilməyə təşviq edin. 

Bu məşqi gün ərzində 3 dəfə və ya körpənin hər bezini dəyişdikdə 3-5 dəqiqə təkrarlaya bilərsiniz. 

Məşq əsnasında körpəni ağlatmaqdan çəkinin. Hər dəfə məşqin müddətini az-az artıraraq körpəni məşqə adaptasiya edə bilərsiniz 

Erkən müdaxilə olmasa nə kimi fəsadları ola bilər ?  

Tortikolisin xüsusəndə doğuş zamanı yaranan növü, geniş yayılmış və erkən müdaxilə ilə həll oluna biləcək bir vəziyyətdir. Amma əgər erkən müdaxilə olunmazsa, bunun müalicəsində əməliyyata ehtiyac yarana bilər. Misir və Korea plastik və rekonstruktiv cərrahlarının apardığı müştərək bir araşdırmasında doğuşdan sonra yaranan tortikolisin əməliyyat sonrası belə tam olaraq düzəlmədiyi görülmüşdür.

Tortikolisli körpələrin əmizdirilməsi 

Belə körpələrin boyun əzələlərinin bir tərəfi gərgin olduğu üçün, üzləri bir istiqamətdə qidalanmaq onlara daha rahatdır, digər istiqamətə çevrildiyində qidalanmaq onlar üçün çətinləşə bilir. Catherine Watson Genna elmi məqaləsində həmçinin tortikolis dil hərəkətlərində balansızlıq yarada bildiyi üçün dil qədəhi ilə oxşar bir tablo yaradır bildiyini qeyd edir. Bu zaman körpənin döşü tutması və ya daha yaxşı boşalda bilməsi çətinləşir. Bu da öz növbəsində  həm ananın süd istehsalına mənfi  təsir edə bilər həmçinin məmənin yaxşı boşalmaması anada laktostaz yaranmasına səbəb ola bilər. Laktostazın yaranması vəziyyəti daha da gərginləşdirə bilir. Məməni yaxşı qavraya bilməyən körpə zamanla anada məmə ucu yarasının yaranmasına da səbəb ola bilər. 

Bu kimi hallarda körpələr daha az qidalanıb, çəki azlığı yaşaya bilərlər. Körpənin daha effektiv qidalanması, əmizdirməyə davam etmək həmçinin süd istehsalını qorumaq məqsədilə sizə dəstək ola biləcək əmizdirmə məsləhətçisinə müraciət tövsiyyə  olunur. Burada siz tortikolisli körpələri düzgün mövqedə əmizdirmək üçün dəyərli məlumatlar əldə edə bilərsiniz. 

Müəllif: Həcər Piriyeva,

Əmizdirmə məsləhətçisi

İllüstrasiya: Kenhub

Şərh əlavə et

Anasudu.az © 2011 - 2025. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.