Bəzən analar təəccüblə soruşur: “Körpəm əmərkən niyə birdən yuxuya gedir?” Cavab çox sadədir –bunun səbəbi kolesistokinin (CCK) adlı bir hormonun işə düşməsidir.
CCK nədir? Kolesistokinin (CCK) – körpə əmməyə başlayanda bədənində ifraz olunan bir hormondur. Bu hormon bağırsaqlardan qana qarışaraq beyinə siqnal göndərir: “Mən toxam və rahatam.”
Yəni CCK hormonunun əsas vəzifəsi:
• Toxluq hissi yaratmaq
• Körpəni rahatlamaq və yuxuya kökləməkdir.
Körpə əmərkən CCK necə işləyir?
Körpə döşü əmməyə başladığı anda bədənində ilk dəfə CCK ifraz olunur – bu təxminən 10 dəqiqə ərzində baş verir. Körpə bir az yuxulamağa başlayır. Hormonun səviyyəsi sonra bir az azalır, amma əgər əmməyə davam edərsə, təxminən 30 dəqiqə sonra ikinci dəfə CCK artır – bu dəfə körpə daha da rahatlayır və çox zaman dərin yuxuya gedir.
Körpə 20 dəqiqə sonra niyə yenidən oyanır?
Əgər CCK hormonunun səviyyəsi düşərsə, körpə özünü yenidən ac və narahat hiss edə bilər.
Bəzən analar düşünür ki, “yeni əmizdirmişəm, niyə yenə ağlayır?” Halbuki bu, normaldır! Körpənin beynindəki “toxluq siqnalı” sönüb və o, yenidən bir neçə dəqiqə əmməyə və rahatlaşmağa ehtiyac duyur.
Bu, həm körpənin qida ehtiyacını qarşılayır, həm də ananın süd istehsalını stimullaşdırır. Çünki, bilirik ki, xüsusən yenidoğulan dönəmdə, məməyə tez-tez tələb göndərmək lazımdır.
Əmzik də CCK ifraz edir, amma..
Bəli, əmzik də əmmə refleksini stimullaşdıraraq körpədə CCK hormonunun artmasına səbəb ola bilər. Körpə əmziklə yuxuya gedə bilər.
Amma bu zaman:
• Körpə CCK hormonunun təsiri ilə özünü tox hiss etsə də, əslində mədə dolu olmaya bilər.”
• Ana döşü isə lazımi qədər stimulyasiya olunmur
Nəticədə isə
- Körpə bir süd seansını əldən verir
- Ananın süd istehsalı azalır
- Körpənin çəki artımı zəifləyə bilər
CCK körpə üçün, ana üçün niyə bu qədər önəmlidir?
Bu hormon, körpənin əmizdirilərək yuxuya getməsi üçün Allahın yaratdığı bir möcüzədir. Eyni zamanda anaya da faydası odur ki, süd istehsalı ritmik şəkildə davam edir.
Körpə tez-tez döşə qoyulduqca, ana orqanizmi daha çox süd hazırlayır. Ana və körpə arasındakı emosional bağ da güclənir.
Nəticə olaraq:
Körpəniz əmərkən yuxuya gedirsə, bu tamamilə normal və təbiidir.
Bu, kolesistokinin hormonunun təsiridir – onun vəzifəsi körpəni tox və rahat hiss etdirməkdir.
Körpəniz oyanarsa və yenə əmmək istəsə, bu, CCK səviyyəsinin düşməsi ilə bağlı ola bilər.
Əmzik bəzən bu sistemi çaşdıra bilər – çox tez-tez istifadə edilməməlidir.
Uvnäs-Moberg, Marchini, Winberg adlı bir qrup isveçrəli alimlər araşdırma aparmışdılar. Bu araşdırmanın məqsədi isə yeni doğulmuş körpələrdə əmizdirmədən öncə, dərhal sonra, bir müddət sonra kolesistokinin (CCK) hormonunun qanda (plazmada) miqdarının necə dəyişdiyini müəyyənləşdirmək olmuşdur. Məlum olmuşdur ki, Buna görə də ana südü ilə qidalanmaya cavab olaraq CCK hormonunun ifrazı həzm və maddələr mübadiləsinə stimullaşdırıcı təsir göstərməklə yanaşı, ana südü ilə qidalanmadan sonra müşahidə edilən rahatlama və yuxululuğa kömək edə bilər. Kiçik körpələrdə müşahidə olunan yüksək CCK konsentrasiyası körpənin həyatının ilk günlərində çox az qida qəbul etməsinə baxmayaraq, tox və sakit qalmalarına kömək edə bilər.
Bir əmizdirmə məsləhətçisi olaraq, təcrübəmdə anaları ən çox narahat edən mövzulardan birinin körpənin doymadan yuxuya getməsi olduğunu müşahidə edirəm hər zaman. Düşünürəm ki, bu məlumatları oxuyan və CCK hormonunun işləmə mexanizmini anlayan hər bir yeni doğuş etmiş ana, artıq körpənin nə üçün yuxuya getdiyini bilib daha çox əmizdirmə prosesindən zövq almağa fokuslanacaqdır.
Müəllif: Həcər Piriyeva
Ana südü və əmizdirmə məsləhətçisi