Azərbaycanda qadınlar əmizdirmək istəyirmi?
Elmi məruzəyə əsasən ABŞ-da 2018-ci ildə 83 faiz analar doğuşdan sonra və yaxud hamiləlikdə əmizdirmək niyyətlərini bildirmişdilər, lakin körpə 6 ayına çatdıqda onlardan yalnız 25 faizi müstəsna olaraq ana südü ilə əmizdirməyə davam etmişdir. 1 yaşınadək (bura həm müstəsna olaraq ana südü ilə qidalanan, həm də qarışıq, yəni süni qida alan körpələr daxilolmaqla) körpələrin yalnız 36 faizi ana südü qəbul edir. Eyni mövzulu məlumat barədə 2020-ci ilin əvvələrində Unicefin verdiyi məruzəyə görə Azərbaycanda əmizdirməyə niyyəti olan xanımların sayı Amerika ilə müqayisədə daha yüksəkdir, 92 faiz təşkil edir. Verilən rəqəm yüksək göstərici olsa da, təəssüflər olsun ki, 6 ayında müstəsna olaraq əmizdirilən, yəni ana südü alan körpələrin faiz etibarı ilə sayı 20 faizdən aşağı olan ölkələr sırasındadır. Azərbaycan çox geridə deyil, amma 20 faiz, 26 faiz, 36 faiz bunlar çox aşağı rəqəmlərdir. Bu deməkdir ki, 100 doğulan körpədən 6 ayına çatanda yalnız 20-si ana südü ala bilir. Bu dünya üzrə kifayət qədər aşağı rəqəmdir.
O ki, qaldı ana südünün körpələrə olan faydası haqqında, ana südünün səbəbindən körpələrdə orta qulaq xəstəlikləri və yaxud infeksiyalar riski 23-77 faizədək azala bilir, həmçinin respirator, yəni tənəffüs sistemi infeksiyaları 63-77 faizədək azala bilir, mədə-bağırsaqla olan problemlər 64 faizə qədər azala bilir. Bu rəqəmlər bütün dünya üzrə uşaqlara aiddir. Qəfil körpə ölümü sindromunun profilaktik metodlarından biri və bu riski 36 faiz azaldan ana südüdür, yəni əmizdirmədir. Həmçinin atopik dermatit ana südü səbəbindən 27-42 faiz azalır, leykemiya 15-20 faiz azalır, körpəlikdə və 5 yaşına qədər uşaqlarda ana südü səbəbi ilə piylənmə 13 faiz azalır, astma isə 26-40 faizə qədər azala bilir. Bunlar hamısı ana südünün faydalarıdır.
ABŞ-da ana südü, yəni əmizdirmə səbəbi ilə dövlətin qənaət etdiyi vəsaitlər də hesablanır və ümumən ABŞ hökuməti əmizdirmə səbəbi ilə 9,2 milyard dollar həcmində vəsaitə qənaət edə bilir. Onlardan 7 milyardı erkən ölümlərə aiddir,132 milyon isə ümumiyyətlə ana və körpənin qayğısı üçün sərf olunan səhiyyə xərclərinə aiddir. Digər tərəfdən hesablanıb ki, ABŞ-da ana südü, əmizdirmə səbəbi ilə ildə 721 körpənin həyatını xilas etmək mümkündür. Analarda isə ana südünün faydası haqqında bir necə fakt vurğulanır. İlk növbədə doğuşsonrası ifrat qan itkisinin profilaktikasıdır. Bundan əlavə olaraq əmizdirmə təbii kontrasepsiyadır, yəni analar əmizdirdikləri müddətdə hamilə qalma ehtimalı daha azdır. O ki, qaldı ananın sağlamlığı ilə əlaqəli, əmizdirmə analarda doğuşsonrası, yəni zahılıqda depressiya ilə daha az üzləşməyə imkan verir, baş verdiyi təqdirdə isə, depressiv halın əmizdirməyən anaya nisbətdə daha qısa müddət çəkir. O ki, qaldı xərçəngə, əmizdirmə səbəbi ilə döş xərçəngi riskini 26 faiz, yumurtalıq xərçəngi riskini isə 37 faiz azaltmaq mümkündür. Həmçinin əmizdirən analar 2-ci dərəcəli şəkər xəstəliyi riskini 32 faiz azalda bilirlər. Bundan başqa analar əmizdirmə səbəbi ilə özlərinin piylənməsini, ürək xəstəliklərini, revmatoid artrit və həmçinin uşağa olan mənfi münasibət və yaxud uşaqdan imtina, aqressiv olma riskini xeyli azaltmış olur.
Hazırladı: Səltənət Zülfüqarova
Əmizdirmə məsləhətçisi