Müasir tibbin ən başlıca məqsədlərindən biri qadınları təbii doğuşa həvəsləndirmək və müxtəlif vasitələrlə doğuş sancılarını və gərginliyini azaltmaqdır. Bunun üçün müxtəlif növ rahatladıcı qoxuları özündə cəm edən aromaterapiya, dartınma və gərilmə əsaslı idman çalışmaları, psixoloji səviyyədə stresi idarə etməyə və rahatlanmağa sövq edən üsulları sınamaq tövsiyə edilir.
Fiziki və psixoloji travmasız doğuş üçün tətbiq edilən üsullardan biri perineal massaj hamilələrə hamiləliyin sonlarına yaxın tətbiq etmək məsləhər görülür. Perineal massaj dedikdə qadın cinsi orqanının yəni doğuş yollarının ətrafının massaj edilməsi nəzərdə tutulur.
International Journal of Gynecology & Obstetrics dərc olunan araşdırmanın nəticələrinə görə perineal massaj doğuş zamanı geniş tətbiq edilən epiziotomiyanın riskinin azaldılmasında böyük əhəmiyyət kəsb edir. Epiziotomiya doğuş yolunun cərrahi vasitələrlə çərtilərək genişləndirilməsi və doğuşsonrası tikişlərin qoyulmasını nəzərdə tutur.
Həmin massajın həyata keçirilməsi üçün hamilələrə 34-cu həftəyə qədər gözləmək tövsiyə edilir. Məhz bu həftədən etibarən qadının bədəni relaksin adlı hormonun fəal ifrazına başlayır. Bu hormon bədəni daha elastik və dartılmaya meylli etməyə qadirdir. Perineal massajin əsas məqsədi adı çəkilən orqanların elastikliyini məşq etdirməkdən əlavə, həm də hamiləyə doğuş əsnasında yaşayacaq dartılma, təzyiq, ağırlıq və gərginlik hissinə alışdırmaqdır. Məhz öncədən hazırlanmış hamilə doğuş vaxtı tanış olduğu hiss zamanı özünü itirməyərək, lazım olan təlimatları daha düzgün yerinə yetirməyə qadir olacaqdır.
Massaji nəm halda duş qəbulu zamanı etmək olar. Quru halda isə massaj üçün intim sürtgülərdən və ya sadə yağlardan (məsələn zeytun, vitamin E) və ya hətta hipoallergen massaj yağlarından istifadə etmək olar. Massaj zamanı güzgüdən istifadə etmək gərəkdir.
Perial massajın illüstrasiyalı izahatı üçün www.wikihow.com saytına keçid edə bilərsiniz.
Birləşmiş Krallıqda fəaliyyət göstərən doğuş üzrə təlimçi Sophie Kirkham maarfiləndirici videosunda əl nümunəsi əsasında bu massajin edilməsinə dair təlimatı aydın şəkildə izah edir. Mütəxəssisin tövsiyəsinə görə bu massaj növünü hamilələrə həyat yoldaşları da etməkdə yardımçı ola bilərlər.
Müvəffəqiyyətli əmizdirmə üçün ananın doğuşu maksimal həddə təbii və fəsadlarsız olması üçün vacib ünsürlərdəndir. Bunu nəzərə alsaq, doğuşun asanlığı və doğuşsonrası narahatlıqların öncədən aradan qaldırılmasında perineal massajın həyata keçirilməsi yerinə düşər.
Hazırladı: Səltənət Zülfüqarova