Suyun doğuş vaxtı rahatlaşdırıcı effektinin məlum olması çox keçmişə aid olsa da, elmi cəhətdən əsaslandırılmış şəkildə 1980-ci illərdə tətbiq olunmağa başlamışdır. Mişel Oden Fransada, digər həmkarları ilə birlikdə idarə etdiyi xəstəxanada təbii doğuş qədər suda doğuşa da xüsusi önəm vermişdirlər.
Suda doğuşun tətbiqi mövzusunda öndə gedən ölkələrdən biri də İngiltərədir. Hal-hazırda İngiltərədə demək olar ki, hər xəstəxanada suda doğuş bölmələri mövcuddur. Bundan başqa Almaniya, Hollandiya və xüsusilə digər Şimali Avropa ölkələrində də suda doğuş metodu doğuşa hazırlaşan analara seçim olaraq rahatlıqla təklif olunur.
Sudan istifadə doğuş vaxtı 3 müxtəlif formada aparıla bilər:
1. Suyun dərmandan əlavə rahatlaşdırıcı təsiri əsas götürülür və açılış başlayan anda ana hovuza daxil olur. Amma doğuş burada baş vermir. Doğuş üçün ana hovuzdan çıxır. Bu, suyun təbii rahatlaşdırıcı kimi istifadə olunan formasıdır.
2. Başqa bir istifadə forması suya doğuş formasıdır. Yəni körpə doğulanadək ana hovuzda qalır və doğuşdan sonra körpə yenə hovuzdaca ananın qucağında olur.
3. Suyun rahatlaşdırıcı təsiri baxımından ana duş qəbul etməyə yönləndirilir.
Suyun dərmandan əlavə təbii rahatlaşdırıcı və ağrıkəsici təsiri elmi qaydada təsbit olunduğu üçün birinci təklif edilən forma barədə bütün ölkələrdə fikir birliyi mövcuddur. Bu istiqmətdə aparılan təcrübələrin heç birində risk halları aşkarlanmamışdır. Təklif olunan digər iki forma barədə isə ayrı-ayrı ölkələrin mütəxəssisləri arasında fikir ayrılıqları mövcuddur. Son nəticədə doğuş zamanı sudan istifadəni bütün dünya mütəxəssisləri tərəfindən dəstəklənir və tövsiyyə edilir. Artıq bütün xəstəxanalarda doğuş zamanı sudan istifadə etmək üçün lazımi şərait yaratmaq vaxtı gəlib çatmışdır.
Suda doğuş forması isə müvafiq qaydalar və təhlükəsizlik tədbirləri görülmək şərti ilə quruda olan doğuş forması qədər rahatdır. Hər iki halda risk dərəcəsi eynidir.
Suda doğuş harada və hansı şəraitdə aparıla bilər?
Suda doğuş zamanı istifadə olunan hovuz istənilən yerdə quraşdırıla bilər. Bu növ doğuş üçün 2 cür mühit yaradıla bilər. Bunlardan birincisi sabit, möhkəm və sərt hovuzlardır. Bu cür hovuzların ən böyük problemi gigiyenik təmizliyini və sterilizə edilməsini təmin etməkdən ibarətdir. Digər mühit isə hava ilə doldurula bilən hovuzlardan təşkil olunur. Bu cür hovuzların birdəfəlik istifadə üçün nəzərdə tutulan üzlükləri olur. Ona görə də gigiyena və sterilizə edilməsi baxımından daha əlverişlidir. İstənilən otağa tez və rahat quraşdırılması və yumşaqlığı da digər üstün cəhətlərindəndir.
Suda doğuş necə həyata keçir?
Bu növ doğuş üçün əvvəlcədən bir neçə şərti yerinə yetirmək məqsədəuyğundur. Doğuşdan əvvəl ailənin müvafiq sahə üzrə mütəxəssisi tərəfindən maarifləndirilməsi şərtdir. Ailəyə qarşılaşa biləcəyi vəziyyət və bu vəziyyətlərdə necə davranmaq lazım olduğu barədə ətraflı məlumatlar verilməlidir. Beləliklə, ailə təşviş yaşamaz, doğuş prosesi daha sakit və rahat keçər.
Digər bir şərt ananın suda doğuş etmək üçün uyğun sağlamlığa malik olmasıdır. Riskli hamiləliklər üçün suda doğuş uyğun seçim deyildir.
Ailəyə dəstək olan mütəxəssislərin (xüsusilə birbaşa nəzarəti həyata keçirən mamaçanın) suda doğuş mövzusunda mütləq təcrübəsi olmalıdır. Xəstəxananın təcili vəziyyətlər üçün kifayət qədər heyəti və vəsaiti olmalıdır. Bu şərtlər daxilində suda doğuş həyata keçirilə bilər.
Doğuş tam açılış mərhələsinədək kənarda keçirilsə daha yaxşıdır. Çünki ilkin mərhələdə suya daxil olmaq doğuşu gecikdirə bilər. Suyun hərarəti nə ananın üşüyə biləcəyi qədər soyuq, nə də onun tərləyə biləcəyi qədər isti olmamalıdır. Bu baxımdan suyun müvafiq tempraturu daim nəzarətdə saxlanılmalıdır.
Adətən suya girdiyi andan ana dinclik və rahatlıq hiss etməyə başlayır. Suyun həm qaldırma qüvvəsi ananı rahatlayır, həm də suya daxil olduqda ifraz olunmağa başlayan endorfin hormonu gərginliyi azaldır. Bəzi analar suya daxil olduqdan sonra doğuş sancılarının dayandığını desələr də, müayinələr zamanı əksinə doğuş sancılarının artdığı təyin olunmuşdur.
Doğuşdan sonra körpənin ilkin müayinəsi elə anamın qucağındaca aparıla bilər. Burada uşaq həkimlərini öncədən mütləq məlumatlandırmaq lazımdır. Çünki quruda doğuşla müqasiyədə suda doğuş zamanı körpələrin aktivliyi bir az gecikə bilər. Çünki bu cür doğuş zamanı körpələr ani doğuş şokunu yaşamadıqları üçün nəfəs alıb-verməkləri bir az ləngiyə bilər. Göbək ciyəsi dərhal kəsilmədiyi üçün körpələr oksigen çatışmazlığı yaşamır, oksigenlə tam təmin olunurlar.
Doğuşun üçüncü mərhələsi hesab olunan plasentanın çıxmağı suda da ola bilər. Amma aparılan təcrübələrə görə quruda çıxmağı daha təqdirəlayiqdir. Bunun üçün ana hovuzun yanındakı çarpayıya qaldırılır. Qurulanan vaxta qədər körpəni ata saxlayır. Ana hazır olduqdan sonra isə ana ilə körpə arasında dəri-dəriyə (bədən-bədənə) təmas yenidən davam edir. Dəri -dəriyə təmas həm plasentanın tez çıxmasına, həm də qanaxmanın miqdarının azalmasına müsbət təsir edir.
Hansı hallarda suya doğum düzgün hesab olunmur?
Təcrübələrimizə əsaslanaraq aşağıdakı hallarda suya doğuşu düzgün hesab etmirik;
- Döldə inkişaf geriliyi olduqda,
- Dölün ölçüləri çox böyük olduqda (4500 qr və daha artıq),
- Əkiz hamiləliklərində,
- Yüksək qan təyziqi olduqda,
- Şəkər xəstəliyi olduqda.
Aşağıdakı hallar baş verdikdə isə, ana suda olduqda belə təcili sudan çıxarılmalıdır:
Dölün ürək döyüntülərində azca da olsa azalma olduqda,
Uzunmüddətli gücənmə vaxtı anada halsızlıq baş verdikdə,
Anada təşviş və etimadsızlıq olduqda,
Qanaxma şübhəsi olduqda,
Bəzən üşümə və ya həddən artıq tərləmə halları baş verdikdə.
Suda doğuş mövzusunda anaları qorxutmaq nə dərəcədə doğru deyilsə, eləcə də bu cümləni işlətmək də doğru deyildir: “Suda doğuş ən yaxşı doğum formasıdır”. Suda doğuş sadəcə təbii doğuşun formalarından biridir. Bəzi analar üçün uyğundur, bəzilərinə isə uyğun deyildir. Hansı cür aparılmasından asılı olmayaraq, doğuş ciddi yanaşma tələb edən bir prosesdir.
Mənbə: dogumakademisi.com
Tərcümə: Xəyalə Yusifsəfər