Bağla

Uşaqlı səfər üçün 10 qayda

Səfər və səyahət etmək müsbət təəssüratlarla bol olmasına baxmayaraq əksər hallarda yorucu olur. Həm nəqliyyatda keçirilən müddət, iqlimin və saat qurşağının dəyişməsi müəyyən növ fiziki narahatlıq və gərginlik yarada bilir. Körpə və ya uşaqla edilən səfərin valideyn üçün iki dəfə daha çətin olduğu hamıya məlumdur. Uşaqlar nəqliyyat vasitələrindən tez yorulur, hərəkət etmək üçün daha çox məkan istəyir, ürəkləri bulanır, yemək yeməkdə problemlər yaradır üstəlik yol yorğunluğu müxtəlif cür kaprizlər vasitəsilə özünü göstərə bilir. Uşaqlı valideynlərin səyahəti asanlaşdırmaq üçün bir neçə ipucu təqdim edirik:

Səyahətin vaxtını öncədən nəzərə almaq səfər ediləcək müddəti imkan daxilində gecə saatlarına planlaşdırmamaq və uşaqların vərdiş etibarilə daha rahat olduqları vaxta salmaq valideynlərə daha az stress yaşadacaqdır.

Səfər çantalarını yığarkən hər ailənin üzvünün adına ayrıca bir çanta (çemodan) yığmaq oteldə lazım olan əşyaları daha rahat tapmağa imkan verəcəkdir. Səfər olunacaq hər günün sayına uyğun olaraq bir alt və üst paltar dəsti seçmək məqsədəuyğundur.

Hansı nəqliyyat vasitəsilə səfər etməyinizdən asılı olmayaraq özünüzlə yola tez xarab olmayan müxtəlif cür çərəzlər götürməyi planlaşdırın. Bu uşağınızın çox sevdiyi təmizlənmiş günəbaxan tumları, qovrulmuş fındıq, təmizlənmiş badam, evdə hazırlanan kurabiyələr, suxarilər, yuyulmasına ehtiyac olmayan meyvələr (banan, naringi, portağal, nar) ola bilər.

Səfərə özünüzlə əlavə boş çanta və çemodan götürmək sizə getdiyiniz yerdən bazarlıq edib hara yığacağınız kimi problem yaratmayacaq üstəlik əlavə çemodan almağa vaxt və vəsaitinizi qənaət edəcəkdir.

Maşınla səyahət zamanı mütləq şəkildə avtomobil oturacağından istifadə etməyin. İstər şəhərdaxili istər şəhərdənkənar hərəkət üçün vacibliyi danılmazdır. Bu oturacaqlar uşaqların təhlükəsizlik təminatından başqa uzun məsafələrə səfər etməkdə də öz faydasını heç azaltmır. Araşdırmalara əsasən uşaq avtomobil oturacaqları yol qəzası zamanı 50-80% ölüm və müxtəlif növ xəsarətləri azaltmağa səbəb ola bilir. Oturacaqda təhlükəsizlik kəmərləri ilə bağlanan uşaqlar yolda valideynlərini yormadan rahat yata bilərlər. Bundan əlavə onların müxtəlif növ oyuncaqlarla da oynamaq imkanları olacaqdır. Həmçinin xatırladaq ki, valideynlər uşaqlarını nə qədər tez avtomobil oturacağına öyrəşdirsələr bir o qədər bu məsələdə az problemlərlə üzləşəcəklər. Maşınla uzun səfərlər etmək mümkün olmasa da ailəvi ölkədaxili və yaxın ölkələrə səfər etmək üçün çox uyğundur beləki, uşaqlar yorulduqca müxtəlif məntəqələrdə saxlayıb rahat gəzişmək, yemək yemək və ya sadəcə ətrafın gözəlliyindən həzz almaq mümkündür.

Təyyarə ilə səyahət zamana qənaət etməklə uzun məsafələr qət etməyə imkan verir. Lakin bu vasitə uşaqlar üçün daha cansıxıcı ola bilər.

Təyyarəyə minməmişdən öncə uşaqları yedizdirmək. Toxluq uşaqların təyyarədə yuxuya gedərək yolun əksər hissəsini yatma ehtimalını artırır. Üstəlik aclıqdan uşaqların hövsələdən çıxmasına imkan vermir və təyyarə salonunda çətinliklə yedirtməyə ehtiyac olmur.

Təyyarəyə minməmişdən öncə uşaqları ayaqyoluna aparmaq, körpələrin isə bezlərini dəyişmək çox məqsədə uyğundur. Bu valideynlərə təyyarənin dar tualetlərinə uşaqla birlikdə yerləşmək kimi narahatlıqdan azad edəcəkdir (ən azında bir dəfə daha az getməyə səbəb olacaqdır).

Təyyarə qalxarkən və ya enərkən uşaqlara içməyə maye vermək, körpələri isə əmizdirmək onların tutulmuş qulaqlarını udqunaraq açılmasına yardım edəcəkdir.

Ürəyi bulanan uşaqlara limonlu su və ya nanəli konfet vermək onların ürəkbulanmalarını azalda bilər.

Körpələrlə səyahəti daha rahat etmək üçün slinqdən istifadə edin. Bu valideynlərin əllərini azad etməklə uşağa rahat mövqedə yatmağa imkan verəcəkdir.

Körpəlikdən avtomobil oturacağına öyrəşdirin!

Hər bir valideyn üçün övladının təhlükəsizliyi ən başlıca məqamlardandır. Həmçinin uşaqların ilk gündən təhlükəsizliyinin təminatı məhz valideynlərin üzərindədir. Hər il dünyada 1,24 milyon insan yol-nəqliyyat qəzasında dünyasını dəyişir. 20-50 milyon insan isə qeyri-ölümcül zədələrə məruz qalır və onların əksəriyyəti əlil olur. Rəsmi mənbələrdən verilən məlumatlara əsasən 2014-cü ildə Azərbaycanda 2635 yol-nəqliyyat hadisəsi nəticəsində 1124 nəfər dünyasını dəyişmiş, 2676 nəfər bədən xəsarətləri almışdırlar. Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, təlimata uyğun quraşdırılmış və düzgün istifadə edilən uşaq və körpə təhlükəsizlik avadanlıqları uşaq ölümünü təxminən 70%, körpə ölüm riskini isə 54% -80% azalmasına vacib bir vasitədir. Yol təhlükəsizlik avadanlığı dedikdə sözsüz ki, söhbət uşaq maşın oturacaqlarından gedir. Əksər inkişaf etmiş ölkələrdə bu növ təhlükəsizlik tədbiri icbari xarakter daşıyır və oturacaqsız maşında gedən uşağın valideynlərinə cərimələr tətbiq edilir. Məsələ o qədər ciddidir ki, yenicə anadan olan körpə xəstəxanadan evə buraxılarkən avtomobil oturacağını mövcudluğu mütləq şəkildə yoxlanılır. Əks təqdirdə valideyn oturacağı quraşdırmayınca körpə evə buraxılmır. Ümumiyyətlə bütün valideynlərə uşağın yaşından asılı olmayaraq mütləq şəkildə maşın oturacağı əldə etmək tövsiyə olunur. Körpə nə qədər erkən oturacağa otuzdurularsa bir o qədər rahat təhlükəsizliyə alışdırılmış olar. Daha gec uşaq oturacağına otuzdurulan körpə və uşaq valideynlərinin əksəriyyəti müəyyən imtina və narazılıqlarla üzləşirlər. Bu səbəbdən dünyaya gələcək körpənin cehizinə ilk alınmalı olan məhsul məhz avtomobil oturacağı olmalıdır. Avtomobil oturcaqlarını daha bir rahatlığı ondan ibarətdir ki, körpəni qucaqda saxlamağa ehtiyac yoxdur. Nəticədə valideynlərdən biri tək başına maşın sürərək körpə və uşaqla şəhərdaxili eləcə də uzun məsafələr qət edə bilirlər.

Müəllif: Səltənət Zülfüqarova

1 Şərhlər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram