Bağla

Qucaqlaşmaq mütləqdir!

Desəm ki, günümüzdə uşaqlarını xüsusən oğlan uşaqlarını yalnız yatarkən qucaqlayan və əzizləyən valideynlər var, inanarsınızmı? Bəli, onlar bizim aramızda yaşayır, işləyir, çalışırlar. Bu növ valideynlər düşünürlər ki, uşaq valideyndən nə qədər çox fiziki nəvaziş, qayğı və sığal görərsə tərbiyə prosesi bir o qədər mürəkkəbləşər və uşaqlar ipə-sapa yatmazlar. Qucaq mövzusuna diqqət yetirmək vacibdir.

Nədənsə bu növ valideynlər “qadın kişidən nə qədər qorxarsa bir o qədər yaxşıdır” prinsipinin tərəfdarlarını xatırladır. Həqiqətdə isə qan və canla yaxın olan insanlar arasında fiziki nəvazişin ən yüksək forması olan “sarılma” münasibətlərin sağlamlığı və balansı üçün çox önəmlidir. Ailə psixoloqu Virginia Satir qeyd edir:

“Yaşam üçün bizim gündə 4, mənəvi bərpa üçün gündə 8, böyümək və inkişaf etmək üçün isə gündə 12 dəfə qucaqlaşma ehtiyacımız var”.

Anladığınız kimi körpənin və uşaqların qucaqda olmaq və qucaqlaşmaq niyyəti ərköyünlük yox, mənəvi və psixoloji bir ehtiyacdır. Cəmiyyətdə sezdiyimiz qaraqabaq, üzügülməz və passiv aqressiv insanların böyük əksəriyyətinin çox ehtimal ki, uşaqlıqda “qucu-qucu” ehtiyacları ödənilməmiş və ya cüzi ödənilmişdir. Qucaq hissi uşaqlar üçün vacibdir.

Cəmiyyətdə sezilən digər bir xoşagəlməz hal, xüsusən yeniyetməlik dövründə qarşı cins tərəflərinin bir-birində fiziki nəvaziş və təsəlli tapmağın eybəcər bir formada həyata keçirmələridir. Məşhur amerikalı psixoloq Gary Chapman “5 languages of love” kitabında bunun izahını çox gözəl şəkildə oxuyucularına çatdırır. Müəllif qeyd edir ki, əksər yeniyetmələrin istər qız, istərsə də oğlan tərəfindən qeyri-rəsmi cinsi münasibətlərə can atmasının səbəbi yaxın ailə üzvlərindən emosional və fiziki nəvaziş görməmələrindən qaynaqlanır. Kim bilərdi ki, yeniyetməlik dövründə erkən hamiləliklərin artması, yeniyetmə depressiyaları və aqressiyaları və bu kimi xoşagəlməz hallara profilaktika sadəcə qucaqlaşmaq ola bilər? Əslində bunun biokimyəvi səviyyədə baş verən və elm tərəfindən açıqlanan səbəbləri vardır. Bəli, yenə də hormonlar!

Qucaqlaşma prosesi bədəndə oksitosin- “sevgi”, serotonin-“xoşbəxtlik” və dopamin -“həzz” hormonlarının ifrazına səbəb olur. Bu hormonlar depressiya, stress, yüksək qan təzyiqi və ürək xəstəliklərinə qarşı bədənin ən gözəl profilaktikasıdır. Qucaqlaşma bədəndə ağ qan hüceyrələrinin istehsalını artırmaqla immun sistemini gücləndirir. Qucaq hər bir ailədə münasibətlər və sağlamlıq üçün əhəmiyyətlidir.

Qucaqlaşmaq istənilən yaşda təklik hissi, qorxu, həyəcan, hirs, təcrid olma kimi hissləri azaldır, çünki, bədəndən-bədənə nəvaziş təhlükəsizlik və əminlik hissləri oyadır. Bu isə öz növbəsində xüsusən əksər valideynlərin arzuladığı açıq və dürüst kommunikasiya qurmağa zəmin yaradır. Bu səbəbdən növbəti dəfə yaxınlarınızla- xüsusən uşaqlarınızla ciddi söhbətə başlamamışdan öncə onları qucaqlamağa çalışın. Qucaqlaşma hər iki tərəfin özünəinam hissini artırır, sinir sistemini balanslaşdırır, mənfi fikirləri və hissləri qovaraq, bədənimizi ürəyimizin və nəfəsimizin ritminə calayır.

Həmçinin qucaqlaşma insanlarda bölüşmək və paylaşmaq kimi ali hissləri oyadır. İnsanlar xüsusən valideyn və uşaqlar arasında olan münasibətlərə ən gözəl sərmayə kimi qiymətləndirilir çünki, barışıq, anlama və fəhm hissləri oyadır. Qucaqlaşmaq üçün uşağın böyüməsini gözləmək lazım deyil. Onlar hələ kiçik ikən onları tez-tez qucağınıza alın, körpələrin qucağa öyrəşməyindən qorxmayın. Emory Universitetinin araşdırmasına görə bolluca qucaq alan körpələr daha az stressə məruz qalırlar və böyüdükdə streslərinə daha yaxşı qalib gələ bilirlər. Hətta ahıl yaşda olan valideyn, nənə-baba və qohumları da qucaqlamağı unutmamaq və onlara beləcə xoş nəvaziş göstərmək mütləqdir.

Əlavə araşdırmalar göstərir ki, ananın bətnində yaşayan körpə dünyaya gələndən sonra qucağa və bədən təmasına çox ehtiyacı olur. Məhz bu səbəbdən müasir tibb körpəni doğulan kimi ana və ya atanın qucağına qoyulmasını dönə-dönə məsləhət görür. Doğulduqdan sonra çoxlu bədən təmasında olan körpələr daha az qazlılıqdan əziyyət çəkirlər. Atalar unutmamalıdır ki, istənilən yaşda övladının qucaqlaşma nəvazişində onlara da böyük ehtiyac var. Uşaqlarının qucaqlamaq təkcə ananın vəzifəsi və adəti deyil. Həmçinin, nəzərə almaq lazımdır ki, qucaq ailə bağlarını gücləndirir.

Səhəri ailəvi qucaqlaşma ilə açmağı və ya yatmazdan öncə “yuxun şirin olsun” adətini qucaqlaşma ilə müşayiət etməyi ənənəyə çevirməyə dəyər. Heç kəsi kənarda qoymayın: körpələrinizi, uşaqlarınızı, yeniyetmələrinizi, valideynlərinizi, qayın valideynlərinizi və əlbəttə ki, həyat yoldaşınızı sidq ürəklə qucaqlayın.

Uşaq nədir, qucaq nədir?

Gənc valideynlər tez-tez “Körpəni qucağa öyrəşdirməyək” və ya “Körpəni qucaqda gəzdirmək gərəkdirmi?” sualları ilə üz-üzə dururlar. Bu sualları cavablandırmaq üçün körpənin ilkin ehtiyaclarına köklənək. Gəlin doğuşa start xətti kimi baxaq. Körpənin bətnxarici dünyada özünü hiss etməsi haqda kanadalı həmkarım Bryna Sampey maraqlı bir analogiya gətirir:

“Təsəvvür edin, birdən-birə tanımadığınız bir şəhərin qatar stansiyasında peydə oldunuz. Ətrafınızda gür işıqlar, tanımadığınız və dilini anlamadığınız çox saylı insanlar var. Üstəlik ətrafınız ötüb keçən qatarların səsləri kimi gur səslərlə doludur. Siz bu qatar stansiyasında soyuq havada tamamilə lütsünüz, bədəniniz isə yaşdır.”

Təsvir edilən vəziyyətdə hətta böyük insanın acizliyini anlamaq çətin deyil. Körpə dünyaya gəldikdə cüzi eytiyacları var: qida, təmizlik və təhlükəsiz mühit! Bütün bunlarla körpə ana bətnində olarkən, heç bir maneə olmadan təmin edilirdi. Lakin körpə dünyaya gəldikdən sonra artıq ehtiyaclarını ödəyən, qayğıkeş böyükdən ifrat asılılığı yaranır. Aydın məsələdir körpə dünyaya gələn kimi bu ehtiyacları sərbəst şəkildə ödəyə bilmir və hələ uzun müddət də ödəyə bilməyəcək. Çünki canlı nə qədər alidirsə, onun yetkinliyə və sərbəstliyə çatmasına daha uzun zaman tələb olunur. Bunu asanlıqla heyvanat aləmində həşəratlar, balıqlar, sürünənlər və məməlilərin nəsil yetişdirməyində də sezmək olur. Təbiətdə məməlilər daha uzun müddət körpələrinin qayğısını çəkməli olurlar. Qucaq burada həyati rol oynayır.

Valideynlər körpə dünyaya gəlməmişdən öncə artıq anlamalıdırlar ki, körpə dünyaya gələndən sonra da böyükləri ilə sıx təmasda olacaq və olmalıdır da. Çünki, böyüyünün himayəsində olmaq körpə üçün həyatının təhlükəsizliyinin başlıca təminatıdır. Körpə hamiləlikdə anasının bətnində yaşadığı təqdirdə, doğulduqdan sonra anasının və atasının qucağında yaşamağa başlayır.

Perinatal psixoloq Lyudmila Petranovskaya kitablarında dəfələrlə qeyd edir ki, körpə doğulduqdan sonra bətndaxili və bətnxarici dünyalar arasında asılmış bir vəziyyətdə olur. Onun bətnxarici dünyaya tamamən göz açması bir neçə ay çəkə bilir. Sanki, insan övladı uzun və dərin yuxudan sonra yavaş-yavaş oyanıqlıq göstərir. Məhz bu fazada valideynlərin rolu körpəyə axıcı, stressiz, ağrısız keçidə yardım etməkdir.

Unutmayaq ki, körpə böyüklərdən fərqli olaraq vəziyyətin məntiqi ardıcıllığını və səbəblərini anlaya bilmir. Əgər körpə qorxduqda, üşüdükdə və ya acdıqda qucağa götürülmürsə, tək başına ağlayıb sakitləşməsinə qədər tərk edilirsə, o bu vəziyyəti məhvinə gedən yol kimi qiymətləndirir. O anlamır ki, “valideynlərim məni sadəcə qucağa öyrəşdirməmək üçün götürmürlər”. Məşhur pediatr Karlos Qonzales kitablarından birində qeyd edir:

“Türmələr və ruhi xəstəxanalar körpəlikdə tez-tez qucağa götürülən və zorla ana südü ilə qidalandırılan adamlarla dolu deyil. Tam əksinə orada, atılmış, imtina edilmiş və valideynləri tərəfindən pis davranış görən insanlara rast gəlmək olar. Sevgi hələ heç kimi korlamayıbdır.”

Müəllif: Səltənət Zülfüqarova

4 Şərhlər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram