vib.az saytının Facebook sosial şəbəkəsində 6 ildən artıq müddətdə anaları ətrafına toplayaraq ana südü mövzusunda maarifləndirən və əmizdirmə problemlərioni dəf etməyə yardım olan “anaüdü.az” qrupu mövcuddur. Şübhəsiz ki, islənilən ana qrupa üzv ola, suallarına cavab tapa və müxtəlif mövzularda rəy bildirə, öz təcrübəsi ilə paylaşa bilərlər. Qrupda Azərbaycanın Ağdaş, Şəmkir, Goranboy, Sumqayıt, Xırdalan, Masallı, İsmayıllı, Gəncə, Zaqatala, Şəki, Naxçıvan kimi şəhər və rayonlarından savayı Kanada, Rusiya, Türkiyə, Qazaxıstan, Almaniya, Çexiya, Norveç, BƏƏ, Avstraliya, Birləşmiş Krallıq, Hollandiya, Fransa, ABŞ kimi xarici ölkələrdə yaşayan xanım üzvləri var. Qrup üzvləri arasında analara körpələrini ana südü ilə qidalandırmağa mane olan insanları təxmin etmək üçün keçirilən sorğunun nəticələrini təqdim edirik:
Əmizdirmə prosesinə mane olanlar sırasında ilk yerdə qaynana və ya xanımların analarıdır. Məsələ çox sadədir, yardım etməyə cəhd edən qaynana və ya ana istəmədiyi bir tərzdə əmizdirən anaları süd ehtiyatlarına dair şübhələrə salırlar. Təcrübəsiz anaların özünəinam hisslərini tamamilə sarsıdaraq, vəziyyəti öz əllərinə almağa cəhd edirlər. Körpənin hər ağlamasına ürək yanğısı ilə yanaşan nənələr səbəbi ana südünün çatışmamağında görürlər. Bəzi hallarda evin işlərinin gəlinin üstündə olması faktoru da anaya əmizdirməyə mane olur, bu halda nənə evin yükünü boynuna götürmək və anaya əmizdirməyə şərait yaratmaq əvəzinə körpəyə baxmağa üstünlük verirlər.
Reytinqin ikinci yerini həkimlər tutmaqdadır. Buraya analar həm ginekoloqları, həm neonatoloqları, həm də pediatrları aid edirlər. Şübhəsiz ki, Azərbaycanda ana südünün təbliğatı ilə ciddi şəkildə məşğul olan, anaları maarifləndirən savadlı və peşəkar pediatrlar mövcuddur. Lakin faiz etibarilə maddi maraqlarına güc gələ biləməyən və bu səbəbdən ana südündən çox süni qidaya üstünlük verən, əmizdirmə məsələlərində savadı və səriştəsi aşağı səviyyədə olan həkimlər daha çoxdur.
Sorğuda iştirak edən bir qisim analar hesab edir ki, əmizdirməyə heç bir maneələr yoxdur. Digər bir qisim isə hesab edir ki, ananın özü əmizdirmə prosesinə maneədir. Belə ki, bir sıra analarda əmizdirmə problemləri sağlamlıqla əlaqədar ola bilir.
Növbəti pillələri tibb bacıları və qohumlar tutur. Adətən tibb bacıları tamamilə əsassız və sübutsuz olaraq analara südün olmayacağı proqnozunu verirlər. Bu hal tibb personalının ana südü mövzusunda savadsızlığından irəli gəlir. Əksər hallarda maariflənmiş analar tibb bacılarına əmizdirmə normaları haqqında düzgün məlumat verməli olurlar. Halbuki, məhz tibb bacılarının öhdəliyidir ki, gənc və təcrübəsiz anaları əmizdirmə suallarında məlumatlandırıb dəstək göstərsinlər.
Bu sorğuda ən böyük sevindirici hal ataların heç bir mənfi reytinq yığmamalarıdır. Bu onu göstərir ki, Azərbaycanlı atalar ana südünün tərəfdarlarıdır və yoldaşlarını əmizdirmə prosesi kimi keşmə-keşli yolda dəstəkləyirlər.
Sözsüz ki, sorğunun göstəriciləri təqribidir və reallığı tam açıqlaya bilmir. Amma ən azından ümumi mənzərəni göstərir.
Hazırladı: anasüdü.az