Məlumdur ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə əsasən körpələrə həyatlarının ilk 6 ayı ərzində yalnız ana südü verilməli, 2 yaşına qədər isə uşaqlar əlavə bərk qida ilə yanaşı ana südü ilə qidalandırılmalıdır. Lakin bəzi istisna hallar var ki, bu hallarda anaya döşlə əmizdirməyə qarşı bəzi əks göstərişlər yaranır. Bunların bəzisi müvəqqəti, bəziləri isə daimi ola bilər.

Əks göstəriş üçün səbəblərin ən çox rast gəlinənlərindən biri müasir dövrdə geniş yayılmış infeksiyalardir. İnfeksiya xəstəlikləri bakteriya, göbələk və ya virus tərəfindən əmələ gəlir, bir insandan digər insana, həmçinin heyvandan və bitkidən insana keçmək təhlükəsi yaranır. İstənilən mənşəli infeksiyalara yoluxmanın əksər hallarında əmizdirməni davam etmək mümkündür. Bu zaman analara sadə gigiyenik qaydalara riayət etmək tövsiyyə olunur:

  • Ana əllərini tez-tez yumalı
  • Açıq yara və səpgiləri örtməli və həmin nahiyyə ilə təmasa yol verməməli
  • Körpənin anasının selikli qişasına xüsusən burun və ağzına toxunmasının qarşısı alınmalı
  • Bəzi hallarda ana steril əlçək və maska geyməli

Ananın əmizdirməni davam etməli yoxsa dayandırmalı sualına cavab kifayət qədər mürəkkəbdir. İlk növbədə anada mövcud olan xəstəliyin mənbəyi araşdırılmalı və düzgün diaqnoz qoyulmalıdır. Aşkarlanan xəstəlik haqqında anaya və körpənin digər yaxın qohumlarına təfərrüatlı məlumat verilməlidir. Əgər infkesiya ana südü vasitəsilə keçirsə, o zaman əmizdirilmə dayandırılmalı və ana müalicə almalıdır. Əgər infeksiya ana südü vasitəsilə keçmirsə, lakin hava-damcı və təmas zamanı keçirsə bu halda ana və körpə biri-birindən təcrid edilir lakin ananın sağılmış südü körpəyə davamlı olaraq verilməsi həyata keçirilir. Əgər müalicə zamanı istifadə olunan dərman preparatları südə keçirsə, müalicə zamanı əmizdirmə dayandırılmalı və donor südü tətbiq edilməlidir. İnfeksion xəstəliklərin daha ətraflı təsnifi üçün Childbirth İnternational Təlim Təşkilatı tərəfindən tərtib edilmiş aşağıdakı cədvəllər verilmişdir.

Anada istənilən növ xəstəlik müşahidə edilərsə, valideynlər xəstəlik haqqında, onun körpəyə yetirəcəyi potensial risk və zərərlər haqqında həkimlər və tibbi personal tərəfindən məlumatlandırılmalıdırlar. Əmizdirmənin dayandırılması mütləqdirsə, anaya beynəlxalq səhiyyə standartlarına uyğun olaraq aşağıdakılar təklif edilməlidir:

  • Ana körpədən təcrid olunmalıdır lakin südü yoluxucu deyilsə, bu halda ananın özünün sağılmış və ya dondurulmuş südü.
  • Ana körpədən təcrid olunmasa da südü yoluxucudursa, bu halda donor südü. Əgər donor südü əldə etmək heç cür mümkün deyilsə, o zaman yeganə alternativ olaraq süni qida tövsiyə oluna bilər.

Müəlliflər: Nərgiz İsmailova Yusifli, Həkim-infeksionist.

Səltənət Zülfüqarova, Əmizdirmə məsləhətçisi.

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.