Birinci səhv: narahat oturmaq! Analar o qədər mərhəmətlidirlər ki, özündən öncə qayğısını çəkdiyi insanları düşünürlər. Bu əmizdirmə prosesində də özünü göstərir. Ana özünün rahatlığından öncə körpənin rahatlığını düşünür. Bəzən necə gəldi, harda gəldi oturaraq körpənin döşə düzgün qoyulmasına cəhd edir. Lakin düzgün və ağrısız əmizdirmənin açarı ananın rahatlığındadır. Ana ilk növbədə öz yerini rahatlamalıdır, bədəni tamamilə boşalmalı və heç bir əzələsini gərgin edən tərzdə oturmamalıdır. Ananın rahat mövqe alması anadan-anaya dəyişə bilir. Hər kəs öz rahatlığını özü təyin edib tənzimləyə bilər.

Təsəvvür edin ki, beyniniz skaner aparatıdır və siz bütün bədəninizi həmin skanerdən keçirməlisiniz. Əmizdirmə üçün yerinizi rahatlayın, rahat oturub gözlərinizi yumun sonra isə başdan ayağa qədər hər bir bədən hissənizi xatırlayın və onu boşaltmağa çalışın. Çənə, boyun, çiyinlər, kürək, dirsəklər, dizlər və ayaqların hər birinə nəzər salın. Hansı nahiyyənizdə gərginlik var? Həmin nahiyyəni boşaldıb relaks edəndə əlavə dayağa ehtiyac varmı? Dayaq qismində kürəyinizi və boynunuzu arxaya söykəyə bilərsiniz, dirsəklərinizin altında yastıqlar, ayaqlarınızı isə üzərinə qoya biləcəyiniz alçaq kətil ola bilər.

Ana rahat mövqe alandan sonra artıq körpəsini qucağına götürüb əmizdirməyə başlaya bilər. Düzgün və rahat oturmaq üçün anaya bir neçə dəfə mövqeyini düzgün tutmağı öyrənmək gərəkdir. Sonralar artıq bədənin əzələ yaddaşını işə salacaq və ananın əlavə səylərinə ehtiyac qalmayacaqdır.

İkinci səhv: körpəni döşə böyrü üstə qoymaq. Daha aydın şəkildə anlamaq üçün videomuzu izləyək!

Üçüncü səhv: papaqda və əlcəkdə körpəni döşə qoymaq və əmizdirməyə cəhdlər etmək. Beynəlxalq təcrübəyə əsasən, əgər körpə erkən doğulmuş, yaşına görə çox kiçik və çəki yığmaqda əziyyət çəkmirsə onun isti aylarda ümumiyyətlə, sərin havada isə ev şəraitində papağa ehtiyacı yoxdur. Körpəyə papaq yalnız 16 dərəcədən aşağı olan mühitdə lazım ola bilər.

Müşahidələrə əsasən körpənin əyni mühitə nisbətdə qalın olarsa, onun döşdən imtina halları baş verə bilər. Həmçinin körpənin yuxululuq və süst halı kəskinləşə bilər. Bu səbəbdən körpənin olduğu mühitin temperaturundan asılı olaraq ona papaq geyindirmək daha məqsədəuyğundur. Unutmayaq ki, körpənin istilənməsi onun soyuqlaması qədər təhlükəlidir. 

Əlcəklərə gəldikdə isə xatırladaq ki, əmizdirmək üçün körpədə bir neçə anadan gəlmə refleksin iştirakı mütləqdir. Refleks dedikdə orqanizmin xarici və daxili mühitdə baş verən qıcıqlanmalara qarşı sinir sisteminin cavab reaksiyalarıdır.

Körpənin əmməyini dətəkləyən reflekslərdən biri Palmar tutma və ya yapışma refleksidir. Bu refleks körpənin əlinə toxunan müxtəlif əşyalardan yapışmasında müşahidə olunur və körpənin 3-4 ayına qədər izlənilir və sonra itir. Maraqlıdır ilk 3-4 ayında körpənin əşyalardan yapışmaq bacarığı ona nəyə lazım ola bilər ki? Əslində isə bu yapışma refleksin ana südünün stimulyasiya edilməsində çox böyük rolu var. Əmizdirən analardan soruşsaq təsdiq edərlər ki, körpələr ilk günlər əlləri ilə döşü tutmağa və ondan yapışmağa cəhd edirlər. Ananın bədəni isə körpənin bu siqnallarına südün daha çox ifrazı ilə cavab verə bilir.

Əmməyə dəstək olan digər biri isə Babkin refleksidir. Bu refleksi həmçinin körpənin əl-ağız refleksi kimi də izah etmək olar. Maraqlıdır ki, körpənin hər iki ovucunu ovuşdurduqda və ya ehmalca basdıqda o ağzını açır və əmmə həvəsi nümayiş etdirir. Bu unikal refleksdən istifadə edərək analar zəif və ya passiv döş əmən körpələrini daha fəal əmməyə həvəsləndirə bilirlər. Lakin əlcək geyindirilmiş körpənin həm tutma, həm də əl-ağız refleksi zəifləyir. Əlcək əmmə üçün vacib olan bu iki refleksləri bloklaya bilir.

Keyfiyyətli və müvəffəqiyyətli əmizdirmə üçün körpəyə papaq və əlcəklərin geyindirilməməsi və ya heç olmazsa əmizdirmə əsnasında çıxarılması vacibdir.

Dördüncü səhv: körpənin ağzını geniş açmasını gözləməmək. Körpənin ağzının geniş açması, əmizdirmənin rahatlığı üçün çox önəmlidir. Körpənin ağzının geniş açması üçün ana ona bunu nümayiş etdirə bilər. Yəni körpəyə baxaraq ana öz ağzını geniş aça və ucadan “A” səsini tələffüz edə bilər. Körpələr çox kiçik olsalar belə, güzgüləmə və ya yamsılama qabiliyyətinə malik olurlar. Dəfələrlə analarında geniş açılmış ağız görüdükdə həvəslə təlqid etməyə başlayırlar. Körpəni geniş açılmış ağızla döşə qoyulması haqda görüntülü izahat üçün videomuzu izləyək!

Beşinci səhv: körpəyə yalnız gilə vermək. Bu geniş yayılmış səhvə yol verməmək üçün videomuzu izləyək!

Altıncı səhv: körpəni uzaq tutmaq və döşü körpəyə gətirmək. Bunu təsəvvür etmək kifayət qədər çətindir. Bu səbəbdən ətraflı izahat verilən videomuza nəzər salaq!

Yeddinci səhv: körpənin başının arxadan itələyərək döşə sıxmaq. Bu deyərdim ki, ən kobud edilən səhvdir. Sözün bütün mənalarında bu cür kobudluq heç bir körpə üçün ürəkaçan deyil.

Səkkizinci səhv: əmizdirərkən körpəni qıdıqlamaq. Gənc analara verilən bu tövsiyələrə tez-tez rast gəlmək olar. “Körpə zəif əmirsə onun ayağının altını qıdıqla, baldırlarını möhkəm ovuşdur!” kimi məsələhət verənlərə bu sualı soruşmaq gərəkdir: “Siz rahat oturub yemək yeyərkən, yeməyin dadından, yediyiniz mühitdən zövq alarkən və zövqününüzün pikində rahatlanaraq yuxulayarkən, qəfildən masanın altından sizi baldır və ayaqlarınızdan qıdıqlasalar, xoş hallanıb daha da həvəslə yeməyə başlayarsınızmı?” Eləcə də körpələr böyüklər kimi müxtəlif mənfi və müsbət hisslər keçirməyə qadirdirlər. Döşdə baş verən mənfi hisslər asanlıqla əmmədən imtinalarla nəticələnə bilər. Elə isə zəif əmən körpəni həvəsləndirmək üçün papağını çıxartmaq, əynini bir qata qədər soyundurmaq və körpənin ovuclarının içini ovuşdurmaq kifayətdir.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.