Körpənin normal nəcisi necə olmalıdır? Körpənin artımının, inkişafının və böyüməsinin ayrılmaz hissəsindən biri nəcisə və sidiyə getməyidir. Valideynlər tez-tez körpənin nəcisinin rəngi, tezliyi, duruluğu və qatılığı ilə bağlı müəyyən narahatlıqlara qapılırlar. Əslində validyenlərin nəcis və sidiyə verdikləri diqqət kifayət qədər doğrudur. Məhz bu ifrazatlar körpənin sağlamlığında yaranan problemin erkən göstəricilərindən biri olar bilər. Həmçinin körpənin doyma əlamətlərindən biri də məhz adıçəkilən ifrazatlarla biruzə verilir.

Körpənin xüsusən nəcisi yaşına, qidasına, səhhətinə və inkişaf mərhələsindən asılı olaraq dəyişir. Blank Childrens Hospital bu dəyişiklikləri sadə şəkildə növlərinə görə təsnif edərək valideynlərə təqdim edir.

Yeni doğulmuş körpənin nəcisi

Körpənin ilk nəcisi dünyaya gəldikdən bir neçə saat və ya gün ərzində bədəndən xaric olmalıdır. İlk nəcis mekoniy və ya mekonium adlandırılır. Mühərrik yağına bənzəyən bu nəcis tünd yaşıl-qara çalarlarda və yapışqan kimi olur. Körpə doğulandan 2-4 gün ərzində nəcisin rəngi getdikcə açıq yaşıl və daha az yapışan bir hal alır.

Ana südü ilə bəslənən körpənin nəcisi

Adətən xardal sarı, yaşımtıl və ya açıq qəhvəyi rənglərdə olması normal hesab olunur. Bəzər tərkibində süd çürüntüsünə bənzər dənəciklər görünə və ya ishala bənzər duruluqda ola bilər. Müəyyən körpələrdə duru halda olan məcuna da bənzəyə bilir. Bunlar hamısı normal hesab olunur. Ana südü ilə bəslənən körpələrin nəcisinin qoxusu xoş olur.

Qismən həzm olunmuş qida dənələri

Körpə 6 ayından sonra əlavə qidaya keçərkən onun nəcisində qəbul etməyə başladığı müxtəlif qidaların hissəciklərini də sezmək olur. Körpənin qəbul etdiyi bütün qida həzm olunaraq parçalanmağa çatdırmadığından bu cür hallar ilə rastlaşmaq mümkündür.

Rənginə görə körpənin nəcisi

Yaşıl və ya yaşımtıl: Bəzən ananın tez-tez döşləri dəyişməsindən irəli gələ bilər. Körpə daha çox ön süd aldığından nəcisinin rəngi yaşıl ola bilir. Bunu müşahidə edən ana döşləri növbələməkdə bir neçə saatda bir dəyişməyi tətbiq etməlidir. Həmçinin ananın rasionunda olan allergenlərə həssaslığın əlaməti ola bilər. Bəzən hərarət, nəcisdə bəlğəm körpənin səhhətində narahatlıqla bağlı ola bilər: soyuqdəymə, bağırsaq infeksiyası, diş çıxartma və s. Əlavə qidaya keçid edən 6 ayından yuxarı körpələrdə isə bu rəng qəbul etdiyi tərəvəz və ya meyvənin rəngi səbəbilə də ola bilər.

Narıncı, sarı, qəhvəyi: Bu rənglər körpə üçün xas olan normal nəcisin göstəriciləridir.

Qara qan: Bəzən körpələrin nəcisində qanın qaralmış ləkələrini görmək olar. Bu əmizdirən ananın çatlamış gilələrindən gələn qanın qalıqları ola bilər. Bunun körpəyə bir zərəri yoxdur amma əmizdirən anaya əmizdirməni səhmana salmaqda əmizdirmə məsləhətçisinin köməyinə ehtiyacı var.

Narahat olmağa dəyər! Bu hallarda həkimə müraciət etmək gərəkdir.

Bərk və qatı: çınqıla bənzər nəcisin olması körpədə qəbizliyin əlamətindəndir. Adətən əlavə bərk qidaya erkən keçən və ya qida həssaslığı olan körpələrdə müşahidə olunur. Bu halda həkimə müraciət etmək gərəkdir.

Qırmızı qan: Bəzən qırmızı və ya qırmızımtıl olan nəcis körpənin 6 ayından sonra qəbul etdiyi qidanın rəngindən asılı ola bilir. Lakin bəzən nəcisdə qırmızı qanın olması allergiyanın, ishal və ya bakterial infeksiyanın nəticəsində görünə bilər.

Bəlğəm: selikli, yaşımtıl, bəlğmli nəcis hər hansı bir xəstəlik və ya infeksiyanın göstəricisi ola bilər.

Ağ: təbaşir kimi ağ rəngdə olan nəcis həzm sistemində problemdən xəbər verir.

Hazırladı: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.