5439

Ana südü ilə qidalanan körpələrin analarını ən çox maraqlandıran sual “Körpəm doyurmu?” sualıdır. Əksər analar körpənin tez-tez əmərək yuxulaması və yenidən oyanaraq döşə qoyulmasını istəməsi səhv və çaşdırıcı təəssürat yaradır. Gənc valideynlər unutmamalıdırlar ki, dünyaya yenicə göz açan körpənin çox kiçik ölçülü mədələri, məhdud gücləri və hələ tam formalaşmamış əmmə qabiliyyəti olur. Körpənin doyması haqqında əmin olmaq istəyən ana müxtəlif metod və vasitələrə müraciət edirlər. Körpənin doymasını yoxlamaq üçün bir sıra üsullar tətbiq oluna bilər:

Həftəlik ölçmələr. Bunu mütləq şəkildə həkim nəzarəti altında və həftədə daha sonralar isə ayda bir dəfədən çox olaraq etmək tövsiyə edilmir. Üstəlik əldə olunan nəticələr 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ingilis dilində qız və oğlan uşaqları üçün artım cədvəli tərtib etmişdir. Bu artım cədvəlinin, yalnız ana südü ilə qidalanan körpələr üçün standart və norma olaraq qəbul edilərək dünyada istifadəsi nəzərdə tutulub. 

Əgər həkiminiz bu cədvəldən deyil, başqa normativlərə əsasən ölçünü həyata keçirirsə əldə olunan qeyri-səhih məlumat körpənin normal çəki yığmamağı, doymaması kimi səhv diaqnozlara səbəb ola bilər. Üstəlik çəki ölçmələri hər dəfə müxtəlif tərəzilər və günün müxtəlif saatlarında həyata keçirilərsə nəticədə həqiqətdən kənar rəqəm göstərə bilər.

Süd transferinin ölçülməsi üsulu ümumiyyətlə mütəxəssislər tərəfindən dönə-dönə təkzib olunan bir metoddur. Körpənin doymasını təyin etmək üçün körpə tərəzidə ölçülür sonra isə anası tərəfindən əmizdirilərək yenidən tərəziyə qoyulur. Bu metodun naqisliyi ondan ibarətdir ki, körpə əhval və iştahından asılı olaraq transfer ölçülən zaman adətindən daha az və ya çox yeyə bilər.

Ana südünü sağıb ölçmək. Ana südünün miqdarını və nəticədə körpənin doymasına dair fikir yürütmək üçün anaya südünü sağıb ölçməyi təklif edirlər. Bu üsul da çox səhv nəticələr verə bilər.

Çünki:
Ana sağma qabiliyyətindən asılı olaraq istehsal etdiyi südün miqdarından qat-qat az süd sağa bilər.
Ana stress yaşadığından daha az süd sağa bilər.
Körpənin əmməsi ananın sağmasında dəfələrlə çox məhsuldardır və ananın döşündən xeyli miqdarda süd çıxartma qabiliyyətinə malikdir.

Lakin ən etibarlı və düzgün üsullardan başlıcası yaş və çirkli (nəcisli) bezləri saymaqdır. Çünki bədən nə qədər qəbul edirsə bir o qədər də ifraz edir. 1-2 günlük körpənin mədəsinin ölçüsü təxminən bir albalı, 3-4 günlük bir qoz, 5-6 günlük bir ərik, 1-3 həftəliyin isə bir toyuq yumurtası böyüklüyündədir. Məhz bu səbəbdən körpəyə qida rejimi tətbiq olunmadan, tez-tez və az-az yeməsi tamamilə normaldır.

Hesablamalara görə sutkada 8-12 əmizdirmələr və nəticədə eyni sayda sidiyə getmələr olmalıdır. Pediatrların tövsiyyələrinə görə körpələrə 6 ayına kimi ana südündən əlavə heç bir formada digər mayelər (su, çay, şirə və s.) verilməməlidir.

Yalnız ana südü ilə qidalandırılan körpələrin yaş və çirkli bezlərinin sayılması üsulu onların doyması haqda ən dürüst məlumat verə bilər. Etalon olaraq bir uşaq bezinə 1 xörək qaşığı su tökün, bu sizə bir sidiyə getmə miqdari haqqında təsəvvür yaradacaqdır. Baxmayaraq ki, uşaq bezləri körpələri uzun müddət quru saxlamaq xassəsinə malikdir lakin xaricdən hətta bir dəfə yaş olan bez yumşaq olur. Bu göstəriciyə əsasən cüzi miqdarda yaş və yumşaq olan bezi dəyişərək sayını qeyd etmək olar. Beləcə sutkada körpənin sidiyə getmə tezliyini ölçmək olar.

  • 1-2 günlük körpə 2 yaş və 2 çirkli,
  • 3-4 günlük 3-4 yaş və 3 çirkli,
  • 5 gün– 3 həftəlik körpə isə ən azı 6 yaş və 3 çirkli bez ifraz edir.
  • 3-6 həftəliyindən etibarən isə yaş bezlərin 8-12 sayına çatmalıdır.

Çirkli bez üsulundan istifadə edərək hesablamalar aparan valideynlər körpələrinin doymamasından artıq narahat olmaya bilərlər.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.