Hər bir valideyn üçün övladının təhlükəsizliyi ən başlıca məqamlardandır. Həmçinin uşaqların ilk gündən təhlükəsizliyinin təminatı məhz valideynlərin üzərindədir. Hər il dünyada 1,24 milyon insan yol-nəqliyyat qəzasında dünyasını dəyişir. 20-50 milyon insan isə qeyri-ölümcül zədələrə məruz qalır və onların əksəriyyəti əlil olur.
Rəsmi mənbələrdən verilən məlumatlara əsasən 2014-cü ildə Azərbaycanda 2635 yol-nəqliyyat hadisəsi nəticəsində 1124 nəfər dünyasını dəyişmiş, 2676 nəfər bədən xəsarətləri almışdırlar.
Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, təlimata uyğun quraşdırılmış və düzgün istifadə edilən uşaq və körpə təhlükəsizlik avadanlıqları uşaq ölümünü təxminən 70%, körpə ölüm riskini isə 54% -80% azalmasına vacib bir vasitədir.
Yol təhlükəsizlik avadanlığı dedikdə sözsüz ki, söhbət uşaq maşın oturacaqlarından gedir. Əksər inkişaf etmiş ölkələrdə bu növ təhlükəsizlik tədbiri icbari xarakter daşıyır və oturacaqsız maşında gedən uşağın valideynlərinə cərimələr tətbiq edilir. Məsələ o qədər ciddidir ki, yenicə anadan olan körpə xəstəxanadan evə buraxılarkən avtomobil oturacağını mövcudluğu mütləq şəkildə yoxlanılır. Əks təqdirdə valideyn oturacağı quraşdırmayınca körpə evə buraxılmır.
Ümumiyyətlə bütün valideynlərə uşağın yaşından asılı olmayaraq mütləq şəkildə maşın oturacağı əldə etmək tövsiyə olunur. Körpə nə qədər erkən oturacağa otuzdurularsa bir o qədər rahat təhlükəsizliyə alışdırılmış olar. Daha gec uşaq oturacağına otuzdurulan körpə və uşaq valideynlərinin əksəriyyəti müəyyən imtina və narazılıqlarla üzləşirlər. Bu səbəbdən dünyaya gələcək körpənin cehizinə ilk alınmalı olan məhsul məhz avtomobil oturacağı olmalıdır.
Avtomobil oturcaqlarını daha bir rahatlığı ondan ibarətdir ki, körpəni qucaqda saxlamağa ehtiyac yoxdur. Nəticədə valideynlərdən biri tək başına maşın sürərək körpə və uşaqla şəhərdaxili eləcə də uzun məsafələr qət edə bilirlər.
Müəllif: Səltənət Zülfüqarova