Döşlər necə və hansı hallarda masaj edilməlidir?
Döşlərin xüsusən laktasiya dövründə həssaslığını və qayğıya ethiyaclı orqan olduğunu unutmamalıyıq. Onların anatomik xüsusiyyətlərinə diqqət etdikdə, qadın döşünün əsasən piydən, süd vəzilərindən və birləşdirici toxumalardan ibarət olduğunun şahidi oluruq.
Vəzilərə gəldikdə isə onlar döşlərin 15-20% hissəsini təşkil edir. Döşlərin əksər hissəsi isə piy toxumasının payına düşür, məhz bu da arıqlayıb-kökələrkən döşlərin ölçü fərqini izah edir. Ən maraqlısı odur ki, döşlərdə əzələ yoxdur, bu bir daha döş masajının bədənin digər hissələrinin masajından xeyli fərqli olduğu anlamına gəlir. Yəni əgər döşlərə müəyyən səbəblərdən masaj tələb olunursa, bu bildiyimiz və geniş yayılmış masajlardan xeyli fərqli edilməlidir.
Baxmayaraq ki, qadın döşü çox həssas və xüsusi nəvaziş tələb edən bir orqan olması hamıya məlumdur lakin zahılıqda analarla işləyən bir sıra tibbi personal bunları nəzərə almaya bilər. Döşlərində dolğunluq yaranan analardan tez-tez eşitdiyimiz şikayət sərt, ağrılı və kobud döş masaj təcrübələridir. Əgər döşlərdə əzələ yoxdursa, o zaman hansı masajdan və tədbirlərdən söhbət gedə bilər? Xüsusən döşlərin ifrat dolğunluğu və ya döşdən südü sağmağın məhsuldarlığını artırmaq üçün hansı tədbirlər həyata keçirilə bilər?
Bu metodlara aiddir:
- Döşlərin limfa drenaj masajı
- Limfa drenaj effektli döş gimnastikası
- Drenaj əhəmiyyətli döş teyplənməsi
- Limfaların drenajını təmin etmək üçün yumşaq vakuumun tətbiqi
- Mikrovibrasiya ilə döşlərin yumşaldılması
Sadalanan tədbirlər laktasiya üzrə səriştəli mütəxəssislər tərəfindən və ya onların nəzarəti altında analar tərəfindən həyata keçirilə bilər. Laktasiya məsləhətçiləri bu cür rahatladıcı tədbirlərin sadə yollarını öyrədərək ananın özü tərəfindən həyata keçirməsinin tərəfdalarıdırlar. Bunun üçün bir neçə səbəb var:
- Ana nə qədər canfəşanlıqla masaj etsə belə yenə də ağrı baryeri ona öz döşlərini zədələməyə imkan verməyəcək. Lakin bunun əksinin masajı digər şəxs tərəfindən edilməsində şahidi oluruq. Ən çox zədələnmələr məhz ananın etmədiyi masajlar zamanı özünü biruzə verir.
- Laktasiya məsləhətçisi tərəfindən öyrədilən masaj anaya istənilən anda, təcili şəkildə özünə yardım etmək üçün istər gecənin yarısında, istərsə də səhərin sübh çağında əlverişli alətə çevriləcəkdir.
- Ananın özünün masajı tətbiq etməsi ailəyə nə əlavə xərclər yaradır, nə də əlavə məsləhət saatları götürməyə ehtiyac olur.
- Ana geləcəkdə bu tədbirləri ətrafında laktasiya edən və döş dolğunluğundan əziyyət çəkən tanış və yaxınlarına da öyrədə bilər.
Masaj zamanı tətbiq edilən təzyiqin hansı intensivliyində olmasına dair mütəxəssislər yekdil olaraq yumşaq və qayğıkeş səviyyədə olmasını vurğulayırlar. Masaj sərt və ağrılı olmamalı, masajdan sonra isə döşlərdə izlər (göyərmə, qançır və s.) qalmamalıdır. Daha aydın anlamaq üçün mütəxəssislər döşlərə toxunuşu “pişiyə sığal çəkməyə” bənzədirlər. Sual yarana bilər:
“Pişik ilə qadın döşünün nə əlaqəsi var?”
Masaj pişiyə sığal çəkməkdən daha sərt və təzyiqli olmamalıdır. Ana masaj edərkən ağrılarına köklənməli və zədə yetirməməlidir, əksinə ağrılı döşlərinə nəvaziş nümayiş etdirməlidir. Əlbəttə, döşlərin dolğunluğu çox olduqca onlara yumşaq toxunuş belə ağrı verə bilər amma bu ağrı yenə də ifrat və dözülməz səviyyədə olmamalıdır. Masajın instensivliyi isə yavaş-yavaş, döşlər hazır olduqca və ya daha çox təzyiqlə toxunmağa “icazə” verdikcə artırılmalıdır. Unutmayaq ki, yumşaq masaj həmçinin südün döşdən daha asan axınını təmin edəcəkdir.
Döş masajının ümumi dolğunluq halında edilməsinin əsas və ana prinsipləri:
- Masaj ediləcək nahiyyəyə rahatlığı təmin etmək üçün bir qədər ətirsiz masaj yağı, USM zamanı istifadə edilən gel və ya pantenol tərkibli bədən losyunundan istifadə etmək olar.
- Limfa düyünlərini stimullaşdırmaq üçün qolunuzu qaldıraraq ovcunuzla qoltuğunuzun altını və döşə yaxın nahiyyələri yüngülcə ovuşdurmaq. Bunu hər iki qoltuq altında 10-15 dəfə təkrar etmək.
- Döşlərin səthini yüngül təzyiq və barmaqların ucu ilə kiçik dairəvi hərəkətlərlə masaja hazırlamaq.
- Döşləri ovcunuza toparlayaraq cüzi təzyiqlə döş qəfəsinizə sıxaraq bir qədər yuxarı qaldırmaq. 10-15 saniyə saxlayıb buraxmaq və 5-10 dəfə eynilə təkrarlamaq.
- Döşləri ovcunuza toplayaraq və cüzi döş qəfəsinizə sıxaraq saat əqrəbi istiqamətində dözüləsi, yumşaq təzyiqlə dairəvi hərəkətləri 10-15 dəfə təkrarlamaq. Sonra isə eynilə saat əqrəbi əks istiqamətində təkrarlamaq.
- Əgər döşün hər hansı hissəsində lomba və ya bərkimə hiss edilərsə, həmin hissəni dözüləcək və cüzi təzyiqlə barmaqların ucu ilə içəri doğru itələyərək 30-60 saniyə saxlamaq. Beləcə 5-10 dəfə təkrarlamaq.
Bütün bu tədbirləri gün və gecə ərzində dəfələrlə, xüsusən dolğunluq və ağrılar artıqca təkrarlamaq gərəkdir. Adətən dolğunluğun əmələ gəldiyi müddət qədər onun sovrulub keçməsi üçün eyni müddət qədər vaxt tələb oluna bilər.
Diqqət! Əgər müraciət etdiyiniz mütəxəssis döşlərinizə “pişiyə sığal çəkilən kimi” davranmırsa, bu artıq həmin adamın səriştəsizliyindən xəbər verir. Bu cür sərt döş masajı dərhal dayandırılmalıdır.
Müəllif: Səltənət Zülfüqarova
Anatomik illyüstrasiyanın mənbəyi: Free3D




