Bağla

Südartıran çaylar

Südartıran çaylar nə dərəcə təsirlidir?

Əgər əmizdirmə düzgün təşkil olunubsa, südartıran çayların nəinki bədənə olan xeyrindən, həm də südartırma xassəsindən xeyli faydalanmaq mümkündür. Əmizdirmə düzgün təşkil olunur dedikdə nəzərdə aşağıdakılar tutulur:

  • Ana körpəyə döşdə bol-bol əmməyinə imkan və müddət təmin edir.
  • Əmizdirmə saatla deyil, körpənin tələbatına uyğun aparılır.
  • Körpənin ilk 6 ayında ona ana südündən kənar heç bir maye, qida və vasitələr (əmzik və s.) verilmir.
  • Körpə gecə əmizdirilmələri ilə təmin edilir.

La Leche League Beynəlxalq Təşkilatının süd ehtiyatlarının azlığından şikayət edən əmizdirən analar üçün tövsiyyələrini xatırlayaq:

  • 24 saatda ən azı 10-12 dəfə əmizdirmək
  • körpəyə qida rejimi və döşdə məhdud vaxt tətbiq etməmək
  • döşləri növbə ilə körpəyə təklif etmək
  • gecə əmizdirmələrinin sayını artırmaq
  • döşləri xəfif massaj etmək
  • körpə ilə daha çox bədən-bədənə təmasda olmaq
  • körpəyə əlavə qida və maye verməmək
  • süni əmziklər tətbiq etməmək

Verilən addımlar düzgün atıldığı halda südartıran vasitələrdən miqdarında, ifrata varmadan istifadə kifayət qədər faydalıdır. Təbii südartıran vasitələrdən istifadə edərkən, müxətlifliyə üstünlük verilməlidir. Bir neçə gün bir vasitədən, digər günləri isə fərqlisindən istifadə etməklə növbələmək daha məqsədəuyğundur. Bu üsul bədənin bir vasitəyə alışqanlığının qarşısını alacaqdır.

Əgər analar südün döşlərdə azalmasını hiss edirlərsə, ilk növbədə sevinməlidirlər. Bu o deməkdir ki, əmizdirmə düzgün təşkil edilibdir və körpə döşü kifayət qədər məhsuldar boşalda bilir. Unutmamalıyıq ki, əmizdirmə üçün düzgün sayılan döş yumşaq və boş olmalıdır.

Bəzən körpələr günün ikinci yarısında, südün gəlişinin zəifləməsini hiss edərək, kürlük nümayiş etdirə bilirlər. Bu halda ananın süni qidaya əl atmasındansa, südartıran vasitələrə üz tutması daha məsləhətlidir. Axşama doğru südün bolluğunu təmin etmək üçün südartıran çayları səhərlər deyil, günorta və axşama doğru içmək daha düzgündür.

Əmizdirən ana dad zövqünə görə özünə uyğun südartıran çay seçərək, qara və ya yaşıl çayın, həmçinin qəhvənin istehlakını tamamilə tərk edə və ya qismən əvəzləyə bilər. Qəhvə, qara və yaşıl çayların tərkibində olan kaffein südazaldıcı və yuxuqovucu təsirə malik olduğundan əmizdirmə müddətində istifadəsi ya tamamilə dayandırılmalı, ya da xeyli azaltmalıdır. Həm dadlı həm də faydalı olan qızılgül çayından yazmaq yerinə düşür.

Qızılgül çayı və əmizdirmə

Bir çox analar məhz axşamlar uşaqlarını şirin yuxuya verəndən sonra yarıqaranlıq mətbəxdə ətirli çay içməklə ötən günün yorğunluğunu və stressini çıxardıqlarını etiraf edirlər. Əksər qadınların favoriti olan qızılgül görünüşü və ətri ilə zövqləri oxşamasından əlavə, ləçəklərindən və ya qönçələrindən hazırlanan çayın faydaları ilə də xanımları təəccübləndirə bilər.

Alimlər qeyd edirlər ki, bir fincan qızılgül ləçək və ya qönçəsi çayının tərkibində olan Vitamin C-nin miqdarı 60 portağalın tərkibində olan miqdara bərabərdir. Qızılgül çayının tibbə məlum olan aşağıdakı faydaları var:

  • Ürəyin sağlamlığına müsbət təsir edir.
  • Bədənə sərinləşdirici effekt verir.
  • Ağrıyan boğaz, axan burun və tutulmuş bronxlar kimi narahatlıqları aradan qaldırır.
  • İnfeksiyalarla mübarizə aparır.
  • Bağırsaqlarda faydalı bakteriyaların miqdarını bərpa edir.
  • Bədəndə şişkinliyi aradan qaldıraraq böyrəklər vasitəsilə zərərli maddələrin yuyulmasını təmin edir.
  • İshal, qəbizlik və digər mədə-bağırsaq narahatlıqlarına qarşı effektivdir.
  • Qaraciyər problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir.
  • Ödün yuyulmasını təmin edir.
  • Sonsuzluğun müalicəsi və qeyri-sabit aybaşıların sabitləşməsinə səbəb olur.
  • Menstrual sancıların azalmasına yardım edir.
  • Əhval yüksəldici xassəyə malik olduğundan yuxusuzluq, depressiya və yorğunluğun aradan qaldırılmasında faydalıdır.

Həmçinin qızılgül çayının dərinin sağlamlığına olan müsbət təsirləri danılmazdır. Gözəllik və qulluq vasitələrində qızılgül məhsulullarının fəal istifadəsi buna təsdiqdir.

Digər tərəfdən qızılgül çayının fiziki fəallıq, balanslaşdırılmış və sağlam qida rasionu fonunda qəbulu arıqlamağa əlavə bir dəstəkdir. Qızılgül digər ədviyyatlarla kifayət qədər dadlı bir vəhdət yarada bilir. İstəkdən asılı olaraq çayınıza hil, mixək dənəcikləri, əlvan rəng üçün məkkəgülü ləçəkləri, zəncəfil kökü və s. əlavə etmək olar. Şirin çay sevərlər isə çaylarına bal qatmaqla zövqlərini oxşaya bilərlər. Bu cür isidici və rahatladıcı təsiri olan çaylar əmizdirən analarda südün gəlişini və ifrazını sürətləndirə bilirlər.

Südartıran qızılgül çayının hazırlanması:

1-ci üsul: Bütün inqrediyentlər 1 çay qaşığı miqdarında: cirə, qızılgül ləçəkləri və ya qönçələri, gicitkən yarpaqları, zirə, razyana, güldəfnə 1 litr suda dəmlənilir. İsti və ya soyudulumuş halda içilə bilir.

2-ci üsul. Lokum ətirli qızılgülçayı hazırlamaq üçün 1 xörək qaşığı qızılgül ləçək və ya qönçəsini, 1 çay qaşığı məkkəgülü və 5-6 dənəcik hil ilə 1 litr suda dəmləmək gərəkdir. İsti halda içilməsi tövsiyə olunur.

Qeyd edək ki, qızılgül çayının hamiləlikdə içilməsi tamamilə təhlükəsizdir.

Müəllif: Səltənət Zülfüqarova

1 Şərhlər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram