Bağla

Hamiləlikdə əmizdirməyə hazırlığın 9 addımı

Hamiləlik həyatın kifayət qədər həyəcanlı bir dövrüdür. Hər bir hamilə və hamiləlik bir-birindən fərqli baş verə və davam edə bilər. Heç bir digər dövrlərə bənzəməyən hamiləlik əmizdirməyə hazırlıq üçün ən münbit zamandır. Hamilə qadınları doğuşla bağlı suallardan sonra ən çox narahat edən məsələlərdən biri də ana südü ilə əmizdirməkdir. Hamilə qadın əmizdirmə haqqında nələri bilməli və hansı hazırlıqlar həyata keçirməlidir?

1. Müşahidə və məşq edin. 

İlk növbədə qeyd etməliyəm ki, əmizdirmək nəfəs almaq, udmaq, gözləri qırpmaq və s. kimi fitri bir bacarıq deyil, müşahidə və tətbiq əsnasında-toxumaq, oxumaq, danışmaq kimi sonradan qazanılan bir haldır. Məsələn, əgər ömrünüzdə yanınızda heç kim körpəsini əmizdirməyibsə və siz bunu müşahidə etməmisinizsə, elə günü bugündən əmizdirmə haqda videoları izləməyə başlayın. İzləmə, müşahidə və yenidoğulmuş körpə ölçüsündə yumşaq oyuncaq və ya gəlinciyin üzərində qısa məşqlər sizin beyninizə həkk olacaq və vaxtı gələndə dadınıza çatacaqdır. Unutmayın körpə ilə doğuşdan dərhal sonra dəri-dəriyə təmas etmək, ilk saatda körpəni əmizdirmək, əmizdirmə mövqeyini düzgün seçmək və döşə düzgün qoymaq uzunmüddətli və uğurlu əmizdirmənin açarıdır.

2. Maariflənin.

İnanın ana südü və əmizdirmə mövzusu o qədər genişdir ki, sizi maraqlandıran bir çox suallar ortaya çıxacaqdır və onlara məhz hamiləlikdə hazırlaşmaq gərəkdir. Gəlin mən sizə araşdırma üçün bir neçə ipucu təklif edim:

  • Bilirsinizmi, sağlam qadınların demək olar ki, hamısı ana südü istehsal etməyə və körpələrini uzunmüddətli qidalandırmağa qadirdirlər. 
  • Bilirsinizmi, əmizdirmə tamamilə ağrısız bir prosesdir. Cüzi dartma və narahatlıq hissi normaldır. Əgər əmizdirirərkən ağrı varsa, demək ki, əmizdirmə prosesi düzgün aparılmır, bunun üçün tibbi personaldan və əmizdirmə məsləhətçisindən yardım istəyin. Ana olmaq, dişini-dişinə sıxıb, şiddətli ağrılarla körpəni əmizdirmək demək deyil. 
  • Bilirsinizmi, körpəni qucağa öyrəşdirmək mümkün deyil, o artıq qucağa öyrəşmiş halda dünyaya gəlir və böyüyü ilə sıx təmasda olmaq onun həyati vacib ehtiyacıdır. Körpə yalnız sizin qucağınızda deyil, atası ilə də bədən təması ilə rahatlıq tapa bilər.
  • Bilirsinizmi, ana südü ilə qidalanan körpənin sağlam yuxusu səthi və qısamüddətli olur. Həmçinin o gecə əmizdirmələrə də oyanır. Bu tərz yuxu körpənin həyatı, sağlamlığı və inkişafı üçün çox önəmlidir.
  • Bilirsinizmi, körpənin kürlüyü, narahatlığı, yuxusunun müddəti, nə də ki, əllərini ağzına apararaq əmməsi südün azlığının göstərici deyil. Körpənin ilkin doyma əlamətləri onun bezləridir. Məsələn 1 günlük körpə 1 və ya 2, 2 günlük körpə 2 və ya 3 və belə ardıcıllıqla 7-ci günə qədər davam edir. İlk ay sutkada toplam 8-12 yaş və çirkli bezlər dəyişiləcəkdir. Həmçinin körpə həyatının ikinci həftəsində artıq doğulduğu çəkini bərpa etməlidir. Bunlar körpənin ilkin ana südü ilə doyma əlamətlərindəndir. Həmçinin unutmayın ki, körpənizin inkişaf və artım cədvəli Ümumdünya Səhiyyə Təşkilatının müstəsna olaraq ana südü ilə qidalanan körpələr üçün nəzərdə tutulmuş cədvəli ilə tutuşdurulmalıdır. Bu cədvəl körpənin çəkisi haqda daha düzgün və dolğun mənzərə yaradacaqdır. 
  • Bilirsinizmi, körpə doğulduqda onun mədəsinin ölçüsü gilas, 3 həftəsində isə yumurta boyda olur. Bu bir daha sübut edir ki, körpənin ilk həftələr az miqdarda südə ehtiyacı var. Sadəcə körpəni saat rejimi tətbiq etmədən, tez-tez əmizdirmək gərəkdir. 

Ana südü haqqında kitabların, saytların və digər məlumat mənbələrinin oxunması üçün uyğun vaxt zahılıq deyil, məhz hamiləlikdir. Əmizdirmə haqqında məlumatların toplanması ikinci trimesterdən etibarən başlaya və üçüncü trimesteri əhatə edə bilər. “Ömürlük Hədiyyə” kitabı isə ana südü mövzusunda bütün hamilələr üçün tövsiyə edə biləcəyimiz faydalı məlumat vasitəsidir.

3. İstəklərinizi öncədən bildirin. 

Əmizdirmək niyyətinizi hamiləlikdən etibarən yoldaşınız, ailəniz, dostlarınız və xüsusən həkiminiz və doğuş personalınıza bildirin. Dəri-dəriyə təmas, ilk saatdan əmizdirmək və körpə ilə eyni otağı gecə və gündüz paylaşmağın sizin üçün çox önəmli olmasını qeyd edin. Əgər körpə döşdən bir başa ana südü əmə bilmədiyi hal yaranarsa, süni qidaya deyil, sağılmış südünüzə üstünlük verdiyinizi bildirin. Unutmayın, sizin icazəniz, tibbi göstəriş və sizə bildiriş olmadan körpəyə süni qida verilməməlidir.

4. Döşləri öncədən əmizdirməyə hazırlaşdırmayın.

Bu kimi anlayış mövcud deyil və bu məsləhətlərin arxasında heç bir emli-praktiki sübüt yoxdur. 

5. Hamilə və əmizdirən analar icmasına qoşulun

Əmizdirmək digərlərini müşahidə etməklə, əmizdirmə təcrübəsi olanlarla ünsiyyət əsnasınd qazanılan bir qabiliyyətdir. Bu səbəbdən hamilə olduğunuz vaxtdan etibarən istər real, istərsə də virtual hamilə və əmizdirən analar icmalarına, qrup və səhifələrə qoşulmaq məsləhətdir. Ən təsirli təcrübə mübadiləsi sözsüz ki, real görüşlər və ünsiyyət əsnasında daha effektivdir.

6. Əmizdirməyə müsbət fikirlərlə köklənin.

Əmizdirməyə düzgün münasibət və hazırlıq zahılıqda müsbət nəticə əldə etməyin əsasıdır. Özünüzü mənfi fikir və ya özünüzə inamsızlıqla ruhdan salmayın. Sizə tez-tez südünüzün ehtiyat miqdarı haqda suallar veriləcək və hətta südünüzün azalması və ya kəsilməsi ilə bağlı fikirlər yürüdüləcəkdir. Buna hazırlıqlı olun. Yanınızda əmizdirmə mövzusunda mənfi rəylər yürütməyə mədəni şəkildə izin verməyin, çünki belə mənfi təsirə malik olan söhbətlər sizin özünüzə inamızı sarsıda və sizi şübhəyə sala bilər.

Anaların və digər ailə üzvlərinin ən geniş yayılmış narahatlığı körpənin doyması ilə əlaqədar olur. Bu şübhəni nəzərə alaraq körpənin dünyaya gəlməsindən əvvəl müxtəlif süni qida və qidalandırma vasitələrinin ehtiyat kimi alınıb qoyulmasından çəkinmək gərəkdir. Siz ki, öncədən körpədə ehtimal olunacaq bütün xəstəlik və narahatlıqlara görə dərmanlar alıb ehtiyatda saxlamırsınız. Digər tərəfdən hər bir sağlam qadın istisnasız olaraq, əmizdirmə qabiliyyətinə malikdir. Üstəlik, yaşadığımız müasir dövr və şərait gecə və güdüzün istənilən anı apteklərə üz tutmağa imkan verir. Ehtiyat üçün alınan süni qida, ondan əsassız yerə istifadə riskini artıra bilər.

7. Əmizdirməni öncədən planlaşdırın.

Ana südü üzrə ixtisaslaşmış təlimçi və məsləhətçilərlə ünsiyyətə önəm verin. Fəal iştirak, interaktiv təlim mühiti, vizual materialların istifadə olunduğu dərslər sizdə mövzuya xüsusi maraq oyadacaq və praktiki biliklər əldə etməyə imkan yaradacaqdır. Əmizdirməni öncədən planlaşdırmaq üçün sizin istəkləriniz nəzərə alınacaq və məxsusi olaraq sizi qane edəcək Əmizdirmə Planı tərib edin.

İndividual əmizdirmə planı həmçinin sizin doğuşunuzu aparacaq və ya qeysəriyyə əməliyyatını təşkil edəcək tibbi personal üçün də ipucu rolu oynaya bilər. Əmizdirmə Planı hamilələrə tibbi heyət ilə öncədən özünün istəklərinə aid dialoq qurmaq üçün əsasdır.

8. Dəstək tapın.

Siz bu dəstəyi həm ailə daxilində əsasən yoldaşınızdan, ana və qaynananız, digər qohum və rəfiqələrinizdə tapa bilərsiniz. Ən əsası odur ki, hamilə qadın ana südünə verdiyi əhəmiyyət və əmizdirmə istək-niyyəti haqda ətrafdakıları xəbərdar etsin.

9. Təbii doğuşa üstünlük verin.

Körpənizi dünyaya gətirmək üçün təbii doğuşa üstünlük verən tibb müəssisələrinə, həkim və tibbi personala müraciət edin. Doğuşun əmizdirməyə mühüm təsiri var. Lakin unutmayın ki, sizin əmizdirməyə hazırlıqlı olmağınız hətta qeysəriyyə əməliyyatından sonra müdaxilə ünsürlərinə rəğmən müvəffəqiyyətli əmizdirməyə şansınız olacaqdır.

Müəllif: Səltənət Zülfüqarova

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram