Dünyada anaların rəğbətini qazanan isveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson özünün südartıran reseptləri ilə məşhurdur. O qeyd edir ki, tövsiyyə etdiyi reseptləri əmizdirmə dövründə süd azlığından əziyyət çəkdiyi zaman sınaqdan keçirmişdir. Lakin unutmaq lazım deyil ki, südün artırılması üçün körpə sutkada ən azı 10-12 dəfə mütləq şəkildə əmizdirilməlidir. Əgər müəyyən narahatlıqlar səbəbi ilə körpə döşdən birbaşa əmməkdən imtina edərsə, o zaman ana ən geci 2 saatdan bir südünü sağmalı və  alternativ əmizdirmə üsulları ilə körpəsinə verməlidir. Düzgün təşkil edilən əmizdirmə zamanı südartıran vasitələr də daha çox fayda verməkdədir.

Arpa suyu

Arpa suyunun tarixən bir sıra xəstəliklərin müalicəsində istifadə edilməsindən əlavə, təqribən 2000 il əvvəl südartıran içki kimi də istifadə edildiyi müəyyən edilmişdir. 1 və ya 2 həftə ərzində qəbul edilən arpa suyu südazlığından əziyyət çəkən anaların südünün artmasına səbəb olacaqdır.

Səhər bir çaydan arpa suyu hazırlamaqla gün ərzində onu hissə-hissə qəbul etmək lazımdır. Zövqə görə arpa suyunu təbii şirinləşdiricilər birlikdə də içmək olar. Arpa suyunu istənilən növ arpadan hazırlamaq mümkündür.

Arpa suyunun hazırlanması:

1 fincan arpaya 3 litr su əlavə edib, 2 saat ərzində bişirmək lazımdır. Mayenin təqribən yarısı buxarlanmalıdır. Hazırlanan içki nə qədər çəhrayımtıl və həlimli olsa, təsiri də bir o qədər çox olacaqdır.

Əgər arpa suyu çox qatı alınarsa, ona bir az su əlavə etmək olar.

İçki hazır olduqda, ocaqdan götürülməli və süzülməlidir. Süzülmüş arpa artıq dadsız olduğundan onu atmaq da olar.

Arpa suyundan istifadə edərək fərqli südartıran reseptlər də hazırlamaq olar. Məsələn, arpa suyunda 1 xörək qaşığı razyana tozu (və ya 2-3 x.q. razyana toxumu) dəmləyib içmək olar. Eyni qaydada razyana toxumu əvəzinə güldəfnə toxumundan da istifadə etmək olar.

Yuxarıda sadalanan və ümumilikdə digər südartıran vasitələri sınamamışdan əvvəl əmizdirən ana bir sıra məqamlara diqqət etməlidir:

  •  özünə olan inam və güvənini artırmalı
  • müsbət fikirlərə köklənməli
  • ona edilən mənfi təsirlərə əhəmiyyət verməməyə çalışmalıdır.

Hazırladı: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.