Bir çox analar məhz axşamlar uşaqlarını şirin yuxuya verəndən sonra yarıqaranlıq mətbəxdə ətirli çay içməklə ötən günün yorğunluğunu və stressini çıxardıqlarını etiraf edirlər. Əksər qadınların favoriti olan qızılgül görünüşü və ətri ilə zövqləri oxşamasından əlavə, ləçəklərindən və ya qönçələrindən hazırlanan çayın faydaları ilə də xanımları təəccübləndirə bilər.
Alimlər qeyd edirlər ki, bir fincan qızılgül ləçək və ya qönçəsi çayının tərkibində olan Vitamin C-nin miqdarı 60 portağalın tərkibində olan miqdara bərabərdir. Qızılgül çayının tibbə məlum olan aşağıdakı faydaları var:
– Ürəyin sağlamlığına müsbət təsir edir.
– Bədənə sərinləşdirici effekt verir.
– Ağrıyan boğaz, axan burun və tutulmuş bronxlar kimi narahatlıqları aradan qaldırır.
– İnfeksiyalarla mübarizə aparır.
– Bağırsaqlarda faydalı bakteriyaların miqdarını bərpa edir.
– Bədəndə şişkinliyi aradan qaldıraraq böyrəklər vasitəsilə zərərli maddələrin yuyulmasını təmin edir.
– İshal, qəbizlik və digər mədə-bağırsaq narahatlıqlarına qarşı effektivdir.
– Qaraciyər problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir.
– Ödün yuyulmasını təmin edir.
– Sonsuzluğun müalicəsi və qeyri-sabit aybaşıların sabitləşməsinə səbəb olur.
– Menstrual sancıların azalmasına yardım edir.
– Əhval yüksəldici xassəyə malik olduğundan yuxusuzluq, depressiya və yorğunluğun aradan qaldırılmasında faydalıdır.
Həmçinin qızılgül çayının dərinin sağlamlığına olan müsbət təsirləri danılmazdır. Gözəllik və qulluq vasitələrində qızılgül məhsulullarının fəal istifadəsi buna təsdiqdir.
Digər tərəfdən qızılgül çayının fiziki fəallıq, balanslaşdırılmış və sağlam qida rasionu fonunda qəbulu arıqlamağa əlavə bir dəstəkdir. Qızılgül digər ədviyyatlarla kifayət qədər dadlı bir vəhdət yarada bilir. İstəkdən asılı olaraq çayınıza hil, mixək dənəcikləri, əlvan rəng üçün məkkəgülü ləçəkləri, zəncəfil kökü və s. əlavə etmək olar. Şirin çay sevərlər isə çaylarına bal qatmaqla zövqlərini oxşaya bilərlər. Bu cür isidici və rahatladıcı təsiri olan çaylar əmizdirən analarda südün gəlişini və ifrazını sürətləndirə bilirlər.
Bildiyimiz kimi, istənilən növ südartıran çaylar yalnız əmizdirmənin düzgün təşkili zamanı təsirlidir. La Leche League Beynəlxalq Təşkilatının süd ehtiyatlarının azlığından şikayət edən əmizdirən analar üçün tövsiyyələrini xatırlayaq:
- 24 saatda ən azı 10-12 dəfə əmizdirmək
- körpəyə qida rejimi və döşdə məhdud vaxt tətbiq etməmək
- döşləri növbə ilə körpəyə təklif etmək
- gecə əmizdirmələrinin sayını artırmaq
- döşləri xəfif massaj etmək
- körpə ilə daha çox bədən-bədənə təmasda olmaq
- körpəyə əlavə qida və maye verməmək
- süni əmziklər tətbiq etməmək
Südartıran qızılgül çayının hazırlanması:
1-ci üsul: Bütün inqrediyentlər 1 çay qaşığı miqdarında: cirə, qızılgül ləçəkləri və ya qönçələri, gicitkən yarpaqları, zirə, razyana, güldəfnə 1 litr suda dəmlənilir. İsti və ya soyudulumuş halda içilə bilir.
2-ci üsul. Lokum ətirli qızılgülçayı hazırlamaq üçün 1 xörək qaşığı qızılgül ləçək və ya qönçəsini, 1 çay qaşığı məkkəgülü və 5-6 dənəcik hil ilə 1 litr suda dəmləmək gərəkdir. İsti halda içilməsi tövsiyə olunur.
Qeyd edək ki, qızılgül çayının hamiləlikdə içilməsi tamamilə təhlükəsizdir.
Müəllif: Səltənət Zülfüqarova