Əksər qadınlar ana südü artıran bitki çayları haqqında məlumatlıdırlar. Lakin əmizdirmənin düzgün təşkil edildiyi halda, bitki çaylarından savayı, südartıran ərzaqlarla zəngin qurabiyələrdən də istifadə etmək olar. Dünya praktikasında artıq bir neçə qida markaları məsələn, LactoMomma, Milkmakers, Bessies Best, The Milk Pantry, Franjos Kitchen və bir sıra digərləri südartıran qurabiyələrin istehsalı ilə məşğuldur.
Bu qurabiyələri hazır almaq mümkün olduğu kimi, ev şəraitində də hazırlmaq olar. Bunun üçün lazımdır:
- 200 qr kərə yağı
- 250 qr qəhvəyi şəkər
- 250 qr buğda unu
- 150 qr arpa unu
- 150 qr yulaf unu
- 1 ədəd yumurta
- 1 xörək qaşığı dəmləmə mayası (rus. пивные дрожжи)
- 1 çay qaşığı uyudulmuş hil
- 1 xörək qaşığı təzə zəncəfil əzməsi və ya quru zəncəfil tozu
- 1 xörək qaşığı üyüdülmüş darçın
- 2 xörək qaşığı üyüdülmüş güldəfnə toxumu
- 1 xörək qaşığı üyüdülmüş razyana toxumları
- 1 çay qaşığı sarıkök tozu
- zövqə uyğun duz və istiot
Unlar, qəhvəyi şəkər və ədviyyatlar yaxşıca qarışdırılır. Üzərinə yumşalmış kərə yağı və yumurta çırpılaraq yoğrulur. Soba 120 dərəcəyə qədər isidilir. Yoğrulmuş qurabiyə xəmirdən yumru kündələr hazırlanır və soba sinisinə düzülüb, sobaya yerləşdirilir. 10-12 dəqiqə qurabiyələr bərkiyib, qızılı-qəhvəyi rəng alana qədər bişirmək kifayətdir. Arpa suyu və ya digər südartıran bitki dəmləmələri ilə içmək məsləhətdir.
Müəllif: Səltənət Zülfüqarova
Foto: Süddaş