Minimal büdcə ilə südartırmaq
Hazırki mürəkkəb iqtisadi durumda analar ailə büdcəsinə yük olmayan südartıran (laktogen) qida haqqında soruşurlar. İlk növbədə xatırlatmağa dəyər ki, əmizdirən analar südlərini artırmaq üçün körpənin döşə qoyulmasını fəallaşdırmalı, ehtiyac olarsa, əlavə süd sağmaq kimi tədbiri də tətbiq etməlidirlər. Aydın məsələdir ki, ana südünü bir neçə saatda artıran “möcüzəvi” bir qida yoxdur amma laktasiyaya müsbət təsir edən, ananın vitamin-mineral və digər vacib qidalandırıcı depolarını artıran qida var.
Kiçik büdcə tələb edən lakin kifayət qədər yüksək qidalandırıcı və laktasiya dəstəkləyici tərkiblə zəngin olanlar:
- Soğankimilərin hamısı- sarımsaq, kəvər və əlbəttə ki, soğanın özü!
- Kök tərəvəzlər, xüsusən yerkökü, zəncəfil və cuğundur.
- Qarabaşaq
- Ətirli və isidici ədviyyatlardan sarıkök, darçın, hil, keşniş və şüyüd toxumu.
- Vələmir və ya bişirməyə vaxt məhduddursa yulaf əzməsi.
- Yerli düyülərimizin hamısı.
- Arpa suyu və ya qorğa.
- Xurma.
- Göyərtilər. Lakin nanə (melissa, yarpız və s.) ailəsinə aid olanlar yox.
Lakin unutmayaq ki, bütün bu ərzaqların müsbət təsiri fəal əmizdirmə fonunda mümkündür. Körpəni tələbata görə əmizdirmək başlıca şərtlərdəndir. Minimal ailə büdcəsi ilə hazırlana biləcək bəzi asan qida reseptləri təqdim edirik:
Südartıran yulaflı qəhvəaltı
Əmizdirənlər üçün qidalandırıcı ləzzət, gecədən səhərə hazır olan səhər qidasıdır. Əmizdirən analar və südün istehsalı üçün faydalıdır.
Tərkibi:
- Yulaf (bişmə dəqiqəsi uzun olana üstünlük verin. Məsələn, 20 dəqiqəlikdir.)
- Mövsümi və yerli lətli meyvə və ya gilə meyvələr ( allergiyanızı nəzərə alaraq meyvələri seçin. videoda çiyələk və nektarin)
- Toxum və ya tumlar (müxtəlif südartıran toxum və tumlara üstünlük verin. videoda ağ kətan toxumu, çia və çiçək tozu)
- Maye olaraq heyvan və ya bitki mənşəli südlər (badam südü, kokos), qatıq və ya kefir. Videoda inək südüdür.
Yeyənin iştahası və ağız dadına uyğun miqdarda laylay bütün ərzaqlar yığılaraq gecə ərzində soyuducuya yerləşdirilir. Səhərə hazırdır. Videoda hazırlanması haqda daha ətraflı:
“Cəld” sıyıq üçün lazım olan ərzaqlar:
Əksər ailələr “səhərlər tez və sağlam nə yeyək?” sualı ilə üzləşirlər. Faydalı, rəngarəng, tez və asan ərsəyə gələn səhər yeməyi bütün ailəni sevindirəcəkdir. Hazırlanması asan və az vaxt tələb etdiyindən bunu hətta atalar da edə bilərlər. Öncədən qaynar suda 10-15 dəqiqə isladılmış yulaf lopaları yumşaldıqdan sonra suyu süzülür. Stəkanda lay-lay hazırlanan sıyıq istənilən ailə üzvünün zövqünü oxşayacaqdır. Ən əsası isə bu növ sıyıq əmizdirən analarda südün artmasına səbəb olacaqdır.
- 1-2 xörək qaşığı yulaf
- yarım stəkan süd (inək və ya keçi) və ya qatıq
- 1-2 xörək qaşığı giləmeyvə (mövsümdən asılı olaraq dondurulmuşdan da istifadə etmək olar)
- müxtəlif növ toxum və tumlar (məslən, günəbaxan tumu, balqabaq tumu, küncüt toxumu, kətan toxumu, çia toxumları, razyana toxumları və s.)
- zövqə görə şirin ətirli ədviyyat (məsələn, darçın, vanil, hil və s.)
- zövqə görə şirinləşdirici (bal, doşab və s.)
Əmizdirən ana üçün gicitkənli krem-şorba
Bütün ailənin faydalana biləcəyi qidalandırıcı, qanartıran və əmizdirən analarda bol süd istehsalını dəstəkləyən şorba!
- Tərkibi:
- 2 diş sarımsaq,
- 1 ədəd kök,
- 1 baş kartof,
- 1 dəstə gicitkən,
- 1 dəstə ispanaq (mütləq deyil),
- 1 dəstə göy sarımsaq,
- yarım limon,
- paprika,
- pul bibər,
- duz.
Gicitkənli krem-şorbanı hazırlanması videoda:
Südartıran çuğundurlu çay
Əmizdirənlər üçün çuğundurlu çay isti və ya soyuq halda içilə bilər. Zövqə uyğun limon və ya bal və ya hət ikisi əlavə oluna bilər.
Əmizdirməni dəstəkləyən, qanartıran və isidici effekti var.
- Tərkibi:
- Çuğundur (çiy və ya yarım bişmiş)
- Zəncəfil
- Qızılgül ləçəkləri (çuğundurun qoxu və dadını gizlətmək üçün)
- Hil
- Sarıkök
- Darçın
- İstiot
- Qaynar su
- 10-15 dəqiqə səbr 😉
Çuğundurlu çayın hazırlanma qaydası üçün videoya diqqət!
Süd istehsalı üçün qara aş!
Əmizdirən analar üçün ənənəvi mətbəximizdən olan boyanalı aşa bir qədər dəyişiklik etdik. İndi boyana mövsümüdür, bu yeməyi dadmağı qaçırtmayın.
Hazırlanması üçün:
- 1 baş soğan,
- 1 dəstə boyana (razyana),
- 1 stəkan gecədən islaqda qalmış qarabaşaq (düyü əvəzi),
- 1 stəkan su,
- adam sayına yumurta,
- paprika,
- duz,
- istiot.
Südartıran qara aşın hazırlanmasına dair təfsilatlı təlimatları videodan izləyə bilərsiniz:
Güldəfnəli südartıran qurabiyə tərifi
Əksər qadınlar ana südü artıran bitki çayları haqqında məlumatlıdırlar. Lakin əmizdirmənin düzgün təşkil edildiyi halda, bitki çaylarından savayı, südartıran ərzaqlarla zəngin qurabiyələrdən də istifadə etmək olar. Dünya praktikasında artıq bir neçə qida markaları və yerli bazarda “Süddaş” südartıran qurabiyələrin istehsalı ilə məşğuldur. Bu qurabiyələri hazır almaq mümkün olduğu kimi, ev şəraitində də hazırlmaq olar. Bunun üçün lazımdır:
- 200 qr kərə yağı
- 250 qr qəhvəyi şəkər
- 250 qr buğda unu
- 150 qr arpa unu
- 150 qr yulaf unu
- 1 ədəd yumurta
- 1 xörək qaşığı dəmləmə mayası (rus. пивные дрожжи)
- 1 çay qaşığı uyudulmuş hil
- 1 xörək qaşığı təzə zəncəfil əzməsi və ya quru zəncəfil tozu
- 1 xörək qaşığı üyüdülmüş darçın
- 2 xörək qaşığı üyüdülmüş güldəfnə toxumu
- 1 xörək qaşığı üyüdülmüş razyana toxumları
- 1 çay qaşığı sarıkök tozu
- zövqə uyğun duz və istiot
Unlar, qəhvəyi şəkər və ədviyyatlar yaxşıca qarışdırılır. Üzərinə yumşalmış kərə yağı və yumurta çırpılaraq yoğrulur. Soba 120 dərəcəyə qədər isidilir. Yoğrulmuş qurabiyə xəmirdən yumru kündələr hazırlanır və soba sinisinə düzülüb, sobaya yerləşdirilir. 10-12 dəqiqə qurabiyələr bərkiyib, qızılı-qəhvəyi rəng alana qədər bişirmək kifayətdir. Arpa suyu və ya digər südartıran bitki dəmləmələri ilə içmək məsləhətdir.
Yulaflı hilli qurabiyələr
Əmizdirən anaların “şirin” zövqlərini oxşayan, evdə asanlıqla hazırlana bilən qurabiyələr əliuşaqlı analar üçün tam uyğun bir tərifdir. Bu qurabiyələrin təkibində olan demək olar ki, bütün ərzaqlar sağlamlığa faydası ilə bərabər, analarda südün və enerjinin artmasına səbəb ola bilər.
Tərkibi:
- 1 bağlama tünd qara (80%-dən çox) şokolad (mütləq deyil)
- 200 qr yulaf unu (düyü, qarabaşaq unları ilə də əvəz edilə bilər)
- 200 qr qəhvəyi şəkər
- bir çimdik üyüdülmüş hil
- 1 çay qağışı soda
- bir çimdik duz
- bir çimdik ətotu (rozmarin)
- un alan miqdarda duru küncüt yağı (badam, kokos və günəbaxan yağlarıda ola bilər
Şokolad xırdalanır, bütün qaran ərzaqlar bir qaba əlavə eilib qaşıqla qaırşdırılır. Un alana qədər küncüt yağı əlavə olunur. Qum konsistensiyalı xəmir meydana gəlir. Xəmir yaxşıca yoğrulur və ovucun içində lülələr şəklinə salınana qədər sıxılır. Üzərində ehmalca basılaraq yastılanır.
Xəmirlə ehtiyatla davranmaq lazımdır çünki, elastik olmadığından asanlıqla dağıla bilər. Soba 200 dərəcəyə qədər qızdırılır və qurabiyə lər sıra ilə qaba düzülür və tam qızdırılmış sobaya qoyulur. Rəngi bir az tündləşənə və xəmir bərkiyənə qədər bişirilir. Bu qurabiyələr süd və ya südgətirən bitki çayları ilə möhtəşəm dad tandemi yaradır.
Badam südü və enerji loxmaları
Arpa suyu
Arpa suyunun tarixən bir sıra xəstəliklərin müalicəsində istifadə edilməsindən əlavə, təqribən 2000 il əvvəl südartıran içki kimi də istifadə edildiyi müəyyən edilmişdir. 1 və ya 2 həftə ərzində qəbul edilən arpa suyu südazlığından əziyyət çəkən anaların südünün artmasına səbəb olacaqdır.
Səhər bir çaydan arpa suyu hazırlamaqla gün ərzində onu hissə-hissə qəbul etmək lazımdır. Zövqə görə arpa suyunu təbii şirinləşdiricilər birlikdə də içmək olar. Arpa suyunu istənilən növ arpadan hazırlamaq mümkündür.
Arpa suyunun hazırlanması:
1 fincan arpaya 3 litr su əlavə edib, 2 saat ərzində bişirmək lazımdır. Mayenin təqribən yarısı buxarlanmalıdır. Hazırlanan içki nə qədər çəhrayımtıl və həlimli olsa, təsiri də bir o qədər çox olacaqdır.
Əgər arpa suyu çox qatı alınarsa, ona bir az su əlavə etmək olar.İçki hazır olduqda, ocaqdan götürülməli və süzülməlidir. Süzülmüş arpa artıq dadsız olduğundan onu atmaq da olar. Arpa suyundan istifadə edərək fərqli südartıran reseptlər də hazırlamaq olar. Məsələn, arpa suyunda 1 xörək qaşığı razyana tozu (və ya 2-3 x.q. razyana toxumu) dəmləyib içmək olar. Eyni qaydada razyana toxumu əvəzinə güldəfnə toxumundan da istifadə etmək olar.
Hazırladı: Səltənət Zülfüqarova


3 Şərhlər