Ana südü sahəsində elmi yeniliklər

Dünya miqyasında hər il laktasiya və ana südü ilə bağlı təxminən 150–250 yeni elmi məqalə dərc olunur; bu göstərici 2019-cu ildən etibarən davamlı şəkildə artaraq 2022-ci ildə zirvəyə çatmışdır. Laktasiya və ana südünün tərkibi ilə bağlı tədqiqatlarda liderlik edən ilk 10 ölkə ABŞ, Çin, Böyük Britaniya, Avstraliya, Kanada, İspaniya, İtaliya, Braziliya, Almaniya və Yaponiyadır. Bu ölkələr sözügedən sahədəki qlobal elmi nəşrlərin böyük əksəriyyətini təşkil edir. Son illərdə (2023–2025-ci illər) ana südü sahəsində aparılmış araşdırmalar arasından ən maraqlı olanlarını seçib sizə təqdim edirik.

Çili

Ana südü mikrobiotası

Bu tədqiqatın əsas məqsədi ananın xüsusiyyətlərinin (qidalanma vəziyyəti, pəhriz, coğrafi yer/mədəni təsirlər və stress) ana südü mikrobiotasının tərkibinə və müxtəlifliyinə təsiri ilə bağlı mövcud sübutları müəyyən etmək idi. On beş məqalə seçilmişdir. Ananın çəkisinin artması mikrobiota müxtəlifliyinə yalnız müvəqqəti təsir göstərmişdir. Pəhrizdəki yağ turşuları və folatlar ana südü mikrobiotasına təsir edən əsas pəhriz amilləridir. Ananın coğrafi yeri ana südünün mikrobiota tərkibinə və nəticədə onun müxtəlifliyinə güclü təsir göstərir. Həmçinin ananın stressi ilə əlaqəli mövcud məlumatlar bu amilin təsiri ilə bağlı nəticə çıxarmağa kifayət etmir. Ananın coğrafi yeri və qidalanma faktorları ana südü mikrobiotasının tərkibini təyin edən əsas amillərdir. Ana südü mikrobiotasının körpə sağlamlığına təsirini qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac vardır.

Avstraliya

Qədim dövrdən günümüzə qədər süd analığına imkan yaradan amillər və maneələr

Əgər ana südü ilə qidalandırma mümkün deyilsə, süd anası vasitəsilə əmizdirmə körpələrə ana südü ilə qidalanmanın təmin etdiyi qidalanma və xəstəliklərdən qorunma imkanı verir. Bu cür qorunma fövqəladə hallarda xüsusilə dəyərli ola bilər. Lakin Fövqəladə Hallarda Körpə və Azyaşlı Uşaqların Qidalanması üzrə Əməliyyat Təlimatında (Operational Guidance on Infant and Young Child Feeding in Emergencies) süd anası vasitəsilə əmizdirmə tövsiyə olunsa da, ondan az istifadə edilir. Bu təsviri icmal zaman və məkan üzrə süd anası vasitəsilə əmizdirmə təcrübəsini, fövqəladə hallarda süd anası vasitəsilə əmizdirməni dəstəkləmək üçün müdaxilə edənləri məlumatlandırmağı və süd anası vasitəsilə əmizdirmənin hazırda niyə bu qədər az dəstəkləndiyini anlamağı hədəfləyir. Süd anası vasitəsilə əmizdirmə ədəbiyyatının təhlilini, süd qohumluğunu və bu cür əmizdirmənin dövrlər üzrə riskli ortaq hallarının tarixini və müasir mövzularını əhatə edir. Təhlilimiz göstərdi ki, süd anası vasitəsilə əmizdirmənin necə həyata keçirilməsi onun qadınlara, uşaqlara və cəmiyyətlərə fayda verib-verməməsinə təsir edir. Fövqəladə hallarda süd anası vasitəsilə əmizdirmənin asanlaşdırıcı və maneələri, körpə ölümü nisbətləri, bu cür əmizdirmə üçün mədəni və fərdi dəstək süd anası vasitəsilə əmizdirmənin mövcudluğunu dəstəkləyən resurslarla bağlıdır. Süd anası vasitəsilə əmizdirmənin müsbət nəticələr verdiyi şərt və faydalarını anlamaq belə növ əmizdirmənin fövqəladə hallarda daha çox tətbiq olunmasına kömək edəcəkdir.

Şotlandiya

Erkən illərdə sağlamlıq səviyyəsinin yüksəldilməsi

İlk altı ayda ana südü ilə qidalanma optimal qidalanma forması kimi tövsiyə olunsa da, Şotlandiyada körpələrin qidalanmasında əsas üsul kimi yanaşılmır. Bu tədqiqat 13 illik doğum araşdırmalarında körpələrin qidalanması seçimlərinin ilkin və ikinci dərəcəli səhiyyə xidmətlərində öz təsirini göstərmişdir. Hər bir məhrumiyyət kvintilində (müəyyən bir dəyişənin qiymətlərinin paylanmasına əsasən əhalinin bölünə biləcəyi beş bərabər qrupdan hər hansı biri) müstəsna ana südü ilə qidalanan körpələr daha az səhiyyə xidmətlərindən istifadə etmiş və (müəyyən qədər) süni qida ilə qidalanan körpələrlə müqayisədə daha az xərc çəkmişlər. Süni qida ilə qidalanan körpələr doğuşdan sonrakı ilk 6-8 həftə ərzində yalnız ana südü ilə qidalandırılsaydı, ən azı 10 milyon funt sterlinq (22,698,000 azn) səhiyyə xərclərinin qarşısı alına bilərdi. Nümunəvi doğum araşdırmasından istifadə edən bu tədqiqat ana südünün uşaqlıq xəstəliklərini və ilk illərdə səhiyyə xidmətlərindən istifadəni azaltmaqla ədalətli uşaq sağlamlığını necə təşviq edə biləcəyini nümayiş etdirir.

İran

Dəməşq qızılgülü ekstraktının süd verən qadınlarda həyəcan və cinsi funksiyaya təsiri

Cinsi disfunksiya əmizdirən qadınlar arasında geniş yayılmışdır. Bu tədqiqat əmizdirən qadınların cinsi funksiyasına və narahatlığına Dəməşq qızılgülü cövhərinin təsirini qiymətləndirmək üçün hazırlanmışdır. Müdaxilə qrupunda cinsi istək, nəmləndirici ifrazat, orqazm və cinsi məmnuniyyət ballarında əhəmiyyətli dərəcədə artım müşahidə edilmiş, ağrı balları isə müdaxilənin səkkizci həftəsindən sonra əhəmiyyətli dərəcədə azalmışdır. Dəməşq qızılgülü əmizdirən qadınların cinsi funksiyalarını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. O həmçinin narahatlıq xüsusiyyətini azaltsa da, həyəcan vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilməmişdir. Bu bitkinin istifadəsi əmizdirən qadınlarda cinsi performansı artırmaq üçün tövsiyə olunur.

İtaliya

Vaxtında doğulmuş körpələrdə qeyri-effektiv əmmə qabiliyyətini yaxşılaşdırmaq üçün neyromotor dəstək qismində miofasial reliz

Ana südü ilə qidalandırma ana və yenidoğulmuş körpə arasındakı münasibətlərin inkişafını səciyyələndirən proseslərdə əsas rol oynayır. Lakin bu vacib proses əmmə ilə bağlı biomexaniki bacarıqlardakı dəyişikliklər səbəbindən bəzən yenidoğulmuşun qidalanma tələbatını tam ödəyə bilmir. Bu kontekstdə neyromotor əncam üsulları ilə birləşdirilmiş osteopatik müalicə müsbət təsir göstərə bilər. Hesab edirik ki, neyromotor əncam üsulları ilə tamamlanan osteopatik müalicə yenidoğulmuşların əmmə bacarıqlarını optimallaşdıra, bununla da ana südü ilə qidalanmanın daha yaxşı mənimsənilməsinə və müddətinin uzanmasına töhfə verə bilər.

ABŞ

Şərq və Qərb qovuşur: Akupunkturun laktasiyaya və anaların həyat keyfiyyətinə təsiri

Doğuşdan sonrakı ilk 30 gün ərzində xəstəxanada yatan yenidoğulmuş körpələrin südünü yalnız sağaraq verməyə məcbur olan analarında ənənəvi Çin təbabəti müalicə planının bir hissəsi kimi akupunkturun laktasiyaya və ananın rifahına təsiri qiymətləndirilmişdir. Akupunktur qəbul edən analar süd miqdarının artdığını və həyat keyfiyyətinin yaxşılaşdığını bildirmişlər. Araşdırılan nümunələrin sayca məhdud olması əldə edilən nəticələrin geniş miqyasda tətbiqini çətinləşdirir; bununla belə, bu tədqiqat insan laktasiyasını yaxşılaşdırmaq məqsədilə Şərq və Qərb müalicə üsullarının birləşdirilməsinin üstünlüklərinə dair gələcək araşdırmalara yol açır.

Livan

İnkişaf etməkdə olan ölkədə ana südü ilə qidalandırmanın təşviqi və dəstəklənməsinə yönəlmiş çoxkomponentli müdaxilənin xərc-fayda təhlili

Ana südü ilə qidalandırmanın təşviqi və dəstəklənməsi üzrə tədbirləri qiymətləndirən tədqiqatlar müəyyən iqtisadi faydaların olduğunu göstərir. Bu tədqiqatda körpənin həyatının ilk iki ili ərzində tətbiq olunan çoxkomponentli ana südü ilə qidalandırmanın təşviqi həmçinin dəstəklənməsi tədbirinin birbaşa və dolayı xərcləri qiymətləndirilmişdir.

Körpə qidalanmasının növünə görə təsnif edilmiş təhlillər göstərdi ki, “Müstəsna/Üstünlük təşkil edən” və ya “Müəyyən miqdar” ana südü ilə qidalanan körpələr ilk iki il ərzində yalnız “Müstəsna süni qida” alan körpələrlə müqayisədə fərqli vaxt aralıqlarında daha əlverişli sağlamlıq nəticələrinə malik olmuşlar. Sağlamlıq faydaları “Müstəsna/Üstünlük təşkil edən” ana südü ilə qidalanan qrupda ən yüksək olmuşdur.

Bundan əlavə, “Müstəsna/Üstünlük təşkil edən” və ya “Müəyyən miqdar” ana südü ilə qidalanan körpələrin iki il ərzində körpə xəstəliklərinə, xəstəxanaya yerləşdirilməsinə və körpə dərmanlarına xərci xeyli aşağı olmuş, lakin ana südü ilə qidalanma səbəbindən ananın qeyri-rutin həkim müayinələri üçün əlavə xərclər müşahidə olunmuşdur. İlk altı ay ərzində ümumi xərc (birbaşa və dolayı) “Müstəsna/Üstünlük təşkil edən” ana südü ilə qidalanan körpələr üçün xeyli aşağı olsa da, “Qarışıq və ya Müstəsna süni qida ilə qidalanan körpələrdə oxşar olmuşdur.

Ana südü ilə qidalanma ilk iki ildə əhəmiyyətli iqtisadi və körpə sağlamlığına faydaları ilə əlaqələndirilir.

ABŞ

Anaların autizmli və neirotipik körpələri əmizdirmə təcrübələrinin müqayisəsi

Bu tədqiqat anaların əmizdirmədə çətinlik yaradan əmmə davranışlarını və sonradan autizm diaqnozu qoyulmuş körpələrin ana südü ilə qidalandırılmasının dayandırılmasının səbəblərini təqdim edir. Həmçinin anaların autizmli uşaqlarla neyrotipik uşaqların yaşadıqları fərqli əmizdirmə təcrübələrini vurğulayır. Autizmli uşaqlarını uğurla ana südü ilə qidalandırılma çətinliklərinə döşü tutmaq və əmmək, ananın südünün azalması və ananın problemli anatomik xüsusiyyətləri, ananın fiziki və mental sağlamlığı daxildir. Analar bildiriblər ki, autizmli körpələri döşdə qalmır və neyrotipik bacı-qardaşlarından daha tez marağını itirir, adi körpə neyrotipik bacı-qardaşlarından daha yavaş maye içir, neyrotipik bacı-qardaş adi körpəyə nisbətən bir neçə əmizdirmə mövqelərində qidalana bilir və neyrotipik körpə daha koordinasiyalı əmmə nümayiş etdirir, həmçinin öyümə halları müşahidə olunur. Sözügedən araşdırma tapıntıları sonradan autizm diaqnozu qoyulmuş körpələrdə bu davranışların nə qədər ortaq olduğunu və autizmin erkən əlamətlərini müəyyən etməyə kömək edib-etmədiyini müəyyən etmək üçün bu cür əmmə davranışlarının daha da öyrənilməsini tələb edir.

ABŞ

Atorvastatin və onun metabolitlərinin ana südünə minimal keçidi

Statinlər tarixən ana südü ilə qidalanma zamanı əks göstəriş olmuşdur, çünki dərman təsirindən körpənin inkişafında pozuntular və süddəki qidalanma dəyişiklikləri ilə bağlı nəzəri narahatlıqlar var idi. Statinlərə ehtiyacı olan əmizdirən analar tez-tez statinləri dayandırır və ya müalicəni əmizdirmə tamamlanana qədər təxirə salırlar. Lakin körpələrdə Atorvastinin ən yüksək mütləq dozası 0,00027 mq/kq/gün, birləşdirilmiş analitlərin isə çəkiyə görə tənzimlənmiş ən yüksək nisbi dozası isə 0,09% təşkil edirdi ki, bu da körpənin təhlükəsizliyi üçün müəyyən edilmiş hədlərdən çox aşağıdır. Süd xolesterol səviyyələri əvvəllər müəyyən edilmiş normalar daxilində 10 mq/dL diapazonundadır. Atorvastatinin və onun metabolitlərinin ötürülməsi olduqca aşağıdır. Hiperlipidemiya vəziyyətlərində (müalicə olunub-olunmamasından asılı olmayaraq) süd tərkibinə təsiri yaxşı başa düşülməsə də, süddəki dərmanın klinik cəhətdən əhəmiyyətli səviyyədə olması və ana südü ilə qidalanan körpəyə mənfi təsir göstərməsi ehtimalı azdır.

Birləşmiş Krallıq

Əkiz və ya çoxdöllülərin əmizdirmə təcrübələrinə dair keyfiyyət tədqiqatı

Tədqiqatlar göstərir ki, əkiz və çoxdöllülərin ana südü ilə qidalanmasının tək körpələrə nisbətən daha az ehtimalı var. Əkiz və çoxdöllülərin ana südü ilə qidalanması təcrübəsinin valideynlərin baxış bucağından araşdırılması məhduddur və bu növ körpələri ana südü ilə qidalandıranların təcrübələri, üzləşdikləri müəyyən maneələr haqqında məlumatımız azdır. Tədqiqatın məqsədi Böyük Britaniyada əkiz və çoxdöllülərin ana südü ilə qidalanması təcrübələrini valideynlərin baxış bucağından araşdırmaq idi. İştirakçıların çoxu qətiyyətləri, əzmləri və çətinliklərlə qarşılaşdıqda imtina etməmələri sayəsində körpələrini qidalandıra biliblər. Ana südü ilə qidalandırma onların ana kimi kimliyinin vacib bir hissəsi idi, lakin mental sağlamlığa olan təsiri, eləcə də dəstək axtararkən qarşılaşdıqları çətinliklər təsir edirdi. Nəticə olaraq əkiz və çoxdöllüləri ana südü ilə qidalandırmaq çətin, lakin faydalı bir təcrübədir. Nəticələrimiz göstərir ki, səhiyyə işçilərinin əkizlərin valideynlərinə ana südü ilə qidalanma dönəmində dəstək olmaları üçün əlavə təlim və dəstəyə ehtiyacı vardır.

Braziliya

Laktasiya dövründə karbohidratların məhdudlaşdırılması

Ananın qidalanmasının keyfiyyəti uşağın böyümə, inkişafını təmin etmə və qadın sağlamlığını qorumaq üçün vacibdir. Laktasiya dövründə karbohidrat məhdudiyyəti əmizdirən qadın üçün zərərli və laktasiya ketoasidoz vəziyyətinə səbəb ola bilər. Beləliklə, laktasiya edən ana və onun ətrafı üçün qidalanma haqqında maarifləndirmə zəruridir. Laktasiya dövründə karbohidrat qıtlığı və məhdudiyyəti həm ana, həm də uşaq üçün problemlər yarada bilər. Əmizdirən qadınların bədənlərindən narazılıqları onları arıqlamaq üçün karbohidratları məhdudlaşdırmağa gətirib çıxarır və bu halların sayında xeyli artım müşahidə olunur. Bu, hətta ananın xəstəxanaya yerləşdirilməsinə belə səbəb ola bilir. Digər tərəfdən isə ketogenik pəhriz terapiyası, ixtisaslaşmış mütəxəssislərin müşahidəsi altında və terapevtik məqsədlər üçün aparıldıqda, körpələrdə qıcolmaların potensial müalicəsində istifadə edilməsinə dair dəlillər də izlənilmişdir.

Polşa

Qadınlarda südün tərkibi və antioksidant statusu

  • Şəhər kənarında yaşayan qadınların südü ilə müqayisədə şəhər mərkəzində yaşayan qadınların südündə 31,24% daha yüksək kortizol konsentrasiyası aşkar edilmişdir. Doğuşdan sonra 3 həftədən 5 həftəyə qədər müddətdə körpəsini əmizdirən qadınlar qrupunun südündəki kortizol konsentrasiyası doğuşdan sonra 5 həftədən 12 aya qədər əmizdirən qadınlar qrupunun südü ilə müqayisədə 53,78%, 12 aydan çox müddətdə əmizdirən qadınlar qrupunun südü ilə müqayisədə isə 35,75% daha yüksək olmuşdur.
  • Peşəkar fəal olan qadınlar qrupunda ana südünün antioksidant statusu qeyri-fəal qadınlar qrupu ilə müqayisədə 9,71% daha yüksək olmuşdur. Bundan əlavə 3 həftədən 5 həftəyə qədər döşlə əmizdirən qadınların südünün antioksidant statusu ilə müqayisədə 5 həftədən 12 aya qədər əmizdirən qadınların südündə bu göstəricinin 19,82%, 12 aydan çox əmizdirən qadınların südündə isə 13,20% daha aşağı olduğu müşahidə edilmişdir.
  • Çoxsaylı doğuş keçirmiş qadınların südündəki yağ miqdarı ilk dəfə doğan qadınlar qrupu ilə müqayisədə 39,47% daha yüksək olmuşdur. Bunun əksinə olaraq, qeysəriyyə əməliyyatı ilə doğan qadınların südündəki yağ miqdarı təbii yolla doğan qadınlarınkına nisbətən 42,19% daha aşağı, hamiləlik və ya ana südü ilə qidalandırma dövründə xəstələnən qadınların südündə yağın miqdarı isə sağlam qadınlarınkına nisbətən 40,58% daha aşağı müşahidə edilmişdir. Ana südündəki yağların konsentrasiyası laktasiya müddəti uzandıqca artmışdır. Bundan əlavə şəhər kənarında yaşayan qadınların südündə nəzarət qrupu ilə müqayisədə 68% daha yüksək yağ miqdarı qeydə alınmışdır.
  • Peşəkar fəal olan qadınların südündə qeyri-fəal qadınların südü ilə müqayisədə ümumi zülalın daha yüksək konsentrasiyası-8,34% nisbətində aşkar edilmişdir. Doğuşdan sonra 3 həftədən 5 həftəyə qədər müddətdə körpəsini əmizdirən qadınların südündə də, doğuşdan sonra 5 həftədən 12 aya qədər müddətdə əmizdirən qadınların südü ilə müqayisədə ümumi zülalın daha yüksək konsentrasiyası müşahidə olunmuşdur.
  • Ana südündəki quru maddə miqdarı qeysəriyyə əməliyyatı ilə doğuş edən qadınlarla müqayisədə təbii yolla doğuş edən qadınlar qrupunda (4,70% daha çox), qeyri-fəal qadınlarla müqayisədə peşəkar fəal olan qadınlar qrupunda (5,47% daha çox), həmçinin ana südündəki quru maddənin miqdarı hamiləlikdən sonra 3-5 həftə müddətində körpəsini əmizdirən qadınlarla müqayisədə 12 aydan çox müddətdə əmizdirən qadınlar qrupunda (7,20% daha çox) daha yüksək olmuşdur.
  • Doğuşdan sonra 5 həftədən 12 aya qədər olan dövrdə ana südü ilə qidalandıran qadınlar qrupunda ana südünün kaloriliyi daha az iznənilmişdir. Nəticədə məlum olmuşdur ki, 12 aydan çox müddətdə əmizdirən qadınlar qrupunda ana südünün kalorisi 15 həftə-12 ay arasında əmizdirənlərdən 12,99% daha çox, doğuşdan sonra 3 həftədən 5 həftəyə qədər müddətdə əmizdirən qadınlarda isə 9,46% daha çox müşahidə edilmişdir.

ABŞ

Ana südünə keçən sakubitril/valsartan konsentrasiyasının əhəmiyyətsiz dərəcədə azlığı haqqında

Peripartum kardiomiopatiya zahılıq dövründə ürək çatışmazlığının geniş yayılmış səbəblərindən biridir. Bəzi dərman vasitələri ana südü ilə qidalandırma dövründə təhlükəsiz hesab olunur. Lakin sakubitril/valsartan (Entresto) preparatının effektiv olmasına baxmayaraq, körpənin inkişafına mənfi təsir göstərə biləcəyi ehtimalına görə ana südü ilə qidalandıran qadınlara tövsiyə edilmir; mövcud elmi məlumatlarda da bunun əksini sübut edən heç bir dəlil yoxdur. Bu tədqiqatın məqsədi sakubitril/valsartanın ana südünə keçməsini və körpənin bu dərmana məruz qalma riskini qiymətləndirmək olmuşdur. Nəticədə məlum olmuşdur ki, Sakubitril/valsartanın ana südünə keçməsi minimal səviyyədədir. Hesablanmış ümumi nisbi körpə dozası <0,25% təşkil edir ki, bu da sənaye üzrə qəbul edilmiş təhlükəsizlik standartlarından (<10%) xeyli aşağıdır. Buna əsasən sözügedən maddənin ana südü ilə qidalanan körpələr üçün ciddi risk yaratması ehtimalı çox aşağıdır.

Polşa

Altı aydan sonra ana südü ilə qidalandırma

Xüsusilə ilk aylardan sonra ana südü ilə qidalandırma körpənin inkişafına və rifahına əhəmiyyətli dərəcədə təsir edən faydaları təmin edir. Ana südü immunoloji, mikrobioloji və biokimyəvi xüsusiyyətləri infeksiyalara qarşı güclü qorunma təmin edir, xəstəxanaya yerləşdirmə və hətta ölüm nisbətlərini azaldır, optimal böyüməni təşviq edir, koqnitiv inkişafını və beyin funksiyasını dəstəkləyərək sinergetik şəkildə işləyir.

Ana südü böyüyən körpənin inkişaf edən ehtiyaclarına uyğunlaşdıqca, uzun müddətli ana südü ilə qidalandırma bahalı qarışıqların üstünlüklərini üstələyən səmərəli bir vasitə olaraq qalır. Ədəbiyyatdan əldə edilən əsas tapıntılar daha uzun müddətli ana südü ilə qidalandırmanın çoxsaylı sağlamlıq faydaları ilə əlaqəli olduğunu vurğulayır.

Bunlara mədə-bağırsaq və tənəffüs yolları infeksiyaları riskinin azalması, daha yaxşı böyümə və koqnitiv inkişaf, eləcə də həyatın sonrakı dövrlərində allergik xəstəliklər və piylənmənin inkişaf ehtimalının azalması daxildir. Bundan əlavə, ana südü ilə qidalandırma metabolik sindroma, qan təzyiqinin tənzimlənməsinə, orta otitə və malyariyaya müsbət təsir göstərir.

Daha az təsadüf olsa da, artrit, blastomalar, çölyak (seliakia) xəstəliyi və hətta qəfil körpə ölümü sindromu kimi xəstəliklər üçün uzun müddətli ana südü ilə qidalandırmanın potensial üstünlüklərini göstərən təcrid olunmuş məlumatlar da mövcuddur. Buna görə də, anaları ana südü ilə qidalandırmağa, xüsusən də uzun müddətli təşviq etmək vacibdir, çünki bu təcrübə həm körpə, həm də ana üçün əhəmiyyətli sağlamlıq faydalarını təklif edir.

Həmçinin ana südü ilə qidalandırma nisbətlərinin azalması və artan sağlamlıq problemləri nəzərdən qaçmır. Buna görə də, ana südü effektiv profilaktik sağlamlıq tədbirlərinin ehtiyaclarını ödəyir.

Çin

Süni qida marketinqinin səhiyyə sisteminə təsiri

Ana südü qida maddələrinin və anti-cisimlərin daha yüksək konsentrasiyası, daha asan həzm və üstün dad kimi süni qidaya nisbətən çoxsaylı üstünlüklərinə görə həm körpələr, həm də analar üçün ən sağlam seçim hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının Ana Südü Əvəzedicilərinin Beynəlxalq Marketinq Məcəlləsi, süni qida marketinqinin qadının ana südü ilə qidalandırma qərarına təsirini azaltmaq üçün 40 ildən çox əvvəl qəbul edilmişdir. Buna baxmayaraq, kommersiya məqsədli süni qida sənayesi məhsullarını aqressiv şəkildə və getdikcə daha çox sosial media kanalları vasitəsilə satmağa davam edir. Bu tədqiqat ana südü ilə qidalandırmanı dəstəkləmək və davam etdirmək üçün qurulmuş sistemlərin sənaye təcrübələri tərəfindən necə ələ keçirildiyini və yenidən istifadə edilə biləcəyini anlamaq üçün süni qida qarışığı süd marketinqinin səhiyyə sisteminin müəyyən komponentlərinə təsirini araşdırır. Çində qida qarışığı süd marketinqinin xüsusiyyətlərini və onun səhiyyə sisteminə təsirini ətraflı izah edən əsas və alt mövzuları təhlil etmək üçün analitik metoddan istifadə edilmişdir.

Süni qida sənayesinin səhiyyə sistemləri vasitəsilə tibb işçilərinə, eləcə də analara və onların ailələrinə çatmaq üçün istifadə etdiyi ən geniş yayılmış təcrübələr:

(1) akademik fəaliyyətlərə (məsələn, seminarlar, konfranslar və tədqiqat layihələri) sponsorluq etmək, həmçinin səhiyyə işçiləri və müəssisələri tərəfindən analara, ailələrə verilən tibbi tövsiyələrlə xüsusi körpə qidalarına təşviq edilməsi məqsədilə səhiyyə xidməti təminatçılarına və müəssisələrinə yönəlmiş marketinq;

(2) Çinli qadınları hədəf alan və marketinq əhatəsini genişləndirən, hamiləlik dövründə tibb müəssisələrindəki analıq məktəblərinin mühazirələri, doğuşdan sonrakı dövrdə isə tibb müəssisələrindən kənarda süni uşaq qidası istehsal edən şirkətlər tərəfindən təşkil olunan marketinq yanaşması.

Çində süni uşaq qidalarının marketinqi səhiyyə sistemindəki təcrübə və xidmətlərə həm birbaşa – tibb mütəxəssisləri və səhiyyə müəssisələri vasitəsilə, həm də dolayısı yolla – anaları hədəf alaraq təsir göstərməyi hədəfləyir. Bu marketinq strategiyaları tibb işçilərinin süni uşaq qidalarına olan yanaşmasına təsir etmiş, istehlakçılara yönəlmiş strategiyalar isə anaların övladlarını ana südü ilə qidalandırmağa davam etmək niyyətlərinə daha çox təsir göstərərək, bu niyyəti zəiflətməyə xidmət etmişdir. Anaların övladlarını ana südü ilə qidalandırması üçün dəstəkləyici mühitin yaradılması məqsədilə, süni qida sənayesi sahəsindəki marketinq təcrübələrinin daha ciddi şəkildə tənzimlənməsinə ehtiyac vardır.

ÜST-ün bir neçə ölkəni əhatə edən bazar araşdırması

Qadınların süni qida qarışıqlarının marketinqinə məruz qalması

Süni qida marketinqi yaxşı resurslarla təmin olunub və ana südü ilə qidalandırmanı sarsıdan ictimai inanclara və təcrübələrə təsir göstərib. Bu bir çox ölkədə qanunvericiliyin əsasən Beynəlxalq Ana Südü Əvəzedicilərinin Marketinqi Məcəlləsinin müddəalarını əks etdirməsinə baxmayaraq baş verib. Hamilə qadınlar və analar arasında süni qida marketinqinin əhatə dairəsini, təbiətini araşdırmaq üçün yeddi ölkədə sorğu aparılıb:

  1. Banqladeş,
  2. Meksika,
  3. Mərakeş,
  4. Nigeriya,
  5. Cənubi Afrika,
  6. Birləşmiş Krallıq,
  7. Vyetnam

Tədqiqat süni qida marketinqi haqqında kəmiyyət məlumatları və marketinq şirkətlərinin effektiv mesajları necə hazırladığına dair məlumatlar təqdim edir və fərdi zəifliklər və ya istəklərin marketinq strategiyalarına necə inteqrasiya olunduğunu izah etməyə kömək edir. Nəticələr süni qida şirkətlərinin hərəkətlərinə qarşı çıxmaq üçün siyasi və səhiyyə sahələrində tədbirlərin görülməsinə ehtiyac olduğunu bir daha təsdiqləyir. Bunun üçün “Məcəlləni” tam əks etdirən effektiv milli qanunvericilik və səhiyyə işçilərini süni qida marketinqinin hədəfindən qorumaq üçün peşəkar qurumların fəaliyyəti tələb olunacaq. Ana südü ilə qidalandırma və ana südü ilə qidalandırmaya uyğun siyasətləri dəstəkləyən mesajlar hazırlamaq üçün marketinq tədqiqat metodlarından istifadə edilə bilər.

Çin

Uşaq və yeniyetmələrdə ana südü ilə qidalanma, genetik meyllilik, həmçinin astma və allergik xəstəliklər riski

Astma və allergik xəstəliklər (məsələn, allergik rinit) çoxfaktorlu xroniki tənəffüs yolu xəstəlikləri olub, bir çox ortaq patogenetik mexanizmlərə malikdir. Ana südü ilə qidalanmanın allergik rinitdən digər xəstəliklərin inkişafına keçid edən şəxslərdə riski azaltma təsiri daha güclü olmuşdur. Nəticə etibarilə, ana südü ilə qidalanma siqaretin mənfi təsirlərinin riskinə məruz qalan əhalinin 12,0%-i, 13,0%-i və ya 13,0%-i astma, allergik xəstəliklər və bunlardan törəyən xəstəliklərdən əziyyət çəkməzdi; ümumi əhalinin isə 7,1%-i astma, 7,6%-i allergik xəstəliklərdən və ya 7,6%-i digər törənən xəstəliklərdən əziyyət çəkməzdi. Bu tədqiqat uşaq və yeniyetmələrdə ana südü ilə qidalanmanın astma, allergik xəstəliklər və bunlardan törəyən digər xəstəliklər riskini azaltmasına dair sübutlar təqdim etmiş, həmçinin bu təsirin müxtəlif genetik risk səviyyələrində dəyişməz qaldığını aşkar etmişdir.

Türkiyə

Döşdən imtina: tezliyi, başlama vaxtı, aradan qalxma vəziyyəti, həmçinin bunların ana südü ilə qidalandırma üzrə özünəinam və analıq depressiyası ilə qarşılıqlı əlaqəsinin təhlili

Bu kəsişmə tədqiqatının məqsədi döş imtinasının tezliyini, doğuşdan sonrakı depressiya və ana südü ilə qidalandırma zamanı özünəinam da daxil olmaqla əlaqəli amilləri, körpənin döşdən imtinasından sonra sağalma vəziyyətini araşdırmaq idi. Sorğu anaların və onların körpələrinin sosial-demoqrafik xüsusiyyətlərini, Ana Südü ilə Qidalandırma Özünəinam Şkalası-Qısa Formasını , anaların Edinburq Doğuşdan Sonrakı Depressiya Şkalası və döşdən imtinası ilə əlaqəli xüsusiyyətləri araşdırmaq üçün dörd hissədən ibarət idi. Sorğu 0-24 aylıq körpələri olanlara onlayn şəkildə verildi.

Döşdən imtina ilə bağlı xüsusi suallar ilk 12 ay ərzində onu yaşayan analara ünvanlandı. Bəzi sosial-demoqrafik amillər, sosial dəstək, anaların xüsusiyyətləri döşdən imtinası ilə əlaqələndirildi. Bundan əlavə, döşdən imtinanın aşkarlaması və bərpa olması kimi bir sıra çətinliklərin mövcudluğu müşahidə edildi.

Döşdən imtinanın qarşısını almaq və yaxşılaşdırmaq, həmçinin ana südü ilə qidalandırmanı bərpa etmək üçün analara uşaq baxımı və ev işlərində dəstək verilməli olduğu məlum oldu. Ana südü ilə qidalandırma müddətini uzatmaq, hədəflənmiş müdaxilələri həyata keçirmək, döşdən imtina ilə əlaqəli əlavə tədqiqatların aparılması zəruridir.

Yaponiya

Ana südü ilə qidalandırma və uşaqların 4 yaşına qədər idrak inkişafı

Ana südü ilə qidalandırmanın davamiyyətinin müddətindən asılı olaraq, uşaqların koqnitiv inkişafına faydalı ola biləcəyi irəli sürülmüşdür. Biz bu məsələni ölkə miqyasında aparılan perspektiv doğum tədqiqatı olan “Yaponiya Ətraf Mühit və Uşaqlar Tədqiqatı”ndan istifadə etməklə araşdırmağı qarşımıza məqsəd qoyduq. Biz 2 və 4 yaşlı uşaqlarda qidalandırma üsulları ilə koqnitiv inkişaf arasındakı əlaqəni qiymətləndirdik. Koqnitiv inkişaf xüsusi təlim keçmiş mütəxəssislər tərəfindən “2001-ci il Kioto Psixoloji İnkişaf Şkalası” vasitəsilə qiymətləndirildi. Uşaqları doğuşdan sonrakı ilk 6 ay ərzində tətbiq olunan qidalandırma üsullarına əsasən təsnif etdik:

(1) müstəsna ana südü ilə qidalanma qrupu – yalnız ana südü ilə qidalanma;

(2) qismən ana südü ilə qidalanma qrupu – ≤5 ay müddətində yalnız ana südü ilə, qalan aylarda isə ana südü və süni qida ilə qidalanma;

(3) süni qida ilə qidalanma qrupu – ≥4 ay müddətində yalnız süni qida ilə qidalanma;

(4) digərləri.

Doğuşdan sonrakı ilk 6 ay ərzində müstəsna ana südü ilə qidalanma 4 yaşlı qızlarda şifahi koqnitiv inkişafı baxımından, 4 ay və ya daha uzun müddət ərzində müstəsna süni qida ilə müqayisədə daha faydalı olmuşdur. Bundan əlavə, doğuşdan sonrakı ilk 6 ay ərzində ana südünün süni qida ilə birlikdə verilməsinin, 2 yaş və daha böyük oğlan və qızların koqnitiv inkişafına, ilk 6 ayda yalnız ana südü ilə müqayisədə heç bir mənfi təsiri olmamışdır.

İran

Əmizdirən qadınlarda döş ucu ağrısına qabaq toxumu yağının təsiri ilə bağlı randomizə edilmiş nəzarətli sınaq

Döş giləsi ağrısı ana südü ilə qidalandırmanın erkən dayandırılmasının ən geniş yayılmış səbəblərindən biridir. Buna görə də, bu vəziyyətin effektiv müalicəsi böyük əhəmiyyət daşıyır. Əvvəlki tədqiqatlar Cucurbita pepo (zucchini) bitkisinin iltihab əleyhinə və ağrıkəsici xüsusiyyətlərə malik olduğunu irəli sürmüşdür. Bu tədqiqat isə C. pepo toxumu yağının süd verən qadınlarda gilə ağrısının şiddətinə təsirini müəyyən etmək məqsədilə aparılmışdır. Müdaxilədən əvvəl, müdaxilə və nəzarət qrupları arasında ağrının orta şiddəti baxımından əhəmiyyətli fərq yox idi. Üçüncü gündə müdaxilə qrupunda ağrının orta intensivliyi nəzarət qrupu ilə müqayisədə əhəmiyyətli dərəcədə azaldı. Səkkizinci gündə isə ağrının orta şiddəti müdaxilə qrupunda nəzarət qrupuna nisbətən əhəmiyyətli dərəcədə daha aşağı idi. Bu tədqiqatın nəticələri göstərir ki, qabaq toxumu yağı ekstraktı əmizdirən qadınlarda döş giləsi ağrısının şiddətini azaltmaqda effektivdir. Buna görə də, əmizdirən qadınlarda döş giləsi ağrısının müalicəsi üçün bu yağ ekstraktından istifadə edilməsi tövsiyə olunur.

Kanada

Laktasiya ilə menopauza xüsusiyyətləri arasındakı ömürlük əlaqə

Laktasiyanın qadınların uzunmüddətli sağlamlığı üçün bir çox sübut olunmuş faydaları var; lakin onun menopauzaya təsiri o qədər də aydın deyil. Bu tədqiqat orta yaşlı qadınlarda laktasiyanın ömürlük müddəti ilə menopauzanın vaxtı və növü arasındakı əlaqəni araşdırmışdır. Doza-reaksiya baxımından, daha uzun laktasiya 50 yaşdan əvvəl (≥ 13 aylıq laktasiya üçün) təbii menopauza, 55 yaşdan əvvəl cərrahi menopauza və 50 yaşdan əvvəl qeyri-müəyyən menopauza riskini azaltmaqla əlaqələndirildi. Daha uzun laktasiya təbii menopauza ilə müqayisədə cərrahi və qeyri-müəyyən menopauza ehtimalının daha aşağı olması ilə əlaqələndirildi. Təbii menopauza vaxtını optimallaşdırmaq və erkən cərrahi və qeyri-müəyyən menopauza risklərini azaltmaq ana südü ilə qidalandırmanın analara yeni faydasını ortaya qoya bilər.

Danimarka

Müstəsna ana südü ilə qidalandırma müddəti və uşaqlıq dövrü xərçəng xəstəlikləri riski

309473 Danimarkalı uşağı əhatə edən bu tədqiqatda ən azı 3 ay müddətində müstəsna ana südü ilə qidalandırma uşaqlıq dövründə hematoloji xərçəng, xüsusən də B-hüceyrə prekursoru ALL riskini azaltmaqla əlaqələndirilmişdir. Buna baxmayaraq, ana südü ilə qidalandırılmanın mərkəzi sinir sistemi və ya bərk şişlər riskinə qarşı əlaqəsi aşkar olunmamışdır. Daha uzun müddətli ana südü ilə qidalandırma uşaqlıq dövründə B-hüceyrə prekursoru ALL-ın qarşısının alınmasında potensial amil ola bilər. Təhlillərimiz göstərdi ki, ən azı 3 ay müddətində müstəsna ana südü ilə qidalanan uşaqlarda 1-14 yaşlarında BCP-ALL riski 3 aydan az müddət ərzində müstəsna ana südü ilə qidalanan və ya heç vaxt qidalanmayan uşaqlara nisbətən daha aşağıdır.

Kanada

Kanadada əhali səviyyəsində aparılmış tədqiqata əsasən ana südü ilə qidalandırmağa çox müsbət yanaşan həyat yoldaşı ana südü ilə qidalandırmanın başlanmasına və onun 5 aydan çox davam etməsinə töhfə verir

Körpəlik dövründə uşaqların fiziki sağlamlığını və uşaqlıq dövründə neyro-inkişaf nəticələrini yaxşılaşdırmaq üçün ananın körpəsini ən azı 6 ay ana südü ilə qidalandırılmasının təşviqi vacibdir. Bu qaydaya əməl edilməsi üçün ana südü ilə qidalandırmanın başlanğıcını və müddətini ən yaxşı dəstəkləyən amilləri müəyyən etmək vacibdir. Ana südü ilə qidalandırmaya müsbət münasibət göstərən həyat yoldaşı olan anaların körpələrini 5 aydan çox ana südü ilə qidalandırma ehtimalı 13 dəfəyə qədər çox idi. Həyat yoldaşının ana südü ilə qidalandırmaya müsbət münasibəti ana südü ilə qidalandırma müddətinin ən güclü proqnozlaşdırıcısı idi, ardınca ananın təhsil səviyyəsi və işə qayıtma vaxtı gəlirdi. Əksər prenatal və perinatal uşaq səviyyəli amillər, həmçinin sosial-demoqrafik məzmun ana südü ilə qidalanma müddətini proqnozlaşdırırdı, lakin daha az dərəcədə özünü göstərirdi.

Yaponiya

Favipiravir müalicəsi zamanı ana südü ilə qidalandırmanın təhlükəsizliyi

Favipiravir, xüsusilə 2019-cu il koronavirus xəstəliyi (COVID-19) pandemiyası dövründə qlobal miqyasda istifadə edilmiş qrip əleyhinə məlum bir vasitədir. Bu dərman qripin və digər yeni ortaya çıxan yoluxucu xəstəliklərin müalicəsində əhəmiyyətli rol oynamışdır; lakin sonradan onun COVID-19-a qarşı təsirsiz olduğu sübuta yetirilmişdir. Hazırda COVID-19 da daxil olmaqla, müxtəlif xəstəliklərin müalicəsi zamanı gündə 1600–3600 mq dozada qəbul edilən favipiravirin ana südünə keçməsi ilə bağlı heç sübut aşkarlanmamışdır. Məlum olmuşdur ki, favipiravir müalicəsi alan analar üçün ana südü ilə qidalandırma əks-göstəriş deyil, körpəni dərman qəbulundan dərhal əvvəl əmizdirmək daha təhlükəsiz hesab olunur. Dərmanın qəbulundan 1,3 saat sonra, yəni konsentrasiyanın ən yüksək həddə çatdığı vaxtda əmizdirməkdən çəkinmək, körpənin dərmana məruz qalma ehtimalını minimuma endirir.

Çin

Əmizdirən qadınlarda döş giləsi travması zamanı aloe gelinin təsirləri

Döş giləsi travması olan zahı qadınlarda ağrını azaltmaqda və yaraların sağalmasını sürətləndirməkdə aloe gelinin effektivliyini araşdırmaq üçün bu tədqiqatda iştirak edən 80 qadında doğuşdan sonra həmin travma müşahidə olunmuşdur. Nəzarət qrupu gilə travmasına lanolin kremi tətbiq etmiş, test qrupu isə aloe gelindən istifadə etmişdir. Əmizdirən qadınlarda gilə travmasının şiddətini təyin etmək üçün qiymətləndirmə cədvəlindən və gilə ağrısının səviyyəsini təyin etmək üçün Vizual Analoq Şkalasından (Visual Analogue Scale) istifadə etdik. Yaralarının sağalma müddətini təyin etmək üçün isə Xəstəliklər, Sindromlar üçün Diaqnostika və Terapevtik Effektivlik üzrə Ənənəvi Çin Tibb Standartına müraciət etdik. Aloe geli əmizdirən qadınlarda gilə travması ilə əlaqəli ağrıları əhəmiyyətli dərəcədə yüngülləşdirə, yaraların sağalmasını sürətləndirə və döşlərdə gilə travmasının müddətini azalda bilər.

Hazırladı: Səltənət Zülfüqarova

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram