Hər hansı bir əlillik və ya tibbi problemlə doğulmuş körpənin ana südünə sağlam körpədən daha çox ehtiyacı var. Xüsusi qayğıya ehtiyacı olan körpələr, təşviq, diqqət və təsəlliyə ehtiyac duyur ki, bütün bunlar da əmizdirmənin təbii hissəsidir. Bu, körpənin anası üçün də çox mühümdür.

Çünki körpəsini əmizdirərkən o diqqətini yalnız və yalnız körpəsinə yönəldir. Əgər körpəniz əmizdirməni çətinləşdirən bir tibbi problemdən əziyyət çəkirsə, unutmayın ki, onu əmizdirmək demək olar ki, bütün hallarda mümkündür və həm sizin, həm də körpəniz üçün həyati əhəmiyyətə malikdir. Əgər körpənizin problemi varsa, yerli əmizdirmə məsləhətçinizlə əlaqə saxlayaraq ondan körpənizi necə əmizdirmək barədə məlumat və yardım istəyin.

Daun sindromu ilə doğulmuş körpə üçün, körpə və ailənin digər üzvləri arasında maksimum qarşılıqlı münasibətlər olan ev mühiti onun bacarıqlarının tam şəkildə inkişaf etməsinə yardım edir.
Südəmizdirmə sizin sevginizi və bağlılığınızı körpəyə xüsusi bir şəkildə çatdırır. Hətta siz körpəniz məhdudiyyətli doğulduğu üçün çətin emosional hisslər keçirsəniz də, onu əmizdirməyiniz normal bir prosesdir. Əmizdirmə daun sindromlu körpələr üçün daha da əhəmiyyətlidir, çünki, onlar tənəffüs yolları və qulaq infeksiyalarına daha çox məruz qala bilərlər. Əmizdirmə bu problemlərə qarşı müəyyən müdafiə yaradır.

Daun sindromlu körpə sevgiyə qarşılıq verməyə hazırdır və çox həvəsli bir şəkildə ətrafındakıların sevgisinə cavab verir. Adətən bu cür körpələr ailənin sevincinə çevrilir. Lüsil Klensi bu sindrom ilə doğulmuş oğlu barədə belə deyir: “Ürəyim deyirdi ki, “Onu sevirəm”, ağlım isə deyirdi ki, “Kaş ki, belə olmayaydı”. Lakin, Çedin böyük, xoşbəxt təbəssümünü görəndə, sevindim ki, ona sevgimi lazım olduğundan artıq göstərə bilmişəm”.

Daun sindromu ilə doğulmuş körpə, adətən ilk həftələri yuxulu olur. Əmmə refleksi zəif ola bildiyi üçün, əmizdirmə zamanı əlavə köməyə və səbrə ehtiyacınız ola bilər. O döşü tutmağı, əmməyi və udmağı öyrənənə qədər səbrli olun. Süd axınını stimulyasiya etmək üçün ilk həftələrdə əmizdirmədən sonra südünüzü sağmağa ehtiyac ola bilər. Əgər körpənizə əlavə qida verməli olsanız da, yüksək kalorili “ağuz südünü” fincan, damcıtökən, şpris və ya südəmizdirmə vasitəsinin köməyi ilə ona içizdirə bilərsiniz. Əmizdirmə prosesi ilk əvvəl ləng gedə bilər, lakin Daun sindromlu körpələr tədricən süd əmməyi öyrənəcəklər. Problemlə qarşılaşdıqda, ruhdan düşməyin. Körpənizi südlə əmizdirməyinizin ona və sizə xeyri, bütün əziyyətlərə dəyər. Sevginiz sayəsində, körpəniz yaşamağa davam edəcəkdir.

Mənbə: La Leche League International,
“The Womanly Art of Breastfeeding”,
Seventh Revised Edition

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.