Xüsusi ədəbiyyatlardan əldə edilən məlumatlara əsasən, şəkərləri, xüsusilə laktozanı parçalayan fermentlərin fəallığının dəyişikliyi ilə əlaqədar olan karbohidrat mübadiləsi xəstəliklərinə NADİR HALLARDA rast gəlinir. Müxtəlif ölkələrdə müxtəlif göstəricilər mövcuddur. Bu cür xəstəliklərin tezliyi 20000-də 1 nəfərdən- 200000-də 1 nəfərə qədər dəyişir. Bəs nə üçün pediatrlar az qala hər ikinci uşağa laktoza dözümsüzlüyü diaqnozu qoyurlar?
Əgər bu xəstəlik müalicə olunmadığı halda hipotrofiyaya, insan ölümünə səbəb olursa və körpələrin əksəriyyətində rast gəlinirsə, bəşəriyyət əsrlər boyunca sağ qalmağı necə bacarıbdır? İnsanların bu günə qədər sağ gəlib çıxmasının səbəbi odur ki, genetik səciyyə daşıyan və zəruri fermentlərin tam yoxluğu və ya ciddi çatışmazlığı ilə əlaqədar olan həqiqi laktoza dözümsüzlüyünə nadir hallarda rast gəlinir.
Bəs tez-tez rast gəlinən nədir? Həkimlər daim hansı problemlə üzləşir? Bu əmizdirmənin düzgün təşkil olunmadığı halda meydana gələn laktoza dözümsüzlüyüdür.
Əgər ana körpəni sutkada 6-7 dəfə əmizdirir, südü əmizdirmə üçün “yığıb saxlayır”, əmizdirmələrdən sonra südünü sağır, əmizdirmə zamanı körpəni gah bir döşə, gah o biri döşə qoyursa – laktoza dözümsüzlüyünün inkişaf etmə ehtimalı çox böyükdür. Bu, meydana gəlmə səbəbi “ön” və “arxa” südün disbalansı olan məhz həmin laktoza dözümsüzlüyüdür. Beləliklə, körpə çox vaxt daha duru, tərkibində yüksək miqdarda laktozda olan “ön” südü yeyir. Həmçinin südəmizdirmələr arasında döşdə əsasən “ön” süd yığılır, daha qatı, daha yağlı “arxa” süd isə körpə südü əmdikdə ifraz olunur. Əgər ana körpəni əmizdirmənin başlanğıcından 5-10 dəqiqə sonra digər döşə keçirirsə, körpə o döşdən yalnız ön südü yemiş olur, arxa südü isə ana sağır. Bu halda körpə çəkidə az artır, nəcisi duru, yaşıl və köpüklü olur. Bu zaman ana elə bilir ki, südü çox olsa da, südünün keyfiyyəti pisdir.
Belə halda, ana körpənin əmməsini məhdudlaşdırdıqda, məsələn 15-20 dəqiqədən artıq əmməyə qoymadıqda üzləşmək olar. Körpə adətən “arxa” südə çata bilmir. Bundan əlavə, sutkada 6-7 dəfə əmməklə, o süd əmələ gəlməsi üçün döşü kifayət qədər stimulyasiya etmir. Odur ki, yuxarıda sadalanan hallarda həm də süd çatışmazlığı baş verə bilər. Körpəni laktozasız süni qida ilə əmizdirdikdə, körpə kökəlməyə başlayır, hər kəs dərindən nəfəs alır və beyinlərdə belə bir yalnış təsəvvür formalaşır ki, ana südü keyfiyyətsiz ola bilər və ümumiyyətlə müasir qadınlarda süd az olur.
Həmçin, tranzitor, müvəqqəti laktaza çatışmazlığına da rast gəlinir. Düzgün təşkil olunmuş əmizdirmədə körpə çəkidə yaxşı artır, özünü yaxşı hiss edir, lakin həyatının ilk 2-3 ayında (bəzən isə daha uzun müddət) onun nəcisi köpüklü olur. Ana bu barədə həkimə məlumat verdikdə, müayinə təyin olunur, təhlil zamanı körpənin nəcisində şəkərlər aşkar olunur. Körpəni laktozasız süni qidaya keçirirlər. Halbuki, laktozanın tam sorulmaması südəmər körpələr üçün adi haldır !!! (6 həftəlik uşaqların 66%-i, 3 aylıq uşaqların 60%-də bu hala rast gəlinir).
Məsələn, bu halda bir anaya deyilib: “Sizin körpəniz güclü ağrı hiss edir! Görmürsünüz o qazlardan necə əziyyət çəkir!? Siz isə onu öz südünüzlə əmizdirməyə davam edirsiniz! Südünüz körpə üçün zəhərdir!”. Mən demirəm ki, bütün pediatrlar belədir. Mən, körpənin özünü yaxşı hiss etdiyi halda, sadəcə əldə edilmiş laboratoriya nəticələrinə əsasən müalicə etməyən və hətta artıq müayinələr təyin etməyən həkimlər tanıyıram!
Gəlin xatırlayaq ki, son 50 il ərzində həkimlər əsasən süni qida ilə qidalandırılmış körpələrlə işləyiblər. Müvafiq olaraq, bir çox biliklər və laboratoriya testləri yalnız bu qrup uşaqlara tətbiq oluna bilər. Süni qida ilə qidalandırılan körpənin nəcisində şəkərin olması patologiyadır. Südəmər körpənin nəcisində şəkərin olması isə normaldır! Şəkərin yüksək səviyyədə olması, körpənin əmizdirilməsinə dair qeyri-düzgün məsləhətlərin (əmizdirmə zamanı döşün tez-tez dəyişdirilməsi, əmmənin müddətinin məhdudlaşdırılması, əmizdirmədən sonra südün sağılmasının) nəticəsi ola bilər, çünki bu halda körpə çoxlu miqdarda laktoza ilə zəngin ön süd qəbul edir. Laktoza dözümsüzlüyü və yeni doğulmuş körpə – bir-birinə yad iki məfhumdur!
Disbakterioz
Bu, çox məşhur diaqnozdur. Məlumdur ki, körpələr steril bağırsaqlarla doğulur. Əgər doğuşdan sonra onun ağzına ananın döşündən başqa heç nə salınmasa, qısa müddət ərzində körpənin mədə-bağırsaq traktında normal mikroflora əmələ gəlir. Ağuz südündə və süddə normal mikrofloranın inkişafına kömək edən, patogen mikrofloranı isə dəf edən faktorlar mövcuddur. Əmizdirmənin düzgün təşkil olunmadığı halda (bu hal isə təəssüflər olsun ki, çox geniş yayılıb), doğuşdan sonra ilk sutkalar ərzində ananın mikroflorası ilə tanışlıqdan əvvəl körpəyə müxtəlif mayelər verilibsə, bağırsağın mikroflorası heç də ideal şəkildə formalaşmır. Lakin hətta bu halda belə, ana südü problemlərin öhdəsindən gəlməyə kömək edəcəkdir.
Ən maraqlısı isə, körpə evə gəldikdə baş verir. Südəmər körpənin normal nəcisi duru, sarı olur və içində ağ topalar nəzərə çarpa bilər. Körpə sutkada 7-10 dəfə az-az və ya bir neçə sutkada 1 dəfə böyük həcmdə nəcis ifraz edə bilər. Adətən körpələr həyatlarının ilk aylarında gündə 3-5 dəfə nəcis ifraz edirlər. Sahə pediatrları bu normal uşaq ifrazatını “ishal” adlandıraraq ananı nəcis təhlilinə göndərirlər. Lakin, körpənin həyatının ilk yarım ilində, xüsusilə o çəkidə yaxşı artır və inkişaf edirsə, bağırsağında disbiozun olmasının və istənilə formada nəcis ifraz etməsinin normal olduğunu qətiyyən nəzərə almırlar. Daha sonra müalicəyə başlanılır və körpəni məsələn, turş süd məhsullarından ibarət qarışıqlarla qidalandırmağa başlayırlar. Pediatrların günahı yoxdur. Onlar süni qida yeyən körpələrin daha qatı və yeknəsəq nəcis ifrazatına öyrəşiblər.
Lakin, daha maraqlı hadisələr sonra baş verir: məsələn müxtəlif bioprepraratlar qəbul etdiyinə baxmayaraq, körpənin nəcisində onun bağırsağına uyğun gəlməyən mikroorqanizmlərə rast gəlinirsə, bu zaman anaya deyilir ki, problem onun südündədir və körpəni süddən kəsməsi üçün təkid edirlər. Bu məsələ ilə əlaqədar nümunə gətirək: Südəmər körpənin nəcisində dəfələrlə çoxlu miqdarda Candida göbələyi və hemolizə edən bağırsaq çöpü aşkar edilir. Bu mikroorqanizmlərə heç bir müalicə təsir göstərmir. Anaya daim südündə problem olduğu deyilir. Körpəni bir yaşına qədər əmizdirmiş ana, onu süddən kəsir. Körpə tez-tez xəstələnməyə başlayır, göbələklər və çöplər isə əvvəlki miqdarda qalır.
Südün sterillik təhlili
Südün sterillik təhlili zamanı, 50-70% hallarda müxtəlif mikroorqanizmlər, bir çox hallarda qızılı və epidermal stafilokok aşkarlanır. Əksər hallarda bu orqanizmlər aşkarlandıqda anaya antibiotiklərlə müalicə kursu təyin edilir, bu vaxt ərzində körpəni bir həftə süni qida ilə qidalandırırlar və adətən körpə bundan sonra döşdən imtina edir. Bu ən acınacaqlı nəticədir, lakin bu hala tez-tez rast gəlinir. Adətən ana və körpəni biopreparatlarla müalicə edirlər və ya ana və körpə xlorofillipt qəbul edirlər.
Halbuki, süddə stafilokokun aşkarlanması hələ heç nə demək deyil! Həm qızılı və həm də epidermal stafilokok insanın dərisində və selikli qişalarında yaşayır, həmçinin ətrafımızdakı əşyaların çoxunda mövcuddur (məsələn, stafilokok pambıq parçalara meylliliyi ilə fərqlənir. Bir topa pambıq əskini əlimizə götürsək, havada stafilokokların miqdarı qəfil artır!). Ana südü ilə körpə, ona ehtiyac olduqda stafilokokun öhdəsindən gəlməyə kömək edən xüsusi anti-cismlər qəbul edir. Belə məlum olur ki, ana südündəki stafilokok körpəyə elə ondan müdafiə olunmaq üçün ötürülür və o körpə üçün təhlükəli deyil! Bundan əlavə, doğuşdan sonra ilk saatlarda körpənin anadakı stafilokoku qəbul etməsi zəruridir. O, artıq transplasentar şəkildə qəbul etdiyi bu stafilokokdan ağuz südü və südlə qəbul edəcəyi anti-cisimlərin köməyilə qorunacaqdır!
Transplasentar keçən anti-cisimlər sayəsində, ana orqanizminin bütün mikroflorası körpənin immun sisteminə artıq “tanışdır”. Körpə üçün doğum evinin mikroflorasını, həmçinin antibiotiklərə qarşı dayanıqlı olan stafilokoku qəbul etmək təhlükəlidir! O bu mikroorqanizmlərlə tanış deyil və onun dərisi və mədə-bağırsaq traktında bu mikroorqanizmlərin məskən salması körpə üçün təhlükəlidir. Əgər körpə ananın mikroflorasını qəbul etmək imkanına malik deyilsə, ətrafda mövcud olan mikrofloranı qəbul edir. Əgər “doğma” Staphyloccocus aureus ştammını qəbul etmək imkanı yoxdursa, onun yerini hospital ştammı (ŞTAMM is. [alm.] Morfoloji və fizioloji xüsusiyyətləri öyrənilmiş müəyyən mikroorqanizm növünün təmiz becərilməsi, yetişdirilməsi) alacaqdır.
Lakin, bu, südəmər körpə üçün qorxulu deyil. Ananın orqanizmi müvafiq anti-cismlər ifraz edərək körpəni qoruyacaqdır. Əlbəttə ki, əgər körpə ana südü ilə əmizdirilərsə. Stafilokokun süddə aşkarlanması, onun keyfiyyətinə heç bir mənfi təsir göstərmir. Həkimlərin anaları tez-tez qorxudaraq südü “zəhərlədiyini” iddia etdikləri stafilokok enterokoliti nadir hallarda rast gəlinən, immun sistemi xəstəlikləri zamanı və SÜNİ QİDALANDIRMA nəticəsində meydana gələn haldır! Hətta əgər hər hansı daxili səbəblərdən körpənin immun sistemi zəifləyibdirsə, o öz immun sistemini ana südü ilə möhkəmləndirəcəkdir. Süni qidalandırmaya keçdikdə, o bu mühafizədən məhrum olur.
Pediatrlara müraciət
Əziz həmkarlar! Əgər baxışınızdan keçən somatik cəhətdən sağlam, südəmər körpə çəkidə az artırsa, nəcis ifrazatı yaşıl, dəyişkəndirsə, dərisində problemlər varsa, onu süni qidalandırmaya keçirməzdən, müayinə və müalicə təyin etməzdən əvvəl, əmizdirmənin düzgün təşkil olunub-olunmadığını aydınlaşdırmağa çalışın. Əmizdirmə çox sadə, hətta elementar bir prosesdir. Lakin, bircə şərt var ki, əmizdirən ana bir neçə sadə qaydaya riayət etməlidir. Analıq mədəniyyəti sahəsinə məxsus olan bu qaydalar minilliklər ərzində insanlara məlum olub və geniş şəkildə tətbiq edilib lakin bu günümüzdə isə demək olar ki, unudulubdur. Bu qaydaları bilmədən, əmizdirmə tam həyata keçirilə bilməz.
Əgər ana körpəsini sutkada 6-7 dəfə əmizdirir, ona əmzik, əlavə olaraq çay və su verirsə, südünü sağırsa, gecələr körpəni əmizdirmirsə, o nə körpənin, nə də özünün fitrətinə müvafiq hərəkət etmir. Fitrətimizə zidd hərəkətlər edərək, təbii prosesi həyata keçirmək mümkün deyil! Əgər körpə döşə düzgün qoyulmursa və buna heç kim diqqət yetirmirsə – bu çox kədərli haldır, çünki ola bilər ki, qadının ətrafında əmizdirmə barədə maarifli olan və onun səhvlərini düzəldəcək təcrübəli analar olmasın. Körpə döşə düzgün qoyulmadıqda döş kifayət qədər stimulyasiya olunmayacaq və kifayət qədər süd ifraz olunmayacaqdır. Hətta körpəni tez-tez əmizdirdikdə və onu döşə düzgün qoyduqda, döşdən yağlı, qatı “arxa” südü çıxarmaq çətin olur!
Belə olan halda ana körpəni döşə düzgün qoymağı öyrənməli, körpəni onun tələbinə uyğun olaraq əmizdirməli, digər oral obyektlərin istifadəsini istisna etməli və körpəyə əlavə maye verməməli, gecə əmizdirmələrinə riayət etməli və südü sağmamalıdır. 2-4 həftə sonra körpənin vəziyyətinə baxın. 99% hallarda nə süni qida, nə müayinə, nə də müalicəyə ehtiyac qalmır.
Müəllif: Liliya Kazakova
Tərcümə edən: Xumar Ərşadlı
Mənbə: www.akev.ru