Bağla

Mastit Spektrumu

Mastit – əmizdirən analar arasında geniş yayılmış və klinik əhəmiyyət daşıyan vəziyyətlərdən biridir. Bu problem yalnız lokal döş ağrısı və iltihabla məhdudlaşmır, həm də laktasiyanın davamlılığına, ana-körpə münasibətinə və ümumi psixoloji vəziyyətə təsir göstərə bilər.

Uzun illər ərzində mastit sadə bir infeksion xəstəlik kimi qiymətləndirilmişdir. Lakin son illərdə aparılan elmi tədqiqatlar göstərir ki, mastit tək bir xəstəlik deyil, əksinə müxtəlif mərhələlərdən ibarət spektr pozuntusudur. Bu spektrin başlanğıcında adətən süd axarlarında daralma və südün normal axınının pozulması dayanır. Daha sonra lokal iltihab, toxuma ödemi və ağrı inkişaf edir. Əgər proses vaxtında və düzgün idarə olunmazsa, bu vəziyyət daha ağır formalara — bakterial mastit, toxuma daxilində iltihabın yayılması, lokal maye toplanmaları və absesə qədər irəliləyə bilər.

Patofizioloji baxış:

Mastit əsasən süd vəzisinin kanallarını və ətraf toxumalarını əhatə edən iltihabi prosesdir. Onun yaranmasında iki əsas mexanizm ön plandadır:

  • süd axınının pozulması
  • süd vəzisinin mikrobiom balansının dəyişməsi

Süd vəzisinin mikrobiomu normal halda müxtəlif bakterial populyasiyalardan ibarətdir və bu balans südün fizioloji axını üçün vacib rol oynayır. Lakin aşağıda verilənlər bu balansı poza bilir:

  • hiperlaktasiya
  • tez-tez və həddindən artıq süd sağma
  • qeysəriyyə doğuşu
  • antibiotik istifadəsi

Nəticədə bəzi bakteriyalar üstünlük qazanaraq iltihabi reaksiyalara şərait yaradır. Əvvəllər mastitin əsas səbəbi kimi südün az boşaldılması qəbul edilirdi. Müasir anlayış isə daha mürəkkəbdir: südün az çıxarılması qısa müddətdə narahatlıq və gərginlik yaratsa da, orqanizm bunu kompensator mexanizmlərlə tənzimləyir.

Əksinə, həddindən artıq stimulyasiya və tez-tez sağma süd istehsalını artıraraq problemi daha da ağırlaşdıra bilər. Eyni zamanda, gilə travması və ya gigiyena pozuntusu mastitin əsas səbəbi kimi qəbul edilmir. Sağlam qadınlarda belə məmə və südün mikrobiomu müəyyən bakteriyaları ehtiva edə bilər və bu, patoloji hesab olunmur.

Klinik inkişaf və spektrin gedişi:

  • Mastit spektri çox vaxt sadə bir “tıxanma” hissi ilə başlayır. Bu mərhələdə əslində kanalın fiziki tıxanması deyil, mikroskopik iltihab və toxuma ödemi baş verir. Döşdə lokal sərtlik, həssaslıq və yüngül qızartı müşahidə oluna bilər.
  • Proses davam etdikdə iltihabi mastit inkişaf edir. Bu mərhələdə qızartı genişlənir, ödem artır və ağrı güclənir. Bəzi hallara ümumi simptomlar — hərarət, üşütmə və halsızlıq da qoşula bilər. Lakin bu sistemik reaksiyalar infeksiya olmadan da yarana bilər.
  • Daha irəliləmiş mərhələlərdə bakterial komponent üstünlük qazanır. Bu zaman vəziyyət sellülit xarakteri alır və döşün müxtəlif sahələrinə yayıla bilər. Əgər proses daha da dərinləşərsə, toxuma daxilində sərhədsiz iltihab sahələri (flegmon) və ya maye toplanmaları əmələ gələ bilər. Bu toplanmalar zamanla kapsullaşaraq daha stabil kütləyə çevrilə və ya abses formalaşdıra bilər.
  • Bəzi hallarda süd axınının uzunmüddətli pozulması nəticəsində süd kistaya bənzər boşluqda toplanır və qalaktosel yaranır. Bu vəziyyət adətən ağrısız olur, lakin infeksiyalaşdıqda abseslə eyni klinik gedişata keçə bilər. Təkrarlanan epizodlar isə çox vaxt əsas səbəbin — hiperlaktasiya, mikrobiom disbalansı və ya əmizdirmənin qeyri-adekvat idarəetmənin davam etməsi ilə əlaqəlidir. Eyni zamanda bəzi hallarda nadir, lakin daha ciddi patologiyalar da istisna edilməlidir.

Müasir yanaşma prinsipləri:

Mastitə müasir yanaşma artıq “südü tam boşaltmaq” və ya “infeksiyanı mexaniki yolla çıxarmaq” ideyasına əsaslanmır. Əsas məqsəd iltihabın nəzarətə alınması, toxumanın qorunması və süd istehsalının fizioloji ehtiyaclara uyğun tənzimlənməsidir.

Əvvəllər analara tez-tez döşün tam boşaldılması tövsiyə edilirdi. Lakin indi məlumdur ki, bu yanaşma süd istehsalını daha da stimullaşdıraraq hiperlaktasiyanı artırır və iltihabi prosesi davam etdirə bilər. Buna görə hazırki yanaşmada yalnız körpənin ehtiyacına uyğun süd çıxarılması və lazım olduqda minimal əl sağımı tövsiyə olunur.

Eyni şəkildə, əvvəllər geniş yayılmış aqressiv masaj və “tıxanmanı çıxarma” cəhdləri də artıq tövsiyə edilmir. Çünki dərin toxuma manipulyasiyası ödemi artıraraq vəziyyəti pisləşdirə bilər.

Mastit zamanı gilənin həddindən artıq yuyulması və ya sterilizasiyası da faydasız hesab olunur. Bu cür müdaxilələr dərinin təbii qoruyucu baryerini zədələyə və əlavə qıcıqlanma yarada bilər. Sadə gündəlik gigiyena kifayətdir.

Eyni zamanda, bəzi ənənəvi yanaşmalar — məsələn, yağlarla masaj və ya Epsom duzu ilə tətbiqlər (elmi əsaslara malik deyil və toxuma travmasını artıra bilər).

Simptomatik müalicə və tibbi yanaşma:

  • İltihab və ağrının azaldılması müalicənin əsas hissəsidir.
  • Soyuq tətbiqlər və qeyri-steroid iltihab əleyhinə preparatlar ödemi azaldaraq simptomları yüngülləşdirir.
  • İbuprofen və parasetamol kəskin mərhələdə effektiv simptomatik dəstək verir.
  • Bəzi hallarda lesitin əlavələri südün axıcılığını yaxşılaşdırmağa kömək edə bilər.
  • Gilələrdə yaranan kiçik iltihabi dəyişikliklər (bleb) mexaniki olaraq açılmamalıdır, çünki bu əlavə travma yarada bilər.
  • Dəri səthi tətbiq edilən aşağı dozalı steroidlər və konservativ yanaşma daha uyğundur.
  • Antibiotiklər yalnız bakterial mastit hallarında istifadə edilməlidir.
  • Əgər 48 saat ərzində yaxşılaşma olmazsa, əkmə nümunələrinin götürülməsi tövsiyə olunur.
  • Daha ağır hallarda — abses formalaşdıqda əsas müalicə drenajdır. Bu, iynə aspirasiya və ya drenajın yerləşdirilməsi ilə həyata keçirilə bilər. Çox vaxt drenaj daha stabil nəticə verir və təkrarlanma riskini azaldır.
  • Müalicədən sonra əmizdirmə davam etdirilməlidir.

Psixoloji və funksional faktorlar:

Mastit yalnız fiziki deyil, həm də psixoloji faktorlarla sıx bağlıdır. Perinatal həyəcan və depressiya simptomların daha çox kəskinləşməsi və həddindən artıq müdaxiləyə səbəb ola bilər. Buna görə xəstənin psixoloji vəziyyəti də qiymətləndirilməlidir. Eyni zamanda hiperlaktasiya və həddindən artıq sağma davranışı mastit spektrinin davamlılığını artıran əsas faktorlardandır.

Nəticə:

Mastit müasir tibbdə artıq sadə infeksion xəstəlik kimi deyil, multifaktorial və mərhələli bir spektr pozuntusu kimi qəbul edilir. Əsas məqsəd süd istehsalını süni şəkildə artırmaq və ya azaltmaq deyil, fizioloji balansı qorumaqdır. Müasir yanaşma göstərir ki, aqressiv müdaxilələr — dərin masaj, həddindən artıq sağma, sterillik və “tam boşaltma” strategiyaları əksinə vəziyyəti ağırlaşdıra bilər. Daha doğru yanaşma iltihabın idarə olunması, mikrobiom balansının qorunması və minimal invaziv müdaxilələrdir. Bu yanaşma həm ağırlaşmaların qarşısını alır, həm də ana südü ilə qidalanmanın davamlılığını təmin edir.

Hazırladı: Həcər Piriyeva

Mənbə: Academy of Breastfeeding Medicine Clinical Protocol #36: The Mastitis Spectrum, Revised 2022

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram