Kim deyir ki, əmizdirmə asandır?

Həqiqətən çətindir yoxsa asan?

Əgər bu sual ilə bir neçə anaya müraciət etsək çox ehtimal ki, bir-birindən kəskin şəkildə fərqli cavablar ala bilərik.

İnsanlar bir-birindən fərqləndiyi kimi hər bir əmizdirmə hekayəsinin də özüməməxsus özəllikləri olur. Çünki, burda məsələ bir cüt insandan-ana və körpədən gedir. Bəzən eyni ana fərqli körpələri ilə tamamilə müxtəlif əmizdirmə təcrübəsi yaşaya bilir. Əmizdirmə proses olaraq təbii olsa da, ana və körpənin buna hazırlığından çox asılıdır.

Bəzən əmizdirməni qıfıla uyğun gələn açar kimi də qiymətləndirmək olar. Əksər hallarda “açar ilə qıfıl” uyğun olur və bu zaman nə körpə, nə də ana əmizdirmədə çətinlik yaşamır. Əmizdirmə ilk dəqiqədən rahat həyata keçir. Lakin elə hallar da olur ki, ya əmizdirmədə iştirak edən tərəflərdən birində-körpədə və bəzən hətta hər ikisində- körpə və anada müəyyən problemlər mövcud olur. Elə bu vaxt əmizdirmədə cüzi və ya ciddi problemlər sezilməyə başlayır və əmizdirmə ana üçün işgəncəyə çevrilir:

  • Ağrılı əmizdirmə
  • Ana südünün çatışmazlığı
  • Körpənin səhhətinə görə narahatlıq
  • Qorxu və acizlik hissi
  • Günahkarlıq hissi
  • Ruh düşkünlüyü
  • Özünəinam hissinin sarsılması
  • Ətrafdan təzyiq
  • Süni qidaya qismən və ya tam keçid

Bu hallarda əmizdirməni səhmana salmaq üçün nəinki əmizdirmə məsləhətçisi həmçinin problemlərə müvafiq mütəxəssislər də prosesə cəlb olunmalıdır.

Anada müşahidə olunan aşağıdakı hallar əmizdirməyə ciddi xələl gətirə bilir:

Ananın anatomik özəlliyi– nadir hallarda amma rast gəlinəndir. Adətən məhz bu səbəbdən qadınlara hamiləlikdən etibarən əmizdirmə məsləhətçisinə üz tutmaq tövsiyə edilir. Əksər narahatlıqları öncədən çözmək və ya ən azından öncədən hazırlıq görmək mümkün olur.

Müvafiq mütəxəssis: mammoloq, əmizdirmə məsləhətçisi.

Anada xroniki xəstəliklər– bəzi xroniki problem var ki, məhz əmizdirmə zamanı daha çox narahatlıq və südün çatışmazlığı ilə nəticələnə bilir. Məhz bu səbəbdən ananın səhhətinə dair geniş sorğu-sual və kompleks yanaşma tələb olunur.

Müvafiq mütəxəssis: terapevt, endokrionoloq, allerqoloq, dietoloq, əmizdirmə məsləhətçisi.

Doğuşsonrası yaranan müvəqqəti səhhət problemləri- adətən ananın bərpa dövründə əmizdirmək üçün maneələr yaranır. Elə buna görə də beynəlxlaq mütəxəssislər doğuşu əmizdirmədən ayırmırlar. Doğuşun adekvatlığı və təbiiliyə maksimal yaxınlığı ananın daha tez bərpasına səbəb olur və əmizdirməyə maneələrin riskini azaldır. Doğuşsonrası narahatlıqları aradan qaldıraraq əmizdirməni səhmana salmaq üçün bir sıra sahənin mütəxəssinin iş birliyi tələb olunur.

Müvafiq mütəxəssis: dermatoloq, terapevt, cərrah, osteopat, fitoterapevt, dietoloq, reflektoloq, əmizdirmə məsləhətçisi, massajçı

Ananın emosional səhhəti– təəssüflər olsun ki, südün istehsalı sadəcə fiziki bir hadisə deyil. Müvəffəqiyyətli əmizdirmə üçün ananın mental və emosional vəziyyəti də çox önəmlidir. Gərgin, ruh düşkünlüyü yaşayan, mənəvi resursları tükənən, həyata “boz” nəzərlərlə baxan və bəzən hətta intihar hisslərinə qapılmış ana üçün əmizdirmə yükün üzərinə yük kimi görünür. Bu halda ananın emosional durumunu tarazlamaq üçün müvafiq mütəxəssilər cəlb edilməlidir.

Müvafiq mütəxəssis: psixoloq, pxisiatr, osteopat, reflektoloq, massajçı, əmizdirmə məsləhətçisi

Bütün yuxarıda sadalanan əmizdirməyə maneələr yaradan hallar yüksək təcrübəli və məsələnin çözümünə müxtəlif aspektlərdən yanaşan mütəxəssis toplusununun birlikdə işləməyinə ehtiyac yaradır. Çünki, işinə düzgün yanaşan mütəxəssis nəticəni deyil, nəticənin kökünü aradan qaldırmağa çalışır. Müraciət edilən əmizdirmə məsələhtçisi çevik nəticələr və həllər üçün ananın problemi üzərinədə işə digər mütəxəssisləri də cəlb etməlidir.

Artıq qeyd etdiyimiz kimi, hər bir ananın əmizdirmə tarixçəsi hər bir körpə ilə fərqli olur. Kimdəsə əmizdirmə yağ kimi gedir, kimdəsə çətinliklə başlayır, kimsə mürəkkəb maneələr topasını həll edə-edə müsbət nəticəyə gəlib çıxa bilir. Bəzən əmizdirmə gözləntilərdən kəskin fərqlənən axarda getməyə başlayır, məsələni öz axarına qaytarmaq üçün bəzən cüzi, bəzən isə külli miqdarda əmək, əzm və çalışqanlıq tələb olunur.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.