1. Sizin xanımınız zahı qadın, körpəniz isə yenicə dünyaya doğulmuşdur. Həyatınızın bu çətin və təsirli dövründə onlar biri-biri üçün yaşayırlar. Bu qəribə simbioz Allah tərəfindən yaradılmışdır. Qısqanclıq- özünü “kölgədə” hiss edən cavan ata üçün normal hissdir. Bu hissi düzgün tərəfə istiqamətləndirmək lazımdır! Nənələrə imkan verməyin ki, sizi körpədən uzaqlaşdırsınlar, xanımınıza isə yumşaqcasına bildirin ki, sizin üçün ən mühüm iki insanın həyatına şərik olmaq istəyirsiniz.

2. Xüsusən yeni doğmuş ananın heç nə ilə əvəz olunmayan Sizin dəstəyinizə böyük ehtiyacı vardır. Çox yorulmağınıza və ya güclü stress keçirməyinizə baxmayaraq, ona dəstək olmaqdan çəkinməyin. Yatağına gətirdiyiniz bir stəkan çayı və dediyiniz xoş bir sözü o ömürlük yadda saxlayacaq və bu evliliyinizin əsas fundament daşı olacaqdır.

3. Doğuşdan sonra ilk həftələrin həyat yoldaşınıza sizin üçün vəziyyətin nə qədər ağır olduğunu bildirmək üçün heç uyğun olan bir zaman deyil. Daha yaxşı olardi ki, hiss və narahatlıqlarınızı artıq uşaq sahibi olan dostlarınızla müzakirə edəsiniz. Sizi dostunuz doğuşdan sonra yorğun və zəif olan xanımınızdan daha yaxşı anlayar. Baxmayaraq ki, qadınlar kənardan sanki ömrüboyu ana olduqları kimi görünsələr də, kişilərə yeni-ata roluna alışmaları çətin olduğu qədər qadınlara da çətin olur. Unutmayın- onların da həyatı həmişəlik dəyişilibdir.

4. Əgər xanımınız uşağı əmizdirirsə, bu o demək deyil ki, siz uşaqla ünsiyyət yarada bilməzsiniz. Əmizdirmə prosesindən əlavə uşaqla ünsiyyət yaratmağın və onun həyatında vacib insan olmağın min yolu var. İlk günlərdən ata uşağını çimizdirə və ya bələyə bilər. Əgər belə “ekstrim” sizin üçün deyilsə, onda uşağı gəzintiyə çıxara bilərsiniz, qucağınızda gəzdirib onunla söhbət edə bilərsiniz ki, bu müddəti yeni ana bir az özünə sərf edə bilsin. Köməyinizi təklif edin, lakin etiraz olunduqda inciməyin (təbiətdə erkəklərin balalarına baxmaq qabiliyyəti yoxdur, xanımınızın bu “genetik yaddaşı” onu bu mərhələdə aldada bilər). Bir neçə gün və ya həftədən sonra hormonlar qaydasına düşdükdə ana bu qayğıları sevimli yoldaşı ilə bölüşməkdən yalnız məmnun olacaq.

5. Bilin ki, körpəyə sizin səs tanışdır, ana bətnində 9 ay o sizin səsinizi eşidib. Körpə sizin ürək döyüntülərinizi hiss edərək və ya çiyninizə başını qoyaraq sakitləşə bilər. Sərbəst olun, axı siz onun atasısınız! Siz onu sakitləşdirə və ozundə əminlik hissi yarada bilərsiniz.

6. Körpəsini əmizdirən ana bəzən özündə əminsizlik hiss edə bilər: ana fikirləşə bilər ki, südü körpəsi üçün kifayət etmir. Ən yaxşı dəstək sizin ona və onun analıq keyfiyyətlərinə inamınızdır. Xanımınızın zəif və çətin anlarında ona dayaq olun! O sizin səylərinizi indi olmasa da sonralar qiymətləndirəcək.

7. “Əgər sənə çətindirsə ona süni qida ver!” Bu ifadə çətinliklə üzləşmiş ana üçün ən pis dəstək formasıdır. Əgər o zəiflik göstərib əmizdirməni dayandırsa, onun vacibliyini bilməyinə baxmayaraq özünü uğursuz hesab edəcəkdir. Bundan başqa o yadda saxlayacaq ki, məhz Siz ona inanmadınız və “məğlub” olmağı məhz Siz məsləhət gördünüz. Qərarının düzgün olmasını bildirsə də şüuraltı səhv olmaq hissi ömru boyu onunla qala bilər.

8. “Bəlkə bir gün daha əmizdirəsən? Yalnız sabaha qədər!”- yoldaşımın bu sözlərini indiyə qədər minnətdarlıq hissi ilə xatırlayıram. İlk uşağımızı əmizdirmək üçün mübarizə aparanda o hər gün bu sözləri təkrarlayırdı. Çətin və ağrılı dövr keçirən əmizdirən anaya bundan yaxşı dəstək olmağın başqa yolunu bilmirəm.Əmizdirmə ilə problem olduqda onun həlli yolları axtarılmalı, əmizdirmə məsləhətçisi dəvət olunmalıdır. Adətən məsləhətçi xidməti pulludur, ancaq suni qidalar da pulsuz paylanmır. Əmizdirmə və onun bərpası haqda internet və ya kitablardan məlumat əldə edin. Bunlar xanımınızda özünə əminlik yaradacaqdır. Anlamaq lazımdır ki, siz öz imkanlarınız daxilində hər şeyi körpənizin ən yaxşısını- ana südü qəbul etməyi üçün edirsiniz.Valideynlərin əsas məqsədi bu deyilmi?!

9. Əmizdirən ananın, xüsusilə də yenicə körpə dünyaya gətiribsə, yaxşı qidalanma və bol mayeyə, həmçinin istirahətə ehtiyacı var. Əgər o ehtiyaclarını ödəyə bilmirsə, özünü yaxşı hiss etməyəcək və nəticədə qıcıqlanmış və əsəbi olacaqdır. Bunları növbəti dəfə “xırdalıqlara görə mübahisə edəndə” yadınıza salın. Əmin ola bilərsiniz ki, siz tərəfdən hazırlanmış nahar, bir stəkan isti çay və körpəsiz yarım saat ailənizə sakitlik və hormoniya gətirəcək.

10. 6-cı həftədən başlayaraq əksər körpələr bir saat və ya saat yarım qidasız yaşaya bilirlər. Xanımınıza yarım saat rəfiqəsilə kafedə oturmağa və ya körpəsiz mağazalara gəzməyə icazə verin. Və siz tam əminliklə “ilin atası” adlandırıla bilərsiniz. Hər ehtimala qarşı xanımınızdan sağılmış süd saxlamağı xahiş edin.

Müəllif: Nadya Ayzner
Mənbə: www.gvinfo.ru
Tərcümə etdi: Hacıyeva Yaqublu Yeganə

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.