Adi səslənsə də, ana südünün möcuzəsi bütün dünyaya məlumdur. Pediatrlar, sağlam uşaq qidası üzrə mütəxəssislər, körpələrin sağlamlığının keşiyində duran onlarla beynəlxalq təşkilatlar körpələrin ilk 2 ilinə qədər əlavə qida ilə bərabər ana südü ilə qidalanmasını tövsiyyə edir.
Qeyd etmək lazımdır ki, əmizdirmə və sağlam qida üzrə ixtisaslaşan həkimlər ilk 6 ayı körpələrə yalnız ana südü vermək, əlavə qida və mayelərdən çəkinməyi məsləhət görürlər. Ana südünün tətbiqinin vacibliyi vaxtından öncə doğulan körpələrə məxsusi şəkildə vurğulanır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə həyatının ilk vaxtlarında müstəsna olaraq ana südü ilə qidalandırılmaqları səbəbilə 820 000 körpənin həyatını ölümdən xilas etmək olardı. Keçirilən tətqiqatlar göstərir ki, vaxtından öncə doğulan körpələr süni qidaya çox həssas olduqlarından yalnız ana südü ilə qidalandırılmaları həyati əhəmiyyət kəsb edir.
Bütün digər saysız faydaları ilə yanaşı ana südü həmişə təmiz, lazımi hərarətdə və körpənin sağlamlığı üçün təhlükəsizdir. Analar üçün əmizdirmənin müvəffəqiyyətli başlanğıcının iki asan yolu var:
- Əmizdirməyə doğuşdan mümkün qədər dərhal sonra başlamaq.
- Tez-tez əmizdirmək.
Adətən analar əsassız olaraq, süd ehtiyatlarının az olduğundan narahatdırlar. Hamiləliyin ikinci trimesterindən etibarən və doğuşdan dərhal sonra ananın döşlərində körpəsinə kifayət edə biləcək miqdarda südəbənzər maye-ağuz və ya bulama kimi tanınan ana südü mövcud olur.
Qeyd etmək gərəkdir ki, bütün qadınlar, ciddi sağlamlıq problemləri (hormonal natarazlıq, döş xəstəlikləri və s. kimi fəsadlar) müşahidə olunmazsa kifayət qədər ana südü istehsal etmək imkanındadırlar.
“Bütün qadınlar” dedikdə, bütün ana olan qadınlarla yanaşı, hətta ömründə heç vaxt hamilə olmayan qadınlar da ana südü ifraz edə bilərlər. Dünya mütəxəssisləri bu halın fenomenal deyil, fakt olmasını dəfələrlə övladlığa körpə götürən qadınların həmin övladları üçün süd istehsal etmək bacarıqları nümunəsində sübuta yetirmişdirlər. Sözsüz ki,bu proses bir qədər səbr və bacarıqlı mütəxəssis ilə birgə iş əsnasında meydana gələ bilər.
La Leche League Beynəlxalq Təşkilatının süd ehtiyatlarının azlığından şikayət edən əmizdirən analar üçün tövsiyyəsinə nəzər salaq:
- 24 saatda ən azı 10-12 dəfə əmizdirmək
- körpəyə qida rejimi və döşdə məhdud vaxt tətbiq etməmək
- döşləri növbə ilə körpəyə təklif etmək
- gecə əmizdirmələrinin sayını artırmaq
- döşləri massaj etmək
- körpə ilə daha çox bədən-bədənə təmasda olmaq
- körpəyə əlavə qida və maye verməmək
- süni əmziklər tətbiq etməmək
Ana tez-tez körpəsini əmizdirərkən, ona toxunarkən və hətta əmizdirmə haqqında düşünərkən onun beyni daha çox süd istehsal etmək siqnalları alır. Bunu nəzərə alaraq, Ümumdunya Səhiyyə Təşkilatı belə bir düstur hazırlamışdır:
Çox Əmizdirmə = Çox Siqnal = Çox Süd
Yuxarıda götərilən südün fiziki artırılma üsullarından əlavə olaraq, setifikatlaşdırılmış laktasiya məsləhətçiləri Diana West və Lisa Marasco əmizdirmədən dərhal əvvəl isti kompreslərin qoyulmasını və döşlərin sağılmasını tövsiyyə edir. Müəlliflər həmçinin əmizdirən analara qidalarına kokos, badam, küncüt toxumları, papaya, düyü, kahı, şampinyon göbələyi, qabaq tumları, noxud, yulaf, günəbaxan tumlarını əlavə etməyi məsləhət görürlər.
Hilary Jacobson isə “Mother Food For Breastfeeding Mothers” adlı kitabında kök, çuğundur və çuğundur yarpaqları, tünd yaşıl rəngli göyərtilər, çiy (qovrulmamış və duzsuz) qoz-fındıq, sarımsaq, təzə zəncəfil kimi tərəvəzləri laktogenetik (südgətirən) tərkibə malik olduğunu vurğulayır. Müəllif həmçinin bir sıra otların süd ehtiyatına müsbət təsiri haqqında da məlumat verir. Anada verilən otlara qarşı alergiyanı və hamiləlik amilini mütləq nəzərə alaraq, yonca, zəncirotu yarpağı, yulaf samanından hazırlanmış çaylardan istifadə etməyi tövsiyə edir.
Diana West və Lisa Marasco da həmçinin “Making More Milk” adlı kitablarında südartıran otların və bitkilərin geniş siyahısı ilə oxucuları tanış edirlər. Bu siyahıda cirə, zirə, keşniş və şüyüd toxumları, güldəfnə, mayaotu, gülxətmi, gicitkən, moruq yarpaqları mühüm yer tuturlar. Unutmayın, məsləhət görülən ot və bitkilərdən istifadə etmək qərarına gəlsəniz mütləq bu sahədə biliyi və bacarığı olan mütəxəssislərlə məsləhətləşin.
Son söz olaraq, analara tövsiyə əmizdirmə məsələlərinə müsbət emosiyalarla və süd ehtiyatlarına qarşı optimizm ilə yanaşsınlar. Qəlb rahat olduqda beyin də rahat olur. Beyinin rahat olduqda isə ana bol süd istehsal edir.
Səltənət Zülfüqarova