Doqquz ay körpəsinin dünyaya gəlişini səbirsizliklə gözləyən ana onu qucağına alacağı gündən başlayaraq həyatının dəyişəcəyini, sevinclə dolu olacağını düşünür. Əslində belə də olur, lakin bəzi qadınlar bununla yanaşı anlaya bilmədikləri hisləri yaşayırlar, onlara yad olan halətlər keçirirlər. Bunun səbəbi aşağıdakılarla bağlı ola bilər:

Doğuşdan sonrakı sıxıntı və ya Analıq Hüznü (Baby Blues, DSS) – bu halla demək olar ki, 75-80% qadın üzləşir. Əlamətləri: keyfin tez-tez dəyişilməsi, ağlağanlıq, qəmginlik, yuxu problemi, yüksək qıcıqlanma, iştahın dəyişilməsi, konsentrasiyada çətinlik. DSS özü-özünə (yəni həkim, psixoloq, dərmanların köməyi olmadan) keçən bir hal olaraq, doğuşdan sonra başlayıb maksimum iki həftə dəvam edə bilər. Əgər sadalanan əlamətlər iki həftədən çox müşahidə olunursa, bu artıq DSS yox doğuşdan sonrakı depressiyadır.

Doğuşdan sonrakı depressiya (PPD, DSD) – statistik məlumatlara əsasən bu 10-15% ananın doğuşdan sonra məruz qaldığı bir haldır. DSD kömək tələb edən, DSS-dən daha ciddi olan bir problemdir. Doğuşdan sonrakı depressiyanın bir çox əlaməti doğuşdan sonrakı sıxıntının əlamətləri ilə eynidir. Məsələn, ağlağanlıq, qəmginlik, yuxu problemi, yüksək qıcıqlanma və s. Lakin DSD daha qabarıq olur və müddət cəhətdən daha uzun çəkir.
DSD-nin əlamətləri:

  • Körpəyə qarşı marağın olmaması;
  • Körpəyə qarşı mənfi hisslər;
  • Körpəyə zərər verməkdən qorxmaq;
  • Özünə qarşı marağın/diqqətin itməsi;
  • Məmnuniyyət hissinin olmaması;
  • Enerji və motivasiya itkisi;
  • Dəyərsizlik və günahkarlıq hissi;
  • İştahın/çəkinin dəyişilməsi;
  • Adi vaxtdan daha az/daha çox yatmaq;
  • Ölüm, suisid fikirlərinə meyl.

DSD adətən doğuşdan sonra ortaya çıxır və bir neçə ay davam edir. Amma bəzən əlamətlər bir neçə ay sonra, gözlənilmədən özünü biruzə verə bilər.
DSD-nin səbəbi hələ tam açıqlanmasa da onu əsas iki səbəblə bağlayırlar:

1 Fizioloji səbəb. Qadın orqanizmində doğuşdan sonra baş verən hormonal dəyişikliklər. Estrogen, progesteron və kortizol hormonlarının səviyyəsinin doğuşdan sonra 48 saat ərzində kəskin enməsi.
2 Psixoloji səbəb. Uşaq səbəbi ilə üzləşdiyi problemlər (yorğunluq, yuxusuzluq, yeni analarda “bacarmaram” hissi və s.) qadını ruhdan salır. Yaxşı ana olmadığını (ola bilməyəcəyini) düşünür. Psixoloji səbəblərə həmçinin qadının xasiyyəti, ümumən həyatda baş verənlərə nə cür reaksiya verməsi də aid edilə bilər.

Həmçinin səbəblərdən bunları da qeyd etmək olar:
– İstənilməyən hamiləlik. Bu halda hamiləliyin özü artıq qadın üçün depressiya olaraq doğuşdan sonra da davam edir.
– Şəxsiyyətdaxili konflikt. Yeni sosial rol ilə əvvəlki həyat tərzi arasında yaranan konflikt – “Bundan sonra həyat tərzimi dəyişmək məcburiyyətindəyəm”.
– Ailədaxili problemlər. Qadının həyat yoldaşı ilə, evdə yaşayan başqa hər hansısa insanla/qohumla arasında olan gərgin münasibətlər və s.
– Qadının başqa xəstəlikləri; uzun illər uşağın olmaması; əvvəllər yarımçıq pozulan hamiləlik; uşağın doğuşdan əvvəl/sonra ölməsi.
– Keçmişlə bağlı mənfi xatirələr. Çətin uşaqlıq, natamam ailə, öz anasının onun gözünün qabağında yaşadığı acılar və s.
– Bəzi alimlər depressiyanın genetik keçən bir xəstəlik olduğunu qeyd edirlər.

Yuxarıda qeyd etdiyimiz kimi, DSD kömək tələb edir. Bu halı yaşayan analarla psixoloqlar, ehtiyac olduqda həkimlər işləməlidir. Qadının öz üzərində işləməsi və yaxınlarının köməyi də vacibdir.

Doğuşdan sonrakı psixoz (PPP, DSP) – bu xəstəliyə nadir hallarda rast gəlinir (1%). DSP çox ciddi tibbi müalicə tələb edir. Həmçinin bu tip xəstələrin bəzilərində (5%) suisidə və uşağı öldürməyə meyl olduğu üçün bəzən müalicə zamanı ananı körpədən ayırmaq lazım olur. Ekspertlər DSP-nin dəqiq səbəbləri haqda yekdil rəydə deyillər. DSP-nin səbəblərindən aşağıdakılər ola bilər:

  • Hormonların təsiri;
  • Doğuşdan sonrakı depressiya;
  • Doğuş sancılarının, doğuş zamanı ağrıların və ya qan itkisinin şiddətli olması;
  • Doğuşdan sonra sepsisin olması;
  • Bipolyar spektr pozuntuları, şizofreniya xəstəliyi;
  • Spirtli içkilərin və narkotik maddələrin qəbulu.

DSP özünü gözlənilmədən biruzə verir. Adətən bu doğuşdan sonra iki həftə ərzində, bəzən isə 48 saat ərzində baş verir.
DSP-nin əlamətləri aşağıdakılardır:

  • Hallusinasiyalar – başqalarının görmədiyi görüntüləri, surətləri görmək;
  • Maniyakal hallar – reallıqdan uzaq olan fikirlər, idealar;
  • Təfəkkür pozuntuları – xülasəsiz fikirlər, məna kəsb etməyən nitq;
  • Qeyri-adi, anormal davranış;
  • Çaşqınlıq, disoriyentasiya;
  • Özünütənqid hissinin itməsi;
  • Özünü/uşağı öldürmək fikri.

DSP-dən əziyyət çəkən qadın mütləq dərhal müalicəyə başlamalıdır. Bu demək olar ki, onun yaxınlarının boynuna düşür, çünki xəstə özünətənqid hissini itirir, özünün sağlam olduğunu düşünür. Hətta bəzən həkimin təyin etdiyi dərmanları içməyə razı olmadığı üçün onları xəstənin bədəninə başqa yollarla daxil edirlər. Düzgün şəkildə, vaxtı-vaxtında olunan müəlicə adətən DSP-dən sağalma ilə nəticələnir. Müalicə həkim nəzarəti altında aparılmalıdır. Qadının tez sağalması üçün o, lazım olan şəraitlə, rahatlıqla təmin olunmalıdır; yaxınları, əzizləri ona diqqət və qayğı göstərməlidirlər.

Bunu da qeyd etmək lazımdır ki, depressiyanın səbəbi haqda yekdil rəy olmasa da, şübhə yoxdur ki, depressiyanın yaranmasına zəmin olan faktorlar mövcuddur. Faktorlar insanın fizioloji və psixoloji xüsusiyyətlərinə görə, həyat tərzinə görə, əhatə olunduğu insanlara görə və s. fərqlənir. Yaxşı olardı nəzərə alaq ki, ananın uşağını əmizdirməsi, daha dəqiq desək onu düzgün əmizdirə bilməməsi bu faktorlardan biri ola bilər. Birincisi, əmizdirmə körpəyə sadəcə qida verməkdən daha üstün, daha incə olan bir prosesdir.

Bu proses zamanı ana ilə övlad arasında ilk təmas, ilk emosiya mübadiləsi baş verir. Əgər əmizdirmə təbii haldan problemə çevrilirsə ana ilə körpə arasındaki bu ilkin ünsiyyət növü pozulur və nəticə etibarilə ortada “ana-övlad” münasibəti deyil, “narahat körpə – depressiyaya düşmüş ana” adlanan bir hal yaranır. Həmin an qadın yalnız bir şeyi düşünə bilir: “Mən necə anayam ki, heç öz balamı yedizdirə bilmirəm”. Bu cür fikirlər isə yuxarıda qeyd etdiyimiz kimi depressiyanın əlamətlərindəndir.

Beləliklə, başqa anaların da həyat təcrübəsindən göründüyü kimi, düzgün/problemsiz əmizdirmə doğuşdan sonra gələn çox vacib bir məqamdır. Uşağını rahat əmizdirə bilən ana özündən daha əmin olur, körpəsi ilə öz arasında harmoniyanı tənzimləyə bilir. Təbii ki, bunun qədər vacib olan da odur ki, övladı rahat və sağlam olur. Beləliklə bu məsələyə xüsusi diqqət yetirmək, uşaq və ananın fiziki və psixi sağlamlığı üçün bu haqda araşdırma aparmaq, informasiya toplamaq, və ən əsası doğru olan məlumatı tətbiq etməkdir. Bunun daha qısa yolu isə savadlı və təcrübəli şəxslərlə məsləhətləşməkdir.

Müəllif: Aygül Kamranqızı

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.