Əmizdirmənin uğuruna təsir göstərən ATALAR
Son illərin araşdırmaları əmizdirmənin uğurlu başlanğıcında və əmizdirmədə yaranan problemlərin dəf edilməsində, hətta əmizdirmənin uzunmüddətli olmasında ataların rolunun əhəmiyyətini təsdiq etmişdir.
Laktasiya və ana südü sahəsində mötəbər mütəxəssislərdən Diane Wiessinger, Dr. Bill Sears, Kelly Bonyata, Becky Flora, Denise Parker və s. ataların ana südü ilə əmizdirmədə onun əhəmiyyəti haqqında müxtəlif fikir, fərziyyə və tövsiyələri də mövcuddur. Məhz hansı tərzdə ataların əmizdirmənin uğuruna təsir etməsini daha ətraflı izah etmək üçün laktasiya mütəxəssisi Barbara Robertsonun qeyd etdiyi məqamları təqdim edirik:
Ana südü ilə qidalandırmanın uğurlu olmasında atanın dəstəyi vacibdir.
Qara dərili ailələr arasında 2022-ci ildə aparılan bir tədqiqatda belə bir nəticə əldə edilib: “Övladlarını ən azı 6 ay ana südü ilə qidalandıran iştirakçılar bu sahədəki uğurlarını əsasən yoldaşlarından aldıqları dəstəklə əlaqələndiriblər”. (Dogan et al, 2022).
Digər bir araşdırma göstərir ki, atanın ana südü ilə qidalandırmaya dəstəyi bu prosesin nəticələrini yaxşılaşdırır. Ataların ana südü ilə qidalandırma prosesinə cəlb edilməsi və onların bu prosesdə fəal iştirakının təmin olunması ana südü ilə qidalandırma göstəricilərini artırır. (Koksal et al, 2022)
Doğuşdan sonrakı erkən dövrdə ana ciddi fizioloji və psixoloji dəyişikliklər yaşayır. Bu müddət ərzində ana baş verən dəyişikliklərə və analıq roluna uyğunlaşmağa çalışır. Buna görə də, doğuşdan sonrakı dövrün ilk günlərində ananın ciddi dəstəyə ehtiyacı olur… Analarda ana südü ilə qidalandırmanın səmərəliliyi, yoldaşları tərəfindən göstərilən emosional, sosial və fiziki dəstək səviyyəsi ilə müsbət təsiri olmuşdur. (Uludag and Ozturk, 2019)
Ataların əmizdirmənin çətinliklərinə öncədən hazırlıqlı olmaları kritik anlarda daha məhsuldar dəstək olmağa imkan verir.
Yeni ata olmuş kişilər sadəcə körpənin dünyaya gəlməsi səbəbilə özlərini artıq yüklənmiş kimi hiss edə bilərlər. Ana südü ilə qidalandırma zamanı ortaya çıxa biləcək çətinliklər isə vəziyyəti daha da ağırlaşdıra bilər. Bir çox ata ana südü ilə qidalandırma prosesinin gözlədiklərindən daha çətin olduğunu, bunu artan narahatlıq hissi ilə müşayiət olunduğunu və həyat yoldaşlarına bu prosesdə uğurla dəstək olmaq üçün özlərini tamamilə hazırlıqsız hiss etdiklərini bildiriblər. (Balwin et al, 2022)
Ataları əmizdirmə reallıqları ilə öncədən məlumatlandırmaq yalnış gözləntiləri dəf etməyə əsas verir.
Həmçinin müəyyən edilmişdir ki, atalar uşaq doğulmazdan əvvəl onlara real gözləntilərin təqdim olunmadığını hiss edirdilər. Onlar bilməli idilər ki, körpəni əmizdirmək heç də həmişə asan olmur. (Balwin et al, 2022)
Ataları ana südü haqqında maarifləndirmək onların ana və körpələrə verdikləri dəstəyi gücləndirməyə kömək olur.
Ataların körpə dünyaya gəlməzdən öncə prenatal təlimlərdə iştirakı ana südü ilə qidalandırmanın körpə, valideynlərə və dünyamız üçün nə qədər faydalı olduğunu anlamalarını təmin etmək baxımından mühüm bir addımdır. (Baldwin et al, 2021)
Atanın ana südü ilə qidalandırma haqqında məlumatlı olması onda bu prosesi dəstəkləmək istəyi yaradır, onun göstərdiyi təşviq isə ananın bu prosesə başlamaqla bağlı inamını artırır. (Agrawal et al, 2022)
Hamiləlik dövründə və doğuşdan sonrakı mərhələdə atalar üçün nəzərdə tutulan ana südü ilə qidalandırma üzrə maarifləndirmə və təşviqat işləri 6 aylıq dövrdə müstəsna ana südü ilə qidalandırma göstəricilərini yaxşılaşdırmışdır. Bu 2 aylıq dövrdə tamamilə süni qidalanma ehtimalını və ana südü ilə qidalandırma zamanı yaranan problemlərin tezliyini azaltmış, ataların bu proseslə bağlı göstərdikləri dəstək səviyyəsini artırmışdır. Həmçinin anaların ana südü ilə qidalandırmaya dair bilik və münasibətlərini müsbət istiqamətdə dəyişdirməyə imkan vermişdir. (Mahesh et al, 2018).
Ataların dəstəyini yüksək dəyərə malik olduğunu vurğulamaq ataları daha çox dəstək olmağa ruhlandırır.
Yoldaşının körpənisini əmizdirməsinə üstünlük verən atalar ananın əmizdirməsini istəməyən və ya bu barədə heç bir fikri olmayan atalarla müqayisədə, ana südü ilə qidalandırma prosesinin başladılması və 8-ci həftədə də davam etdirilməsi barədə daha çox bildiriblər. Bu tədqiqatdakı nisbətin nə qədər güclü göründüyünə tədqiqatçılar özləri də heyran qaldılar. Atalara uğurlu ana südü ilə qidalandırmada nə qədər dəyərli olduqlarını, onlara bunun komanda işi olduğunu bildirmək önəmlidir. (Parker et al, 2023)
Atalar anaların əmizdirmə istəyinin köməkçisi və mühafizəçisidir.
Atanın əsas vəzifəsi körpənin ana südü ilə qidalanmasına dəstək olmaq və bu prosesi asanlaşdırmaqdır. Məişət qayğıları, böyük uşaqlara qulluq, həyat yoldaşının rifahının qayğısına qalmaq, ailənin qida ilə təmin edilməsi, körpənin acdığını göstərən əlamətləri anlamaq və körpəyə qulluq haqqında bilikləri əldə etmək atanın üzərinə götürməli olduğu vəzifələrə daxil olmalıdır. (Agrawal et al, 2022)
Atalar ilə düzgün kommunikasiya seçmək çox önəmlidir.
Atalara ana südü və laktasiya ilə bağlı maarifləndirici məlumat verərkən, onların kommunikasiya özəlliklərini də nəzər almaq gərəkdir. Ana və ata eyni məlumatı fərqli cür anlama və qavrama qabiliyyətinə malikdir. Bu baxımdan Kanadanın 1997-ci ildən fəaliyyət göstərən “Dad Central Ontario” təşkilatı atalara valideynlik həmçinin laktasiya ilə bağlı məlumatı maraqlı bir formatda çatdırmaq ideyasını həyata keçirirlər. Xatırladaq ki, təşkilat atalar və övladları arasındakı bağı təşviq edib ona dəyər verərək güclü və sağlam uşaqların yetişməsinə töhfə verməyi hədəfləyir. Atalar eləcə də atalarla işləyən şəxs, qurum və proqramlar üçün faydalı və keyfiyyətli məlumatlar təqdim etmək istiqamətində fəaliyyət göstərir. Təşkilat ataları ana südü mövzusunda maarifləndirmək üçün maraqlı dil tərzi seçminin bir neçə nümunəsini təqdim edirik:
Təsəvvür edin ki, konveyerdən yeni çıxmış, par-par parıldayan bir “Porsche” avtomobili təhvil alırsınız – bu avtomobil indiyədək bir metr belə sürülməyib. Belə bir maşına ən yaxşı yanacaq və yağı vermək istərdiniz, elə deyilmi!? Körpələrlə bağlı vəziyyət də buna bənzəyir; sadəcə burada söhbət ana südündən gedir.
İndi təsəvvür edin ki, avtomobiliniz var və onun yanacağı o qədər təkmilləşdirilmişdir ki, sürmə tərzinizə uyğun olaraq öz tərkibini dəyişə bilir. Ana südü də məhz belədir; o, körpənizin ehtiyaclarına uyğun olaraq dəyişir. Məsələn, isti havalarda anaların istehsal etdiyi südün tərkibində daha çox su olur ki, bu da körpələrə ehtiyac duyduqları əlavə mayeni təmin edir. Qışda isə südün tərkibində yağ miqdarı artır, çünki soyuq havada körpələrin daha çox kaloriyaya ehtiyacı olur.
Müəllif: Səltənət Zülfüqarova
