Hamiləlik 9 ay, zahılıq isə təxminən 6 həftə çəkir. Bunlar arasında sərhəd kimi doğuş prosesini hesab etmək olar. Yəni hamiləlikdən zahılığa keçid kifayət qədər qısa bir zaman tələb edir. Hamiləlikdən analığa bu keçidin qısa zamanda baş verməsi, deyərdim ki, məsələnin elə ən qəliz hissəsidir. Çünki, hamilə qadının ana olmaq fikrinə alışmağı müəyyən qədər vaxt tələb edə bilir.  

Mütəxəssislər hesab edirlər ki, doğuş əsnasında nəinki yeni körpə, həmçinin yeni ana da dünyaya gəlir və hər növbəti övladla bu hadisə təkrar-təkrar baş verir. Hər doğuş fərqli olduğu kimi, zahılıq da fərqli keçə bilir.

Zahılıq dövründa qadınlara daha çox diqqət və qayğı tələb olunur. Xüsusən ilk övladını dünyaya gətirən qadınlar, müəyyən qədər pərişanlıq yaşaya bilərlər. Məsələ orasındadır ki, doğuşsonrası mərhələ bir qisim qadınlar üçün fiziki, digər qisim üçün psixoloji, bəzən isə hər ikisini özündə birləşdirən həssas bir dövrdür. Unutmayaq ki, zahılıq ciddi hormonal, emosional və fiziki dəyişikliklərlə müşayiət olunan həyati bir hadisədir. Ana nəinki, körpəsinə həmçinin özünün yeni statusuna, hisslərində və bədənində baş verən dəyişikliklərə öyrəşməyə çalışır.

Zahılıq həmçinin ananın özünə rəhm dövrüdür. Ananın körpəsinə uyğunlaşmaq üçün səbrli olmağı və özünə zaman verməyi gərəkdir.

Evdarlıq işlərinə vaxtın məhdudluğu, yuxu qıtlığı həssas olan ananın vəziyyətini daha gərgin edə bilir. Zahılara elə gəlir ki, onlar üçün həyat yenidən öz axarına qayıtmayacaq, dünya öz gedişatını və ətrafda yaşayan insanlar öz həyatlarını artıq onlarsız davam edirlər. Ana xüsusən ilk övladı dünyaya gələndən sonra özünü əvvəlki tək sərbəst hiss etmir, kiçik həyat sevinclərindən məhrum olmuş kimi düşünür. Yardım etmək istəyənlər ya olmur ya da, amiranə tərzdə ana-körpə üzərində bütün təşəbbüsü öz əllərinə götürməyə çalışır. Nəticədə yeni ana körpəsinə, məişətinə və ailəsinə sahib çıxacaq qədər güclü olmadığını düşünməyə başlayır. Bununla ananın ilk növbədə özünəinam və özgüvən hissi büdrəyir. Öz etdiklərinin yalnış yoxsa düzgün olduğunu sual altına almağa başlayır.

Bəli bunlar hamısı zahılığın və analığın bir hissəsidir. Siz bu hissləri yaşayan yeganə insan deyilsiniz, sizdən öncə ananız, nənələriniz, ulu nənələriniz keçirdiyiniz hissləri bu və ya digər formada yaşayıblar. Sadəcə müasir dövr və zahılara yanaşmada olan inkişaf bizi bu məsələdə xeyli müvəffəqiyyətli edə bilir.

Yeri gəlmişkən əgər doğuşdan sonra dünya gözünüzə boz və hətta ağ-qara görünürsə, mütləq şəkildə mütəxəssislərdən psixoloji dəstək istəməyə can atın.

Bəs hamiləlikdən zahılığı yumşaq keçid etmək üçün hansı tədbirlər görülə bilər? Hər şey kifayət qədər təbii və əlçatandır.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan addımlar sadə səslənsə də, onların kifayət qədər doğuşsonrası bərpaya, ananın emosional və fiziki səhhətinə ciddi və önəmli təsirləri var:

1. Təbii doğuşa üstünlük vermək.

2.Körpə dünyaya gələn kimi onunla dəri-dəriyə təmas etmək,

3.İlk saatda körpəni əmizdirmək

4. Körpə ilə eyni otağı paylaşmaq.

5.Körpəyə süni əmziklər və əmzikli şüşə verməmək.

6. Körpəni ilk 6 ayında yalnız ana südü ilə qidalandırmaq.

Heç kimə, sirr deyil ki, ana südünün istehsalında hormonların ən çox payı var. Həmçinin bizim əhvalımıza da hormonlar güclü şəkildə təsir edə bilirlər. Bəzi hormonlar isə bildiyimiz kimi hiss orqanlarımız vasitəsilə qıcıqlanmış olurlar. Məsələn ana körpəsini görməklə, qoxusunu hiss etməklə, səsini eşitməklə, ona toxunmaqla südünün ifrazını stimullaşdıra bilər. Ananın özgüvən və özünəinam hissləri də hormonlara güclü təsir etməyə qadirdir. Adətən elə inamsızlıq, ümidsizlik və kənardan təzyiqlər anaları körpələrini gərəksiz yerə süni qida ilə qidalandırmağa və ana südündən süni qidaya keçid etməyə sürükləyir. Məhz bu səbəbdən südünün azlığından şikayət edən analara daha çox körpə ilə dəri-dəriyə təmas, özünə və süd istehsal bacarığına inamı bərpa etmək tövsiyə olunur.

Karantin müddətində sosial məsafənin önəmliyi və profilaktikası üçün bir sıra tədbirlər tövsiyə olunur. Bunlara aiddir:

Əlləri tez-tez sabunla yumaq,

Ağız, burun və gözlərə toxunmamaq,

Salfet və ya dirsək büküyünə asqırmaq və öskürmək,

Ehtiyac olmadıqca evdən çıxmamaq,

Məkanları tez-tez havalandırmaq,

Şəxsi əşyaları heç kiminlə paylaşmamaq,

Gündəlik istifadə edilən səthləri dizenfeksiya etmək,

Və əlbəttə ki, sosial məsafəni saxlamaq.

Birincisi “Sosial məsafə dedikdə nələr nəzərdə tutulur?” sualına cavab tapaq.

Sosial məsafə sanitar-epidemioloji bir tədbirdir ki, bu zaman insanların üz-üzə təmasını müəyyən qədər azaltmaq və məsafələri uzatmaq kimi bir məqsəd daşıyır.

Sözsüz ki, sosial məsafə eyni yaşayış məkanını paylaşan sağlam insanlara şamil edilmir. Bu əlbəttə ki, yoluxmuş ananın körpəsi ilə sosial məsafə saxlamasına da şamil edilmir. Bildiyimiz kimi, Covid-19 ilə yoluxmuş ana gigiyena tədbirlərini həyata keçirməklə körpəsini qucağına götürə, onunla eyni otağı paylaşa, əmizdirə və onun gündəlik qayğısına qala bilər. Bunun üçün təmiz əllər və steril maskadan istifadə yetərdir. Yeri gəlmişkən, əllərinizi sabunlayarkən suyu bağlamağı unutmayın.

Karantin dövründə bütün vətəndaşlar kimi istər yoluxmuş ana olsun istərsə də sağlam, eyni evdə yaşadığı insanlardan başqa hamı ilə sosial məsafəni qorumağa çalışmalıdır.

Məlumdur ki, körpənin dünyaya gəlməsi bütün böyük ailənin sevincinə və xoş həyəcanına səbəb olur. Ailənin hər bir üzvü səbrsizliklə körpəni görmək, anaya baş çəkmək və hədiyyələri təmtəraqlı şəkildə təqdim etmək istəyirlər. Lakin yoluxucu xəstəliklər zamanı bunu etmək heç də yaxşı bir fikir deyil. Həm ananın, həm də körpənin sağlamlığını böyük risk altına alına bilər.

Bəzən gənc ailələr heç kimin xətrinə dəyməmək üçün qonaqların və qohumların ziyarətinə məhdudiyyətlər qoya bilmirlər. Lakin ailənin digər üzvləri də müəyyən qədər anlayış nümayiş etdirib, ana və körpəyə baş çəkməyi sosial məsafə tədbiri aradan qaldırıldıqdan və karantin rejimi bitdikdən sonraya saxlamalıdırlar.

Digər tərəfdən ana xüsusən, karantində sosial məsafəni güdməyə çalışarkən tənha və tərk edilmiş hissləri yaşayır. Lakin müasir texnoloji inkişaf artıq bizi virtual məkanda qanad çalıb dünyanın istənilən bucağına uçmağa imkan verir.

Siz hər gün bir və ya bir neçə qohum və dostlarınızla virtual görüşlər və qonaqlıqlar keçirə bilərsiniz. Bunun üçün öncədən virtual görüş vaxtı təyin etmək kifayətdir.

Yaxınlarınız isə öz növbələrində sizə məsafədən hədiyyə alıb, ünvanınıza çatdırılma edə bilər. Hədiyyə qismində hətta ən kiçik sevdiyiniz qida payları və ya camaşırxana xidməti ola bilər.

Unutmayaq ki, karantin müəyyən müddətdən sonra bitəcək və sosial məsafə də onunla birlikdə aradan qaldırılacaqdır. Sadəcə bir qədər səbrli və ehtiyatlı olmağımız gərəkdir.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.