“Əmizdirməyə Üstünlük verin: Davamlı Dəstək Sistemləri Qurun”-2025-ci il Dünya Əmizdirmə Həftəsinin əsas şüarıdır.

Dünya Əmizdirmə Həftəsi nədir və qeyd olunma məqsədi nədir?

Bu hər ilin avqust ayının ilk həftəsində ÜST (WHO), UNİCEF, Səhiyyə Nazirlikləri və dünyanın dörd bir yanındakı əmizdirmə tərəfdaşları tərəfindən qeyd olunan bir həftədir.

Dünya Əmizdirmə Həftəsi ilk dəfə 1992-ci ildə WABA (World Alliance for Breastfeeding Action- Əmizdirmə Fəaliyyəti üzrə Dünya Alyansı) tərəfindən keçirilir. Hazırda isə UNICEF-in dəstəyi ilə 120-dən çox ölkədə qeyd olunur. Dünya əmizdirmə həftəsinin keçirilməsinin əsas məqsədi, ana südünün faydaları haqqında insanları məlumatlandırmaq, əmizdirən analara dəstək olmaq, əmizdirməni cəmiyyət üçün normal bir davranış halına gətirmək, həmçinin əmizdirmənin dünya üçün vacibliyini vurğulamaqdır.

Bu şüarla təşkilat əmizdirmə yalnız fərdi seçim deyil, həm də cəmiyyətin davamlı inkişafı üçün prioritet verilməli olan əsas sağlamlıq və sosial dəstək sahəsi olduğunu bildirir.

Etiraf etmək lazımdır ki, əmizdirmək əslində heç də asan deyil amma doğru dəstək olduqda ana bu prosesi daha rahat keçə bilər. Əmizdirən bir ananın ətrafında ona dəstək olan həyat yoldaşının, ailə üzvlərinin , iş mühitinin, sosial çevrənin olması çox önəmlidir.


Həmçinin,ana əmizdirmə zamanı mütəxəssis köməyinə ehtiyyac hiss etdikdə, ətrafında müraciət edə biləcəyi əmizdirmə məsləhətçisinin olması da çox zəruridir. Çünki, biz əmizdirən anaya dəstək olmaqla həmçinin onun sağlamlığının da qeydinə qalmış oluruq. Araşdırmalar göstərir ki, əmizdirən anaların döş və yumurtalıq xərçəngi, osteoporoz riski əmizdirməyən analara nəzərən daha aşağıdır.

2015-ci ildə Amerikada aparılan 30 araşdırma məqaləsinə əsasən müəyyən olunub ki, əmizdirmədə analara dəstək sayəsində, sağlıq yönündə olan xərclərə milyardlarla dollar qənaət olunub. Bu isə bizə bunu göstərir ki, cəmiyyət olaraq əmizdirməni prioritetləşdirməyimiz ümumilikdə ölkənin rifahı üçün atılmış önəmli bir addımdır.

Həmçinin ana südü ilə qidalanan körpələrin immun sisteminin daha güclü olduğu, süni qidayla qidalanan körpələrin isə daha tez-tez xəstələndiyi artıq çoxumuza məlumdur. Bu da öz növbəsində həmin dövrdə valideynlərin işdən icazə almaq məcburiyyətində qalmasına səbəb olur. Bu hallar birbaşa olmasa da, zamanla ölkənin iş rejiminə, əmək məhsuldarlığına və hətta səhiyyə xərclərinə belə təsir edə bilir.

Həmçinin, əmizdirməni prioritetləşdirərək, planetin qeydinə qalmış olarıq. Çünki, bilirik ki, süni qidayla qidalanma planetimizin ekoloji vəziyyətinə də mənfi təsir göstərir. Bu haqda daha ətraflı əmizdirmə məsləhətçisi Səltənət Zülfüqarovanın 2020-ci il Dünya Əmizdirmə Həftəsi haqqında yazdığı məqaləyə keçid edib oxuya bilərsiniz .

Əmizdirməyə üstünlük vermək, həm sağlamlıq, həm sosial rifah, həm də ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Anaların əmizdirməyə davam edə bilməsi üçün yalnız fərdi motivasiya deyil, cəmiyyətin qurduğu davamlı dəstək sistemləri vacibdir.

Bu ilki Dünya Əmizdirmə Həftəsi bizə bir daha xatırladır ki, əmizdirməyə üstünlük vermək – həm də gələcək nəsillərə sağlam və güclü bir dünya bəxş etməkdir.

Müəllif: Həcər Piriyeva

Ana südü və əmizdirmə məsləhətçisi

Şərh əlavə et

Anasudu.az © 2011 - 2025. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.