Məlumdur ki, vaxtından erkən doğulmuş körpələr adətən əmmə qabiliyyətinə malik olmurlar. Bəzi hallarda belə körpələr yetişkən olmaması və qeyri-stabil vəziyyətlə əlaqədar ilk günlərdə hətta enteral (ağızla) belə qidalana bilmirlər. Qidalanma bərpa olunduqdan sonra isə qida mayesi (ağuz/ana südü) zond ilə verilməyə başlanır. Bu isə ana südünün körpənin ağzının selikli qişası və badamcıqları ilə təmasa imkan vermir.
Ağuz və ana südündə saysız-hesabsız müdafiə faktorlarının olması məlumdur. Bunların körpə orqanizminə daxil olması immunitetin formalaşması və güclənməsi üçün vacibdir. Ağızla qidalanmanın mümkünsüzlüyü hallarında ağuz/ana südünün selikli qişa ilə kontaktını təmin etmək üçün alternativ variant-orofaringeal yeridilmə (ağız-udlaq) üsulu təklif edilmişdir. Bu üsul vaxtından əvvəl doğulmuş körpələrdə bir çox xəstəlik və ağırlaşmaların qarşısını almağın yollarından biridir. Buna həmçinin oral immunoterapiya da deyilir.
Bu üsulla yeridilən çox kiçik miqdarda ağuz südü körpənin mədəsinə düşmür, lakin selikli qişa ilə tamamilə bədənə sovrulur. Bu yolla boğazda yerləşən limfo-eptelial udlaq həlqəsinin (badamcıqların) immun hüceyrələrinin stimulyasiyası baş verir.
Bir sıra müşahidələr göstərir ki, vaxtından əvvəl doğulmuş körpələrin ağız boşluğunun ferment parçalayıcı aktivliyi aşağı olduğuna görə, ağıza damızdırılan ağuz südünün tərkibindəki sitokin və digər qoruyucu hüceyrələr parçalanma təhlükəsinə məruz qalmır. Körpə nə qədər erkən doğularsa, bu fermentlər daha çox yetkinləşməmiş olur. Bu o deməkdir ki, ağıza damızdırılan ağuz südü daha da faydalı ola bilir.
Ağuz/ana südünün körpə orqanizminə yerli və sistem təsirləri var.
Yerli təsirləri: ağuz südü yüksək immunomodulyator maddələrə malikdir. Ağıza daxil olub selikli qişanı müxtəlif bakteriya və virusların təsirindən qoruyur, badamcıqlarda yerli immun hüceyrələri aktivləşdirir.
Sistem təsirləri: aktivləşmiş badamcıq hüceyrələri əsasən də limfositlər qan dövranı və limfa sisteminə keçərək bütün orqanizmə yayılır. Digər immun hüceyrələrlə (limfa düyünləri, bağırsağın limfoid toxuması və s.) qarşılıqlı əlaqədə olur. Belə hüceyrələr müxtəlif müdafiə molekulları-immunoqlobulinlər həmçinin infeksiya əleyhinə təsirə malik sitokinlər sintez edir. Ağuz südünün tərkibində olan sekretor immunoqlobulin, laktoferrin və oliqosaxaridlər həmçinin qan dövranına sovrularaq qoruyucu təsir göstərir.
Bir çox tibbi araşdırmalar göstərir ki, ağuz südünün müntəzəm orofaringeal (ağızdan) yeridilməsi körpənin qanında immunoaktiv maddələrin konsentrasiyasını artırır.
Körpə nə qədər erkən doğularsa, ananın süd vəziləri bir o qədər az yetişkən olur, beləliklə ağuz südü ilə daha çox qoruyucu faktorlar ifraz olunur.
Ağuz südündə immun hüceyrələr, böyümə faktorları, hormonlar, antioksidantlar və s. olduğunu nəzərə alaraq, onların özəllikləri, qarşılıqlı təsiri, dəqiq müdafiə və infeksiya əleyhinə təsir mexanizmi indiyədək tam öyrənilməyib.
Lakin müəyyən olunubdur ki, ağuz südünün orofaringeal yeridilməsi:
Pnevmoniyaların qarşısını alır.
Tam enteral qidalanmaya keçilməni tezləşdirir.
Körpənin stasionarda qalma müddətini azaldır.
Təəssüf ki, araşdırmalarda bunun yalnız erkən dövrdə olan təsirləri öyrənilibdir. Stasionardan sonrakı dövrdə rast gəlinən xəstəliklərə (gecikmiş sepsis, NEK (nekrotik enterokolit) və s.) təsirinin öyrənilməsi sahəsində dəqiq araşdırmalar hələki yoxdur.
Ağuz südünün ağız-udlaq üsulu ilə yeridilməsinin uzunmüddətli effektləri:
Erkən sağılmaya başlanıldığı üçün anada laktasiya tez yoluna düşür.
Müntəzəm sağma ağızla qidalanmaya başlanıldığı zaman körpələrin ana südü almasını təmin edir.
Ana evə yazıldıqdan sonra da əmizdirməyə təşviq edirlir .
Aparılan araşdırmalara əsasən ağuz südünün ağız-udlaq ilə yeridilməsi zamanı körpələrdə desaturasiya, bradikardiya, hipotenziya, aspirasiya və oyanıqlıq kimi hallar müşahidə olunmur. Bundan əlavə, bu metod həmçinin invaziv respirator müalicə alan körpələrdə də aparıla bilər. Əks göstərişləri çox azdır və adətən ananın bəzi infeksion xəstəlikləri və ya körpədə çox nadir irsi mübadilə xəstəlikləridir.
Tövsiyə olunur:
Ağuz südünü əsasən vaxtından əvvəl doğulmuşlara (32-34 həftə) yeridilsin
Maksimal erkən vaxtda (doğumdan sonra ilk 6 saatda və ya ən geci ilk 24 saatda) başlamaq
Müntəzəm yeridilmə (hər 2-3 saatdan bir)
Təzə sağılmış südün (dondurulmamış ) istifadə edilməsi
Xəstəxanadaxili infeksiyaların qarşısını almaq məqsədilə gigiyena qaydalarına əməl olunması
İynəsiz şprislə (1ml-lik) yeridilməsi
Ağuz südü 0,1-0,5 ml həcmində 10 saniyə -2 dəqiqə ərzində yeridilir. Şprisi ağız -udlağa yönəltməklə ilk öncə sağ yanağın iç səthinə, sonra isə şprisi çıxarmadan sol yanağın iç səthinə yeridirik. Ümumi sutkalıq həcm 1,6-2,4 ml-dən artıq olmur, lakin bu həcm körpənin sağlamlığının qeydinə qalmasına bəs edir. Bu məqsədlə istifadə olunan donor südü az uyğundur. Bu həm südün yetişkənliyi ,həm də pasterizasiya zamanı aktiv maddələrin konsentrasiyasının azalmasına görədir (məsələn, bu zaman laktoferrinin konsentrasiyası 88 %- dək azalır).
Ağuz südünü orofaringeal yeridilməsinə vaxtından əvvəl doğulmuşlarda xüsusilə ilk gün və həftələrdə daha çox ehtiyac duyulur. Çünki bu dövrdə ağırlaşmaların baş vermə riski daha yüksək olur.
Müəllif: Günay Əliyeva
Həkim-neonatoloq,
Əmizdirmə məsləhətçisi