Paslanmış boru sindromu
Bəzi yeni doğuş etmiş analar, əmizdirərkən südlərinin rənginin dəyişdiyini görə bilərlər. Süd bəzən açıq qəhvəyi, narıncı, sanki paslı bir borudan axan su rəngində ola bilər. Bu vəziyyətlə rastlaşmaq anaları qorxuda bilər, amma çox zaman bunun səbəbi “Paslanmış Boru Sindromu” adı ilə tanınan zərərsiz və keçici fizioloji bir haldır. Süd sanki paslı borudan axan su rəngini aldığı üçün sindormun adı da belə tanınır.
Paslanmış boru sindromu nədir?
Bu sindrom hamiləliyin son dövrlərində və ya doğuşdan sonrakı ilk günlərdə ağrısız şəkildə döşdən qanlı südün axması ilə özünü göstərir. Qanlı görünüşünə baxmayaraq, bu hal xərçəng və ya infeksiya ilə əlaqəli deyil, fizioloji hal sayılır. Araşdırmalara görə, bu vəziyyət adətən ilk dəfə ana olan qadınlarda müşahidə olunur və öz-özünə 3-7 gün ərzində keçib gedir.
Bu sindromun əsas səbəbi süd vəzlərindəki damarların doğuş öncəsi hormonlara olan reaksiyasıdır. Yəni süd kanalları genişlənərkən xırda kapilyar damarlar kövrəkləşir və az miqdarda qan südə qarışa bilir.
Paslanmış boru sindromunu digər döşdən qan gəlmə səbəblərindən; travmatik qanama, infeksiyaya bağlı (məsələn, mastit zamanı) qanama və ya şiş mənşəli qanaxmalardan fərqləndirmək vacibdir. Bu sindromda ananın vəziyyəti sağlamdır, döşdə hər hansı bir ağrı, qızartı və şişkinlik olmur. Amma yenə də südünüzün rəngi dəyişibsə, ilkin olaraq həkim müayinəsi vacibdir.
Braziliyada aparılmış bir araşdırmada (Deboni və b., 2018) 29 yaşlı ilk dəfə ana olmuş bir qadında doğuşdan dərhal sonra hər iki döşdən ağrısız, tünd qəhvəyi rəngdə qanlı axıntı müşahidə edilmişdir. Müayinə zamanı döşlərdə iltihab, yara, çat və ya şiş əlaməti aşkarlanmamışdır. Ultrasəs müayinəsində yalnız kiçik, zərərsiz kistalar görülüb. Heç bir müalicə aparılmadan, qadın əmizdirməyə davam etmiş və axıntı 2 gün ərzində tədricən azalıb, 3-cü gün tamamilə yox olmuşdur. Tədqiqatdan da gördüyümüz kimi əgər süddə hər hansı rəng dəyişikliyi və ya qanlı axıntı görürüksə, ilkin olaraq həkim müayinəsi şərtdir. Əgər müayinə nəticəsində bütün hallar neqativ nəticələnirsə, bu halda onun səbəbini “Paslanmış Boru Sindromu” olduğunu düşünə bilərik.
Bəzən analar sinələrindən gələn südün qırmızımtıl çalarda və ya çəhrayı rəngdə də ola bilir. Bu zaman nə edəcəklərini bilmirlər- əmizdirməyə davam etməkmi, yoxsa süd normal rənginə qayıdana kimi fasilə verməkmi?
Sindrom adətən 2-6 gün ərzində davam edir və öz-özünə yox olur. Əgər qanlı süd 6 gündən daha çox gəlməyə davam edərsə, qanın miqdarı artarsa və ya bu müddət ərzində ağrı, qızartı, şişlik yaranarsa yenidən həkimə müraciət etmək lazımdır. “Qırmızımtıl və ya çəhrayı ana südü” məqaləmizdə bunun haqqında daha geniş məlumat verilmişdir.
Müəllif: Həcər Piriyeva
Əmizdirmə məsləhətçisi
