Təbiətdə anadangəlmə süd verməyə qabil olmayan qadınla­r cəmi 2,4%, müxtəlif fizioloji səbəblərə görə sonradan laktasiya prosesi pozulan qadınların isə 1 – 5% təşkil etmələrindən asılı olmaya­raq, xüsusən sənayeləşmiş ölkə və şəhər­lər­də statistik göstəricilərə baxmayaraq “südüm yoxdur” yaxud “südüm kəsildi” təzad doğuran məşhur ifadələrdəndir. Bunun başlıca səbəbi obyektiv və subyektiv əsaslara görə kifayət qədər maariflən­məyən gənc ananın özünə inamının az olması nəticəsində bir sıra iqtisadi, sosial, mədəni təsirlərə tez məruz qalmasıdır. Əksinə, süd əmizdirmə­yin həyat tərzinin təbii tərkib hissəsi olduğu, bu sahədəki təcrübənin nəsildən – nəsilə ötürüldüyü və yüksək qiymətləndirildiyi cəmiyyətlərdə isə hətta ana, yaxud uşağın səhhətində nasazlıqlar olduğu halda belə laktasiya prosesi uğurla həyata keçirilir.

İlk dövrlərdə əmizdirməklə bağlı bəzi çətinliklər meydana çıxa bilər. Bu çətinliklərdən ilkini doğuşdan dərhal sonra südünün aşıb – daşacağını güman edən kifayət qədər bilik və təcrübəyə malik olmayan gənc ana yaşamağa başlayır. Nəticədə, körpəsinin ac qalmasından qorxaraq yaxşı halda “südü gələnə­dək”, pis halda isə tamamilə süni qidalardan istifadə etməyə başla­yır. Əslində isə bilmək lazımdır ki, yetişmiş laktasiya əksər qadın­lar­da doğuşun 3 – 5 -ci günündən sonra bərpa olunur. Bu vaxta qə­dər­sə Uca Allahın hikməti sayəsində döşdən hələ hamiləlik dövrün­dən gənc anaya tanış olan, tərkib etibarilə uşağın bütün ömürlük immunitetinin təməlini qoyan süddən daha qidalı, miqdarca isə daha az olması­na baxmayaraq, 3 – 5 günlük körpə­nin  bütün tələbat­larını tam şəkildə ödəməyə qabil olan  və bağırsağı südün mənimsənilməsinə hazırlayan “bulama” adlanan ağımtıl-şəffaf qatı konsentrasiyaya malik olan maye gəlir. Bu dövrdə anadan tələb olunan panikanı, əsassız qorxunu bir tərəfə ataraq, kənar təsirlərə fikir vermədən,  bütün alterna­tiv qidalandırma formalarından imtina edərək, səbr və təmkinlə uşağı təbii şəkildə əmizdirməkdir.

Yetişmiş laktasiya bərpa olduqdan sonra isə növbəti çətinlik meydana çıxır: orqanizmin fərdi quruluşundan, irsi xüsusiyyətlərdən, habelə doğuş prosesinin tam şəkildə təbii formada aparılmamasından irəli gələrək bir qisim qadınlarda süd döşlərə sürətlə, digərlərində isə tədricən, zəif tempdə gəlir. Nəticədə birinci qrup qadınlarda qan dövranı birdən – birə çoxaldığından, habelə yüksək təzyiqlə axan süd dərinin müqaviməti ilə qarşılaşdığından bədən hərarəti 38 – 390 C-yə qədər artır ki, buna da xalq arasında “süd qızdırması” deyilir. Beləliklə, bərkimiş  döş­dən uşağın süd əmməsi çətinləşir, bu da onsuz da yeni həyat tempinə öyrəşmə mərhələsində olan gənc ananın əsəblərində əks olunur.

İkinci qism qadınlar isə zəif templə gələn südün kəsilməsinin labüdlüyünə özlərini kök­ləyə­­rək ümidsizləşirlər.

Təsadüf olunan problemlərdən digəri isə ilk dövrlərdə körpənin süd əmərkən ağlaması, narahatlığıdır. Bu halda biliksiz ana südünün az olduğunu düşünərək yenidən alternativ qida şüşəsinə əl atır.

Doğuşdan 3 – 4 ay keçdikdən sonra qadın     orqanizminin yeni hormonal mərhələyə keçməsi ilə əlaqədar olaraq bəzi  analarda südün həcminin azalması müşahidə olunur. Bu da əmizdirməyə dair kifayət qədər biliyə malik olmayan anada yeni çətinliklərin meydana çıxmasına zəmin hazırlayır.

Bütün bu çətinlikləri səhv addım atmadan dəf etmək üçün hər bir ana ilk əvvəl laktasiya prose­si­­nin necə formalaşmasına dair biliyə və müsəlman qadına Allah tərəfindən bəxş edilən analıq məsuliyyətinə malik olmalıdır. Əgər birinci xüsusiyyət kənar təsirlərə məruz qalmaqdan və təşvişə düşməkdən xilas edirsə, ikincisi əmizdirmə prosesində qarşıya çıxa biləcək çətinliklərə qarşı əzm yaradır.

Bilmək lazımdır ki, uğurlu laktasiyanın həyata keçməsindən iki hormon – proklatin və oksitosin məsuldur: körpə əmdikcə döşdəki xüsusi sinirlər beyinə siqnal ötürür, nəticədə isə proklatin və oksitosin hormonları  əmələ gəlir. Bu hormonlardan birincisi lazımi miqdarda südün istehsal edilməsinə, ikincisi isə həmin südün döşdən ifraz edilməsinə cavabdehdir. Beləliklə, aydın olur ki, südün həcminin çoxalması və yaxud azalmasının səbəbi olduqca sadədir: uşağın döş əmməsi. Bu halda südün həcmi artmaqla yanaşı, döş giləsində yerləşən məsamə və kanallar da genişlənir, nəticədə körpənin südü sorub çıxarması daha da asanlaşır.  Məhz bu səbəbdən rejim üsulu ilə yox, körpənin təbii tələb və çağırışlarına əsasən əmizdirmək, ona Uca Allah tərəfindən qoyulmuş fitrətə etibar etmək olduqca vacibdir. Xüsusən proklatinin həcminin artdığı gecə saatlarında uşağın əmizdirilməsi mühümdür. Bütün bu şərtlərə riayət edildiyi halda süd heç vaxt uşağa lazım olduğundan nə az, nə də çox olacaq­dır. Əmərkən süd axarları açılmaqla yanaşı, körpənin damağı da möhkəmlənir. Bu da balacanın inkişa­fının növbəti mərhələsində, 6 – 9-cu aydan sonra əlavə qidanın az sayda dişlə belə yaxşı çeynənmə­sini, həzmini asanlaşdırır.

Laktasiyaya qismən təsir edən ikinci dərəcəli amillərə ananın düzgün qidalanmasını və kifayət qədər maye qəbulunu, əsəbləş­mə­məyi, mümkün olduğu qədər yatmasını və istirahət etməsini, təmiz havada gəzintisini də misal göstərmək olar. Lakin  müxtə­lif səbəblərdən bu ikinci dərəcəli amilləri həyata keçirmək mümkün olmadığı hallarda belə təkcə uşağın hər çağırışına görə əmizdirilməsinə riayət etmək öz – özlüyündə artıq süd vermənin uğurla həyata keçirilməsi üçün kifayət səbəbdir.

Müəllif: Həcər Abbasova

Mənbə: “İlahi nemət-ana südü” kitabı

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.