Əmizdirən analar tez-tez ətrafdakılardan müxtəlif növ məsləhətlər eşidirlər. Bu məsləhətlər arasında doğru olan və kömək edənlərı varsa da, heç bir elmi və məntiqi əsası olmayan cəfəngiyatlar da mövcuddur. Bu cür çaşdırıcı məsləhətlər nəinki anaların əsəblərini tarıma çəkir üstəlik əmizdirmə prosesinə ciddi zərər yetirir. Təəssüflər olsun ki, əksər elmi-tibbi-məntiqi əsassız “məsləhətlərin” az sayı qohum-qonşu, ana-qaynana, bacı-rəfiqə tərəfindən verilsə də, böyük əksəriyyəti tibbi işçilər, xüsusən tibb bacıları və pediatr-həkimlər tərəfindən verilir. Analara dəstək göstərən sosial şəbəkə qrupunda əmizdirən anaların dilindən eşitdiyimiz ən ağlasığmaz və gülməli əmizdirmə cəfəngiyatları seçərək təqdim edirik.

“İndiki zamanda və bu dövrümüzdəki ərzaqlarla anada faydalı süd olmaz. Elə ən yaxşısı süni qidadır.” Arzu

“Ana isti nə isə yeyəndə və ya içəndə körpənin ağzı yana bilər.” Günel

“Dondurma yemək olmaz çünki, körpənin boğazı gələ bilər.” Jalə

“Hamilə qadının südü murdar olur və mütləq şəkildə əmizdirməni dayandırmalıdır.” Səringül

“Süd döşdə qalıb köhnəlir və hətta qıcqırır.” Mehbarə

“Uşaq döşü ağzından çıxarandan sonra təkrar həmin döşü təklif etmək olmaz.” Tünzalə

“Körpənin bir yaşı tamam olandan sonra ananın südünün bütün faydası yox olur. Uşağı süddən kəsmək lazımdır.” Nigar

” Ana südünü soyuducuda saxlamaq olmaz çünki, soyuducuda bütün vitaminləri məhv olur.” Leyla

“Hər əmizdirmədən sonra döşü və gilələri yumaq lazımdır.” Gülər

“Südün yetərincə yağlı-duzlu deyil, elə ona görə də uşağın arıqdır.” Zəminə

“Uşaq süd əməndən sonra yuxuya gedirsə, deməli doymur, sadəcə yorulub yatır və ac qalır.” Aysel

“Əgər ananın qızdırması olan halda uşağını əmizdirərsə qızdırma uşağa da keçə bilər.” Samirə

“Aybaşı vaxtı uşaq əmizdirmək olmaz, çünki, bu vaxt ana südü murdardır.” Leyla

“Əgər ananın südü su kimidir və açıq rəngdədirsə, demək ki, keyfiyyətsizdir.” Günel

“Əgər ananın döşü kiçikdirsə deməli elə südü də döşünün ölçüsünə görə az olacaq.” Əsmər

“Yayda uşağı ana südü ilə əmizdirmək olmaz.” Tünzalə

“Ananın südü olsun deyə süd içmək və qatılaşdırılmış süd yemək lazımdır.” Çinarə

Xoşbəxtlikdən analar yuxarıda verilən “məsləhətlərə” əhəmiyyət vermədiklərinə görə əmizdirməni müvəffəqiyyətlə davam etməyi bacarmışdırlar. Sizin də eşitdiyiniz “maraqlı”, lətifə qədər gülməli ana südü məsləhətləriniz varsa, məqalənin sonunda şərh olaraq bizə bildirin.

Hazırladı: anasüdü.az

1 Comment

  • zibeyde
    Posted 20 Mart 2017 1:37 0Likes

    En agilasigmazi menim basima gelib)))) mene qaynanam demisdi ki usaga inek südü ver ana südünden yaxsidi…hele de dehşet icindeyem…

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.