Süddən ayırma nə deməkdir? Süddən ayırma – körpənin həm qidalanma, həm də sakitləşmə vasitəsi kimi döşdən tədricən asılılığının azalması prosesidir. Bu körpənin müstəqilliyə doğru ilk addımı və tam yetkinlik dövrünə çatana qədər keçməli olduğu böyük bir yolun başlanğıcıdır. Fizioloji planda süddən ayrılma prosesi sizin körpəyə fərqli, bütün ailənin yediyi yemək- əlavə bərk qida ilə tanış etdikdə başlayır. Süddən ayırma körpə döş əmməni bitirdikdə başa çatır. Süddən ayırma prosesini şərti olaraq 4 mərhələyə ayırmaq olar:

1. Siz körpəni fərqli qidaya ehtiyac duymağa başlamazdan əvvəl tanış edirsiniz (əlavə qida ilə tanışlıq və ya uyğunlaşma dövrü).
2. Ana südü artıq körpənin ehtiyaclarını tam ödəmədikdə, onu fərqli qida ilə qidalandırmağa başlayırsınız (energetik əlavə qida dövrü).
3. Körpə bütövlükdə ümumi süfrə arxasında qidalanır, nadir hallarda (gündə 1-2 dəfə və ya günaşırı) süd əmir.
4. Siz körpəni tamamilə süddən ayırırsınız.

Hər bir mərhələ fərqli davamlılığa malik ola bilər – bir neçə həftə, ay və hətta il. Əgər körpəni təcili şəkildə süddən ayıırmaq zəruridirsə, bəzən mərhələlərin ardıcıllığı dəyişə bilər. Süddən tədricən ayırmanı körpələrin əksəriyyəti çox asanlıqla qəbul edir, lakin bəziləri süd əmməyi o qədər sevir ki, əmizdirmə prosesi analarının düşündüyündən daha çox çəkir.
Bəzən də elə olur ki, körpəni süddən ayırmaq, körpənin özündən çox anaya çətin olur. Südəmizdirmə prosesinin başa çatması, çətin emosional hislər və təəssüratlara səbəb olur: Körpənin südə olan ehtiyaclarından azadolma hissi və rahatlığı ilə birlikdə, bütün əmizdirmə prosesi boyunca sizi və körpənizi birləşdirən həmin unikal təmasın itirilməsindən kədərlənə bilərsiz. Lakin, eyni zamanda həyatınızda körpənizlə münasibətlərin fərqli qurulacağı digər bir mərhələnin başlandığını bilmək və anlamaq vacibdir.

Adətən biz süddən ayırma zamanı aşağıdakı ardıcıllığı təklif edirik:
1. Körpə oyaq olduğu zaman, yuxu ilə və ya hər hansı bir fövqəladə hadisə ilə əlaqəli olmayan əmizdirmələri dayandırırıq.
2. Günorta və gecə yuxusundan oyananda süd yeməməyi öyrənirik.
3. Günorta və daha sonra gecə yuxusuna süd əmmədən getməyi öyrənirik.
4. Yuxu zamanı süd əmizdirmələri dayandırırıq
Bu addımların ardıcıllığı hər cütlüyə görə dəyişə bilər, lakin ümumi bir qayda var – tələsməyin, qoyun hər yeni addım vərdişə çevrilsin.

Süddən “yumşaq” şəkildə ayırmağa kömək edən daha bir neçə məsləhət:

  • körpə ilə onu harda əmizdirəcəyinizi razılaşdırın. Məsələn, ancaq evdə, gəzməkdə və restoranda isə yox.
  • süd əmizdirmələrin müddətini azaldın
  • adəti süd əmizdirmə qrafikini pozun. Məsələn gəzməyə gedin, qonaq çağırın.
  • körpənin süd istəyəcəyini əvvəlcədən bilib təşəbbüsü əlinizə alın, ümumi masa arxasında yemək yeməyi təklif edin
  • adətən körpəni əmizdirdiyiniz yerə lazımsız getməyin, əgər körpəni hər hansı bir kürsüdə əmizdirməyə vərdiş etmisinizsə, o kürsünü yığışdırın.
  • körpənin qarşısında oturmayın, süddən ayırdığınız ilk həftələrdə daha çox hərəkət etməyə çalışın: çünki “stasionar ana” körpədə süd əmizdirmə təəssüratları oyadır!
  • körpənin qarşısında sinənizi açmayın.
  • körpənin sevdiyi insanlardan dəstək alın, onları körpənin qayğısına qalmaları üçün işə cəlb edin.
  • körpə ilə səmizdirmə barədə böyük bir hadisə imiş kimi söhbət edin, süddən ayırmanı özəl bir günə, bayrama təyin edin və yeni “son əmizdirmə bayramı” günü düzəldin, hədiyyələr hazırlayın
  • körpə süd əmmək istədikdə, onun fikrini yayındırın və ya süd əmməyi sonraya saxlamağı xahiş edin
  • aşağıdakı xüsusi hallarda körpəyə döş verməyə davam edin: əgər o əzilibsə, qorxubsa, xəstədirsə, yorulubsa, güclü emosional gərginlik keçiribsə (məsələn, həkimə gedərkən).
  • psixoloji cəhətdən zədələyici üsullardan istifadə etməyin: məsələn, döş gilələrinə istiot, rəng, pis dadlı məlhəm, his və s. Körpə sizə olan inamını itirə bilər.

Səbr və ardıcıllıq uğurun açarıdır. Körpə ilə razılaşdırılmayan məqamlar prosesi ləngidə bilər.Bir neçə gün (2 həftəyə qədər) gözləyin və daha bir münasib gün seçərək əmizdirmələrin sayını azaltmaq üçün o gündən istifadə edin.

Müəllif: Olqa Evtux
Tərcümə: Xumar Ərşadlı
Mənbə: www.mama-city.ru

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.