Körpə döşlə doymur
Körpənin döşlə əmizdirilərkən doymaması bir sıra hallarda izlənilə bilər. Bunun bir neçə səbəblərinin olması mümkündür. Həmin səbəbləri aydınlaşdırmaq üçün körpənin doymamasına 3 fərqli bucaqdan baxmaq lazımdır: ana, körpə və əmizdirmənin təşkili.
Körpənin döşlə əmizdirilərkən doymamasının səbəbi ANA ola bilər:
- Ananın döş və gilələrinin anatomik özəlliyi
- Anada müəyyən növ xəstəliklər
Körpənin döşlə əmizdirilərkən doymamasının səbəbi KÖRPƏ ola bilər:
- Körpənin əmməsinin və ağzının anatomik özləlliyi
- Körpədə patoloji hallar və xəstəliklər
- Körpənin döşdən imtinası
Körpənin döşlə əmizdirilərkən doymamasının səbəbi yalnış ƏMİZDİRMƏ ola bilər:
- Qida rejiminin tətbiq edilməsi
- Körpəyə döşdə yalnış mövqenin tətbiq edilməsi
Qida çatışmazlığı ciddi məsələ olduğundan körpənin normal çəki yığmaması və çəkidə geriləməsi kifayət qədər ətraflı araşdırılmalı və alt səbəblər üzə çıxarılmalıdır. Mütəxəssis körpənin çəkisinin xüsusən ilk həftələrdə sağlam hədlər çərçivəsində nəzərə almalı və valideyn ilə birlikdə çəkiyə nəzarəti gücləndirməlidir. Bütün ölçü vahidləri araşdırıldıqdan sonra körpənin ciddi səbəblər üzündən çəki yığmaması və çəkidə geriləməsi halları mövcuddursa, təcili addımlar atılmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatının körpənin doymaması halında addım-addım tövsiyyələri vardır:
- Körpənin döşlə əmizdirmələrinə korreksiya verilməli, əmizdirmə düzgün təşkil edilməli və ən əsası əmizdirmələrin sayının artırılması gərəkdir.
- Əgər əmizdirmənin düzgün təşkili fonunda körpə yenə də lazımi qədər süd almırsa, anaya birbaşa döşdən əmizdirmələrə əlavə olaraq südünü sağmaq lazımdır. Körpələrə sağılmış südü kiçik fincan və ya kiçik qaşıqla vermək tövsiyə edilir. Bunun üçün videoları izləyin.
- Əgər yuxarıda sadalanan hallar lazımi təsiri vermirsə, bu halda Ümumdünya Səhiyyə Təşkilatı donor südündən istifadə etməyi tövsiyə edir. Xatırlatmaq lazımdır ki, donor südündən və ya süd anasından istifadə etdikdə mütləq süd qohumluğu və dini etik qaydalar nəzərə alınsın.
- Əgər körpənin müstəsna ana südü ilə qidalandırmaq cəhdlərinin hamısı boşa çıxarsa, yalnız sonuncu və zəruri addım olaraq süni qidadan istifadəyə başlamaq məqsədə uyğundur.
Qeyd edək ki, peşəkar ana südü və əmizdirmə məsləhətçiləri kor-koranə və aqressiv şəkildə süni qidanın əleyhinə deyillər. Tam əksinə süni qidadan müəyyən olunmuş hallarda faydalanmağı öyrədir və ondan düzgün istifadə etməyə çağırırlar. Peşəkar ana südü və əmizdirmə məsləhətçiləri valideynlərə süni qidanın zəruri hallarda istifadəsini, ana südünün üstünlüklərini, süni qidanın təhlükəsini məlumatlandırılmış halda seçim etməyi izah edirlər. Bu, ana südü və əmizdirmə məsləhətçilərinin iş miqyasına və səriştəsinə daxil olan bir məsələdir. Süni qidadan kor-koranə imtina etmək, onu kor-koranə istifadə qədər təhlükəli ola bilər. Bunların heç biri savadlı və fərqindəli seçimdən irəli gəlmir. Süni qidanı ana südündən üstün tutmaq da, zərurət hallarında onu “zəhər” kimi qələmə vermək qədər yalnışdır. Müstəsna ana südü ilə qidalandırmaq mümkün olmadığı hallarda süni qida zərurət və fövqəladə halların seçiminə çevrilir.
Beynəlxalq ana südü mütəxəssisləri tərəfindən istifadə və tövsiyə olunan körpənin ana südü istehlakını düzgün şəkildə hesablamağa imkan verən kalkulyatoru nəzərinizə çatdırmaq istəyirik. Bunun üçün “Ana südünün istehlakı üçün kalkulyator” adlı məqaləmizə keçid etməyi tövsiyə edirik. Uşağın çəkisini artırmaq üçün tələb olunan əlavə qidalanmanın hesablanmasının daha ətraflı izahına da nəzər yetirək. Əmizdirmə məsləhətçisi Tatyana Kondraşova məqaləsində körpəyə tələb olunan, çatışmayan ana südü və ya süni qidanın miqdarını təyin etmək üçün düzgün hesablamaların aparılması yollarını qeyd edir:
4 aydan kiçik uşaqlar üçün əlavə qidalanmanın hesablanması cədvəli. Hədəf həftədə orta hesabla 198 qram çəki artımıdır:
| Həftəlik artım | 170qr | 142qr | 113qr | 85qr | 57qr | 28qr | 0qr |
| Həftəlik artım çatışmazlığı | 28qr | 57qr | 85qr | 113qr | 142qr | 170qr | 198qr |
| Əlavə qidalanmanın gündəlik tələb olunan həcmi | 60ml | 120ml | 180ml | 240ml | 300ml | 360ml | 420ml |
Uşaq bezinin çəkisi sağılan və ana südünün həcminin durmadan artdığını, körpənin çəkisinin doğum çəkisini keçdiyini göstərdikdən sonra aşağıdakılara diqqət yetirə bilərsiniz:
Ana südü istehlakının həcmi
| Körpənin yaşı | 1 qidalanma üçün südün həcmi | Südün sutkalıq həcmi |
| 4-7 gün | 30-59 ml | 300-600 ml |
| 2 və 3 həftəlik | 59-89ml | 450-750 ml |
| 1-6 ay | 89-148 ml | 750-1035 ml |
Körpənin döşlə doymaması problemini ailələrə bu sahənin mütəxəssisləri ilə yoluna qoymağı tövsiyə edirik. Körpənin çəki artımına pediatr, ana südünün adekvat artımına və əmizdirmənin səmərəli təşkilinə isə ana südü və əmizdirmə məsləhətçiləri nəzarət etmələri gərəkdir. Bu mövzuda ailələrə dəstək göstərmək, körpəni lazımi miqdar süd ilə təmin etmək səriştə və məsuliyyət tələb edir.
Müəllif: Səltənət Zülfüqarova