“Ər-rıda`” kəliməsinin lüğəvi mənası- döşdən süd çıxarmaq üçün onun əmilməsidir. Ancaq şəriətdə bu daha geniş məfhumdur; ümumiyyətlə ana südünün uşağa çatmasıdır. İstər bilavasitə əmmək yolu ilə, istər əmzik vasitəsi ilə, istərsə də, adi qabla. Çox nadir hallarda hər hansı bir şeyin şəri mənası lüğəvi mənasından əhatəli olur. Ancaq buna rast gəlinir. Məsələn, “iman” sözünün lüğəvi mənası “təsdiq”dir. Lakin şəriətdə iman məfhumuna təsdiq, söz və əməl daxildir.
Əmizdirmə Allahın (Azzə və Cəllə) rəhməti və hikmətidir. Uşaq ana bətnində olarkən göbək vasitəsi ilə qanla qidalanır. Ana bətnindən aralandıqdan sonra yeyib-içə bilməyən aciz körpə üçün Allah (Azzə və Cəllə) anasının sinəsindən asılmış iki qab yaradıb və Allah məhz sinəni seçib. Çünki əvvəllər onu əhatə edən dünyaya və səsini eşitməyə alışdığı qəlbə ən yaxın yerdır. Allah (Azzə və Cəllə) bu örtülü qabda olan südü, əmzikli şüşəyə yığılan süni qidadan fərqli edib, onu sinirlər, ət və piy arasında toplayıbdır. Bütün bunlar ananın rahatlığı üçündür.
Allah (Azzə və Cəllə) onu bir yox, bir –neçə deşikdən çıxarıb ki, sürətlə gələn süd səbəbilə uşaq boğulub ölməsin. Bütün bunlar Allahın (Azzə və Cəllə) hikmətinə dəlalət edir. Bu səbəblə körpəni yad qidalarla bəsləmək ədalətdən sayılmaz. Bütün təbiblər də ittifaq edirlər ki, körpə üçün ana südü bütün digər qidalardan daha üstündür. Bu Allahın (Azzə və Cəllə) “mizanıdır”. Qadının üzərinə düşən isə, övladına iki il süd verməkdir. Allah (Azzə və Cəllə) Quranda bu barədə buyurub:
وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ ◊ لِمَنْ أَرَادَ أَنْ يُتِمَّ الرَّضَاعَةَ
Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirməni tamamlamaq istəyənlər üçündür. (əl-Bəqara; 233)
Əmizdirmə ilə ortaq qohumluqlar meydana gəlir və bəzi münasibətlərə məhdudiyyət qoyulur. Qohumluğa səbəb olduğu məsələlər barədə müəllif belə deyir:
“Qohumluqla haram olan ,əmizdirməklə də haram olur”.(yəni evlənmək haram olur, məhrəm olur)
Bu cümlə Rasulullahın (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) hədisindən götürüldüyünə görə dəlil sayılır. Qohumluqla və hədisdən aydın olduğuna görə əmizdirməklə haram olanların kimliyi və sayı Allahın (Azzə və Cəllə) ayəsində belə vurğulanır:
حُرِّمَتْعَلَيْكُمْأُمَّهَاتُكُمْوَبَنَاتُكُمْوَأَخَوَاتُكُمْوَعَمَّاتُكُمْوَخَالَاتُكُمْوَبَنَاتُالْأَخِوَبَنَاتُالْأُخْتِ
Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları haram edildi. (Ən-Nisa;23)
Beləliklə, qohumluqla haram olan bu yeddi nəfər əmizdirməklə də haram olur.
Yəni insana süd anası, süd qızı, süd bacısı, süd bibisi, süd xalası , süd bacısının qızı, süd qardaşının qızı məhrəm olur. Səndən əmizdirmə məsələsi haqqında soruşulduqda özünə əziyyət vermədən əmənlə əmizdirənə bax və nəticə çıxart ki, sözü keçən insanın qohumluğu bu fərdlərdən hansı birinə uyğundur: analıq, övladlıq, qardaşlıq, əmilik və dayılıq. Hədisdən və ayətdən belə hökm çıxır.
Əmizdirmədə 3 əsas tərəf var: süd anası, əmən uşaq və südün sahibi (ər və ya qadın kölədirsə, ağası). Bunların da hər birinin əsli (kökü), qolları ( törəmələri) və haşiyələri var. Süd verən ananın əsli (kökü) – ataları, anaları (doğma, ögey və süd valideynləri) və onlardan da yaşlı olanlardır (nənələri və babaları). Qolları (törəmələri) – qızları, oğulları və onlardan aşağı olanlardır (nəvə, nəticə və s.), haşiyələri isə – qardaşları, əmiləri və dayılarıdır. Eləcə də süd sahibinin və əmən körpənin bu cür əsli, qolları və haşiyələri var. Lakin süd anasından və südün sahibindən fərqli olaraq, süd əmən körpənin əsli və haşiyələri süd qohumluğundan təsirlənmir. Yalnız qolları (ondan törəyənlər) təsirlənir. Bu cür bölgü süd qohumluğuna kimlərin daxil olduğunu müəyyən etməyi asanlaşdırır.