Bağla

Qızdırma və əmizdirmə

“Qızdırmalı vəziyyətdə əmizdirmə!” məsləhətini eşidərək çox vaxt analar belə hallarda əmizdirməni dayandırır və ya südünü sağaraq atırlar. Bu barədə cəmiyyətimizdə ciddi maarifləndirməyə ehtiyac var. Ümid edirəm ki, yazını oxuyan anaların ağlında bu mövzu ilə bağlı sual qalmayacaq.

İlk öncə “Əmizdirmə dövründə anada qızdırma hansı hallarda ola bilər?” sualına cavab tapaq. Çünki, biz bilirik ki, əmizdirən analarda döşdəki dolğunluqmastit səbəbilə qızdırmalı olma halları digər vaxtlara nəzərən daha çox rastlanır. Başqa hansı hallarda biz analarda qızdırmaya rast gələ bilərik və həmin bu hallarda ana əmizdirə bilərmi?

  1. Mastit (süd vəzi iltihabı) – əmizdirmə dövründə ən çox rast gəlinən səbəblərdəndir.
  2. Laktostaz – süd kanallarında dolğunluq vaxtında müdaxilə olunmazsa, qızdırmaya və mastitə səbəb ola bilər.
  3. Doğuşsonrası infeksiyalar – doğuşdan sonrakı ilk 10 gün ərzində inkişaf edə bilən bakterial infeksiyalardır.
  4. Qrip və digər respirator infeksiyalar – qrip, soyuqdəymə və digər yuxarı tənəffüs yolu infeksiyaları zamanı anada qızdırma ola bilər.

Mastit

Son aparılan tədqiqatlar bizə göstərir ki, mastitə əmizdirən analarda 2.5%-20% hallarda rastlanır. Əlamətləri arasında döşdə qızartı, ağrı, istiliyin artması, həmçinin qızdırma və ümumi halsızlıq yer alır. Yaranma səbəblərinə adətən, çatlamış döş gilələri, südün tam boşaldılmaması və körpənin məməni düzgün qavramaması və.s daxildir.

2008-ci ildə American Family Physician jurnalında qeyd olunur ki, mastit zamanı əmizdirmə dayandırılmamalıdır. Əksinə, əmizdirməyə davam etmək süd tıxanıqlığını azaldır, infeksiyanın yayılmasının qarşısını alır və süd istehsalını qoruyur. Əgər simptoların davamı bakterial infeksiyanı düşündürürsə, anti-biotik istifadəsinə başlanıla bilər və ya mastit absesə çevrildiyi zaman cərrahi müdaxilə lazım ola bilər. Əmizdirməyə uyğun olan anti-biotik preparatın təyin edilməsi mümkündür. Əmizdirməyə əks göstəriş olub-olmamasını bilmək üçün dərmanların araşdırılması haqda Dərmanlardan istifadə qaydaları məqaləmizi oxuyun. Dərman əmizdirmə ilə uyğunluq təşkil etmirsə, müvəqqəti olaraq əmizdirmə dayandırıla bilər, təbii ki, məməni boşaltmağa davam etmək vacibdir.

Laktostaz

Laktostaz süd kanallarının birində və ya bir neçəsində axının tıxanması nəticəsində döşdə sərtlik və ağırlıq hissi yaranmasıdır. Bu zaman qızdırma ola da bilər, olmaya da. Laktostaz zamanı döş mütləq əmizdirmə və ya sağım yolu ilə boşaldılmalıdır, boşaldılmazsa, vəziyyət mastitə çevrilə bilər. Ona görə də, laktostaz zamanı əmizdirməyə davam etmək vacibdir.

Doğuşsonrası infeksiyalar

Doğuşsonrası infeksiyalar doğuşdan sonrakı 10 gün ərzində ortaya çıxa bilən, çox vaxt bakterial mənşəli olan infeksiyalardır. Yaranma səbəbləri arasında endometrit (plasentanın tam ayrılmaması və ya infeksiyanın daxil olması), çapıq və ya tikişdə yaranan infeksiyalar (qeysəriyyə və ya epizyotomiya zamanı), sidik yollarının infeksiyası (kateter istifadəsi və ya doğuş sonrası sidik ifrazında çətinlik) ola bilir. Postpartum infeksiya zamanı belə, əksər hallarda ana əmizdirməni davam edə bilər. Əgər anaya antibiotik lazımdırsa, çox vaxt ana südü ilə uyğun gələn antibiotiklər seçilir. Yalnız nadir hallarda, istifadə edilən dərman süd üçün uyğun deyilsə, əmizdirmə müvəqqəti dayandırıla bilər.

Qrip və digər respirator infeksiyalar

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) rəsmi məlumatına görə, ana qrip olsa belə əmizdirməyə davam etməlidir. Çünki, ana virus daşıyıcısı olduğu zaman, südün tərkibi daha çox anti-cisimlərlə zəngin olur və körpəni maksimum infeksiyadan qorumağa yönəlir. Təbii ki, əmizdirərkən əllərin yuyulması, maska istifadəsi kimi sadə gigiyena qaydalarına əməl etmək vacibdir. Əmizdirmə gigiyenası haqqında ətraflı məqaləmizdə oxuya bilərsiniz.

Əgər ana çox halsızdırsa və əmizdirə biləcək taqəti yoxdursa, yaxşı olar ki, ananın südü sağılıb körpəyə verilsin. Bu həm ananın süd istehsalını qorumağa kömək edəcək, həm ananı yarana biləcək kanal tıxanıqlığından qoruyacaq, həm də körpənin qidasını təmin edəcək. Bəzən qrip zamanı süd miqdarı azala bilər; bu halda əmizdirmə məsləhətçisinin dəstəyi ilə süd istehsalının davamlılığını qorumağa çalışa bilərsiniz.

Xülasə, görürük ki, hər bir halda ana südü körpəyə qoruyucu təsir göstərir. Əksər qızdırmalı hallarda da əmizdirməyə davam etmək tövsiyyə olunur. Doğuşsonrası ananın bədəni hələ zəifdir, infeksiyalara qarşı həssasdır və artıq məsuliyyəti yalnız öz bədəni deyil, həm də körpəsi üçündür. Doğuşsonrası da ananın optimal qidalanma, yuxu və ruh halı eyni qayğı ilə təmin olunmalıdır.

Müəllif: Həcər Piriyeva

Əmizdirmə məsləhətçisi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram